Məlumatlara görə, müğənni Manana 8 yaşı tamam olan Cerri adlı itinə ad günü keçirib.

P.S.Heyvanına şükür, Ya Rəbbim! Görəsən Cerriyə ad günü keçirərkən karantin qaydaları nəzərə alınıbmı? İtin qohum-əqrəbalarının COVİD-19 pasportu olubmu? Ad gününə gələn qonaqlar səbəbkarın adına nə qədər pul yazdırıblar? Ümumiyyətlə, Operativ Qərargahın qərarlarında itlərə ad günü, nişan, toy eləmək barədə hansısa maddə varmı? Operativ Qərargahdan bu və digər suallara cavab gözləyirik.

***

Sosial şəbəkədə “Pantural” ləqəbli Tural Səfərov adlı bir gəncin “açıq-saçıq geyinən qadınları zorlayın” çağırışı böyük səs-küyə səbəb olub. Düzdür, bu gəncə həyatı başa saldılar və xalqdan üzr də istədi. Amma səs-küy hələ də səngimək bilmir.

P.S. Bu gəncin sözündən belə çıxır ki, bütün bədən əzalarını çöldə qoyanlar, yəni açıq-saçıq geyinənlər zorlanmaya məruz qalmalıdır? Ayıbdır axı, belə yanaşma. Onda bu gedişlə əyinləri paltar görməyən aktrisa Pərvin Abıyeva, müğənnilər Afaq Aslan, Röya Ayxan, Səmra Rəhimli, bu ilki Eurovision təmsilçimiz Samirə Əfəndi, Mina Hüseyn, Dilarə Kazımova, Təranə Qumralın şəhid qardaşı Firdovsinin qızı rəqqasə Canka, aparıcılar Zümrüd Bədəlova, Günel Hümbətova, Afaq Gəncəli... əşi daha yoruldum bu soyunanların adını yazmaqdan, birdir, beşdir məgər? Hə, indi onlar evlərindən bayıra çıxmasınlar? Axı bu xanımlar çox gözəl, cazibədar və özləri də heç kəsin xətrinə dəyməyən, çox ürəyi yumşaq xanımlardır. Onlara nəsə etməyə heç ehtiyac yoxdur axı... “Pantural” ləqəbli Tural Səfərov bu baxımdan başından çox böyük bir qələt edib.

***

Müğənni Vəfa Şərifova itinə baxmaq üçün dayə axtarır və müğənni həmin şəxsə 800 manat əmək haqqı verəcəyini bildirib.

P.S. Halal olsun, mən ölüm. İnsanlar bir ay səhərdən axşama qədər işləyir və əvəzində 250-400 manat əmək haqqı alırlar. İtə baxmağa görə isə 800 manat verirlər. İndi gör o itin yemək-içməyi, şampunu, manikürü, pedikürü  neçəyə başa gələr? Eh, itə insandan dəfələrlə artıq qiymət verilirsə, onda adam gedib it olmaq istəyir. Seyid Əzim Şirvani elə ona görə “Köpəyə ehsan” şeirində haqlı olaraq yazmışdı:

“İt demə dəxi o bizdən birimiz,

Belə ölmüşlərə fəda dirimiz”.

***

Dünən redaksiyada işə gələn kimi, xanım əməkdaşımız gileylənməyə başladı: “İnsanlar nə qəribədir e, saytların biri mənim yazımın orta hissəsini, hətta misal gətirdiyim mənbəni oğurlayıb, olduğu kimi öz adından yazıb. Belə də şey olar? Heç bir istinad edilməyib”.

P.S. Mən xanım əməkdaşımıza belə cavab verdim: - Ay rəhmətliyin qızı, sən nə qoyub, nə axtarırsan? Bu qədər millətin gözünün qabağında jurnalistlərin o boyda binasını oğurlayırlar, heç nə edə bilmirik, sən isə oğurlanmış beş-üç misranın dərdini çəkirsən. Fikir vermə, boş ver getsin.

***

Verilən xəbərlərdən aydın olur ki, ermənilər gah Şuşa, Kəlbəcər, gah da Naxçıvan istiqamətindən bölmələrimizin mövqeyini atəşə tuturlar.

P.S. Əlbəttə, bu, 44 günlük Vətən savaşında darmadağın olmuş ermənilərin yox, rusməramlıların xidmətidir. Necə deyərlər, arxalı köpək qurd basar. Köpək demiş, itdən soruşurlar, niyə hürürsən? Deyir, qorxuzuram. Soruşurlar, bəs quyruğun niyə əsir? Deyir, özüm də qorxuram axı... İndi ermənilər biz tərəfə ara-sıra hürürlər ki, əvvəlki qalib çağlarını yada salsınlar. Təbii ki, 44 günlük savaşda aldıqları zərbəni yada salan kimi, quyruqları da əsir. Amma bu rusməramlılar heç cürə imkan vermirlər ki, yemlədikləri köpəklər öldükləri yerdə ölsünlər. Erməni köpəklərini üstümüzə qısqırtmaqla ruslar özlərinin də ayaqlarının altını qazıdıqlarının fərqində deyillər. Belə getsə, ermənilərlə bərabər rusməramlılar da Prezidentimizin dəmir yumruğunu dadmalı olacaqlar.

***

Musavat Partiyasının başkanı Arif Hacılı Türkiyədə səfərdə olmuş bir qrup deputatın, o cümlədən keçmiş müxalifətçi Asim Mollazadənin və indiki müxalifətçi, REAL Partiyasından deputat olan Erkin Qədirlinin mərhum Prezident Heydər Əliyevin abidəsini ziyarət etməsinə öz facebook profilində belə münasibət bildirib: “Asim Mollazadə bura qədər uzun bir yol keçmişdir, Erkin Qədirli isə çox tez çatdı”.

P.S. İsa Qəmbərin vaxtında az-çox fəaliyyəti və varlığı görünən, lakin Arif Hacılı dönəmində partiyanın ümumiyyətlə, mövcudluğu bilinmədiyindən Arif bəydə ola bilsin müəyyən qısqanclıq hissi yaransın. Baxıb görür ki, dünən onunla bir yerdə olan sağı və solundakıların çoxu haqq yoluna gəldiklərindən ağızları çörəyə, dişləri ətə çatıb. Ona görə də paxıllıq edir...

***

Qurban Bayramı ərəfəsi qəzetlərin birində yazıya belə başlıq qoyulmuşdu: “Bu il Qurban Bayramında məscidlərdə namaz necə qılınacaq?”

P.S. Qurbanlıq ətiniz yox, öz ətiniz tökülsün elə... Rəhmətliyin uşağı, bayram oldu, ya olmadı, bunun namaz qılmağa nə dəxli var? Namaz qılmağın bir qaydası var ki, ona da hər bir dindar əməl edir. Məgər namaz qılmaq hansısa məhsuldur ki, bayramlarda endirim edilsin? Sən öləsən, yazmaq xatirinə kimin ağlına nə gəldi yazır dəə.

***

Ötən həftə Prezident cənab İlham Əliyev Xocasəndə şəhid ailələrinə və qazilərə ev, maşın hədiyyə edən zaman belə bir çıxış etdi: “Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

P.S. Prezidentin bu çıxışı Ermənsitanda “bomba” effekti verib ki, ermənilər əməlli-başlı panikaya düşüblər. Belə olması məsləhətdir. Axı it araba kölgəsinə yatar, elə bilər öz kölgəsidir. Yüz ildir kölgəsinə yatdıqları araba, yəni rus onlara arxa-dayaq olub və 44 günlük savaşda araba yerini dəyişdi və ermənilər yaman rəzil günə düşdülər. İndi Ermənistanda olan yeni nəsil başa düşür ki, nəinki Qarabağ, hətta Ermənsitan belə özgə torpağı imiş. Özgə torpağında oturanın da dalını soyuq aparar deyirlər. 44 günlük Vətən savaşında Azərbaycan Ordusu erməniləri necə darmadağın edibsə,  bunu qədim torpağımız olan Zəngəzurda, Göyçədə niyə etməsin?  Göz gördüyündən qorxar deyiblər, elə Ermənsitanın da, ermənilərin də panikaya düşüb qorxmaları yaxşı haldır.

***

BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Minsk Qrupundan danışarkən mətbuata belə deyib: Minsk Qrupunu regiona gətirmək cəhdləri əbəsdir”.

P.S. Əlbəttə əbəsdir, Qulu müəllim! Axı meyit gəlib regionda neyləyəcək ki?

***

ARB TV-nin “Onun sirri” verlişində aktirisa sayılan, lakin bu sənətdən ABŞ qədər uzaq olan, əvəzində soyunmaqla tanınan Pərvin Abıyeva keçmiş sevgilisindən danışarkən belə deyib: “Manyak idi. 3 il məni şantaj etdi. Qorxurdum ailəm onun dediklərinə inanar. İş yerinə gəlib şantaj edirdi...”

P.S. Olduqca maraqlıdır. Görəsən, Pərvin xanım niyə demir ki, sevgilisi onu nə ilə şantaj edirdi? Bu məsələ tamaşaçılar üçün tamam qaranlıq qaldı. Amma belə qənaətə gəlmək olar ki, sevgilisi Pərvin xanımı soyunmuş, lüt şəkillərini yayacağı ilə şantaj edib. “Tem bole” özü də deyir ki, sevgilisi manyak idi. Ona görə də manyak daha haradan bilsin ki, Pərvin xanımı soyunmuş, çılpaq şəkilləri ilə şantaj etmək olmaz. Onsuz da Pərvin xanımın bütün bədən əzaları sevimli tamaşaçılarına tanışdı. Sosial şəbəkələr Pərvin xanımın belə lüt-ətcəbala şəkilləri ilə dolub-daşır. Yəqin o manyak sevgilisinin bundan xəbəri olmayıb deyə, onun belə şəkillərini yayacağı ilə bağlı şantaj edib. Ağıla başqa versiya gəlmir. Axı Pərvin xanım şantajın motivini açmayıb deyə, adam müxtəlif şübhələrə düşür dəə...

***

Saytların birində müğənnilərin hansı ali təhsil aldığı barədə siyahı dərc olunub. Orada göstərilib ki, müğənni Röya Ayxan BDU-nun “Beynəlxalq hüquq” fakültəsini 2009-cu ildə bitirib.

P.S. Bu, artıq dünyanın axırı deməkdir. Əgər Röya “Beynəlxalq hüquq” fakültəsini hansı korpusda, hansı mərtəbədə yerləşdiyini və “oxuduğu” müddətdə dekanın kim olduğunu deyə bilsə, Allah mənə lənət eləsin. Hələ Röyadan soruşmuram ki, “Beynəlxalq hüquq” termini nə deməkdir? Soyunub əzalarını çöldə qoymaqla gənclərimizin mənəviyyatına sağalmaz yaralar vuran, sənətdən uzaq olan Röya kimisinə BDU-nun belə bir diplomunu hədiyyə edən adam, xalqımız qarşısında günahını heç bir şeylə, hətta İspan çaxırı ilə də yuya bilməz... 

 ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA