Tanınmış filioloq alim, muğam irsimizin və mədəniyyət tariximizin tanınmış tədqiqatşıların biri Gülhüseyn Kazımovun sağlamlığında ciddi problemlər yaranıb.

O, Bakıdakı xəstəxanaların birində bahalı müalicə alır. Amma xəstəliyin anatomiyası elədir ki, o, bütün tibbi xərcləri  mədəniyyət və muğam təqdqiqatçısı kimi aldığı məvacib və təqaüdlə  qarşılaya bilməz.

***

 Az əvvəl telefon açdım. Səhhətini xəbər aldım. Neçə gün əvvəl isə xəstələnməsini facebook-dan öyrənmiş, ona Allahdan şəfa və dözüm arzulamışdım. Və yazmışdım ki, möhkəm olun, Şuşadakı İsa bulağı, Cəbrayıldakı Xan çinarlar, bir də Kəlbəcərdəki İsti Su Sizi gözləyir.

Təbii ki, arzu ruh verən ilahi qidadır, amma bu gün halını-əhvalını xəbər alandan sonra anladım ki, indi Gülhüseyn Kazımova sağlıq arzularımızdan daha çox maddi-tibbi dəstəyimiz lazımdır.

 Söhbətimizdən məlum oldu ki, o, müntəzəm olaraq 1800 manatlıq seanslardan keçməlidir. Artıq bir neçəsini yola verib. Amma bundan sonra təkcə dostlarının deyil, həm də dövlətimizin aidiyyəti fondlarının maddi dəstəyi mütləqdir. Axı Gülhüseyn müəllim muğamımızın yorulmaz tədqiqatçısı kimi mədəniyyətimizə, xalqımızın musiqi ruhuna təzəlik gətirən, paklıq ərməğan edən bir sahəyə xidmət edir. İndi onun da xalqın və dövlətin diqqətinə ehtiyacı var.

***

 Bu sətirləri yazarkən Gülhüseyn Kazımovun Facebook səhifəsinə yenidən göz gəzdirdim.Bu anadək 761 dostu onun statusunu sağlamlıq arzulu layk edib, 893 nəfər isə şərh yazıb, ona arzularını bildirib. Arzularını yazanlar sırasında Azərbaycanın tanınmış ziyalıları yetərincədir. Bu sırada Xalq artisti, görkəmli muğam ifaçısı, “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimovun, eləcə də mədəniyyətimizin keçiyində duran fədakarların-Siyavuş Kəriminin, Ənvər Sadıqovun və başqalarının da adına rast gəldim. Onların  Gülhüseyn Kazımova səmimi sağlamlıq arzularını oxuyub düşündüm ki, bəlkə bir qrup tanınmış ziyalılar adından Azərbaycan muğamının hamisi, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya müraciət edək. İnanıram ki, Mehriban xanım bu müraciəti cavabsız qoymaz və muğam irsimizin tanınmış tədqiqatçısının səhhətinə diqqət və qayğının daha da artırılması üçün əlindən gələni edəcək.

***

TƏQDİMAT: Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Mərdan oğlu Kazımov 1950-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycan Pedaqoji Universitetinin, Bakı Ali Partiya Məktəbini, Sov.İKP MK İctimai Elmlər Akademiyasının Mədəniyyət tarixi və mədəniyyət nəzəriyyəsi kafedrasını bitirmişdir.

Uzun illər müxtəlif dövlət orqanlarında işlədikdən sonra, 2015-ci ildən başlayaraq Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” və “Unudulmayanlar” layihələrinin koordinatoru olaraq, görkəmli muğam korifeylərimiz haqqında elmi-tədqiqat işləri aparırır. Tədqiqatları əsasında XIX əsr Azərbaycan muğam ifaçılığının ən parlaq nümayəndəsi, böyük muğam ustadı, ömrünün 35 ilini Tiflisdə Azərbaycan muğamının, xalq mahnılarının təbliğinə həsr etmiş Əbdülbaqi Zülalov (Bülbülcan) haqqında elmi-publisistik “Bülbülcan” kitabı ərsəyə gəlmiş, Azərbaycan və gürcü dillərində çap edilərək Beynəlxalq Muğam Mərkəzində və Tbilisidəki M. F. Axundov adına Azərbaycan Mədəniyyəti muzeyində təqdimatı keçirilmiş, “Bülbülcan” adlı sənədli film çəkilmişdir. Əfsanəvi qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev) həyat və yaradıcılığına həsr olunmuş “Qarmonun əfsanəsi” kitabı da Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlmişdir.

Bu tədqiqatlar əsasında XIX əsrin ikinci yarısında muğam sənətimizin beşiyi başında dayanan Bülbülcanın (Əbdülbaqi Zülalov), Xalq artistləri Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, Yaqub Məmmədovun, Əliağa Quliyevin, XIX əsr muğam tariximizin görkəmli nümayəndələri Mirzə Məhəmməd Həsənin, Seyid Mirbabayevin, tarzən Allahyar Cavanşirovun, əfsanəvi qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd), Teyyub Dəmirovun, xanəndə Oqtay Hacıyevin, Əməkdar incəsənət xadimi Yusif Həsənbəyin yaradıcılıqlarına həsr edilmiş yubiley gecələri də Beynəlxalq Muğam Mərkəzində keçirilmiş və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə yayımlanaraq geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. 50 illik yaradıcılığı müddətində “Heydər Əliyevin yadigarları”, “Yollarda ömür”, “Ümid qapısı”, “Vətən sevgisi” kimi 20 kitabın və “İnsanın dərki” adlı monoqrafiyanın müəllifidir. Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Nəriman Məmmədov kimi görkəmli bəstəkarlar tərəfindən şeirlərinə 30-dan çox mahnı bəstələnmişdir.

Azərbaycan və Gürcü musiqi mədəniyyətlərinin inkişafındakı xidmətlərinə görə “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq Birliyinin və M. F. Axundov adına Tbilisi Azərbaycan Mədəniyyəti Muzeyinin fəxri fərmanları ilə təltif edilmişdir. 2020-ci ilin fevral ayında yaradıcılığının 50, anadan olmasının 70 illiyi münasibəti ilə Beynəlxalq Muğam Mərkəzində yubiley gecəsi keçirilmişdir. Son bir neçə ayda rəhbərlik etdiyi qrup tərəfindən Azərbaycanın böyük xanəndəsi Məşədi Məmməd Fərzəliyevin (1962-ci ildə İstanbulda vəfat etmişdir) 90 il ərzində ilk dəfə olaraq irsi Türkiyədə tapılmış və mədəniyyət tariximizə məlum olmayan 4 səs yazısı aşkar edilərək “Mədəniyyət” kanalında “Bizi birləşdirən mədəniyyət” verilişində ictimaiyyətə təqdim edilmişdir.

***

Sonda: Gülhüseyn müəllimə Allahdan can sağlığı, dostlarından və dövlətimizdən isə ona bu çətin durumunda mümkün köməyi etmələrini arzulayıram!

Asif MƏRZİLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA