Məlum olduğu kimi, qadın tarixin müxtəlif dövrlərində cəmiyyətdə yalnız bioloji varlıq deyil, ictimai status qazanıb, sosial varlıq kimi müxtəlif funksiyaları icra edərək tərəqqiyə gedən yolda töhfələr verib.

Tarixə nəzər saldıqda görərik ki, qadınların cəmiyyətdə rolu olduqca böyükdür. Bəşər sivilizasiyasının inkişafında və bugünkü müasir səviyyəyə çatmasında kişilərlə bərabər, qadınların da əvəzsiz rolu və xidmətləri olub. Qadınlar bu gün təkcə öz vətənində deyil, beynəlxalq arenada nüfuz qazana bilməkdədir. Tarixin müxtəlif dövrlərində olduğu kimi, bu gün də örnək kimi qəbul edilən qadınlar çoxdur.

Azərbaycan cəmiyyətində də qadınların həmişə öz yeri olub. Onların dövlət işlərində, siyasətdə və diplomatiyada əldə etdikləri böyük uğurlar barədə xeyli faktlar var. Hazırkı dövrdə də Azərbaycan qadınları dövlətin idarə edilməsində, siyasi, elm, təhsil, iqtisadi, mədəni və digər sahələrdə aktiv fəaliyyət göstərirlər.

Bu mənada, haqqında söz açacağım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yalnız Prezident İlham Əliyevin həyat yoldaşı və xanımı deyil, həm də ölkədə qadınların çalışdığı bu cəmiyyətdə üslubun, davranışın nümunəsidir. Onun həyatını müşahidə edib, özəllikləri haqqında bir qədər yaxından tanış olmaq mənim kimi, hər kəsə də maraqlıdır.

Mehriban Əliyeva nəinki ana, eyni zamanda görkəmli ictimai xadimdir - Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir.

Mehriban Əliyeva əvvəlcə N.Nərimanov adına Dövlət Tibb İnstitutunu, daha sonra isə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini qırmızı diplomla bitirib.

Mehriban Əliyeva aktiv ictimai fəaliyyətə 1995-ci ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib.

Mehriban Əliyeva Ümummili Liderin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının müasir gənclərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.

Mehriban Əliyeva hər bir millətin gələcəyi üçün xüsusi önəm kəsb edən təhsilə xüsusi diqqət və qayğı ilə yanaşır. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu ölkədə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların ən yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq təhsilimizin inkişafı istiqamətində misilsiz xidmətlər göstərib. Belə ki, 2020-2021-ci tədris ilində məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif regionlarda çoxlu sayda təhsil müəssisələri tikilib və ya əsaslı şəkildə təmir olunub.

Yeri gəlmişkən qeyd edim ki, hazırda çalışdığım Qaradağ rayonundakı Qobu park yaşayış kompleksində fəaliyyət göstərən Ağdam rayon 32 nömrəli tam orta məktəbi məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2018-ci ildə müasir tələblərə uyğun tikilmiş, hər cür avadanlıqlarla təmin olunmuş bu məktəb binası kollektivimizin istifadəsinə veriləndə sevincimizin həddi-hüdudu yox idi. Sözsüz ki, bu faktın özü təhsilə verilən yüksək dəyəri bir daha təsdiq edir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi bu cür layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir. 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavini seçildi. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva deputat seçildi.

O, Milli Məclisin deputatı kimi də fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərdi. Öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib və həmin gün YAP Sədrinin birinci müavini təyin edilib.

Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir.

Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi danılmazdır.

Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə ölkəmizlə məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bunlara rəğmən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olan Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Birinci vitse-prezident Azərbaycan xanımına xas olan ən gözəl keyfiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirməkdədiir. Onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə, sosial qayğıya ehtiyacı olanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb.

Eləcə də pandemiya dövründə aztəminatlı ailələrin zəruri ərzaq məhsulları və tibbi ləvazimatlarla təmin olunması Heydər Əliyev Fondunun daim diqqət mərkəzində olub. Paytaxt Bakı, həmçinin regionlarda yerləşən körpələr və uşaq evləri, internat məktəbləri, təqaüdə çıxmış şəxslər COVID-19 infeksiyasına qarşı mübarizə üçün tibbi maskalar, dezinfeksiyaedici maddələr və digər qoruyucu vasitələrlə təmin olunublar.

Xüsusilə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları, valideynləri və doğmaları Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun hərtərəfli qayğısı ilə əhatə olunublar.

Bütün varlığı ilə vətəninə, xalqına möhkəm tellərlə bağlı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ali vəzifəsini, şərəfli missiyasını böyük uğurla davam etdirir.

Mən də bir təşkilatçı olaraq həmişə Mehriban xanımın yüksək təşkilatçılıq təcrübəsindən bəhərlənərək öz iş fəaliyyətimi o istiqamətdə qurmağa çalışıram.

Cavahir ŞIXIYEVA,

Ağdam rayon 32 nömrəli tam orta məktəbin təşkilatçısı