Türkiyə Özbəkistana 200 min doza Covid-19 əleyhinə peyvənd və 20 min dərman preparatı göndərib.

Peyvənd və dərman yükü  İstanbuldan Daşkəndə Türk Hava Yollarının təyyarəsilə yola salınıb.

Həmçinin Türkiyə səhiyyə əməkdaşlığı müqaviləsi çərçivəsində Vyetnama da yeni növ koronavirus epidemiyasına qarşı 200 min doza vaksin göndərəcək.

Türkiyə KİV-nin məlumatına görə, Türkiyənin Vitse-prezident Fuat Oktay Vyetnam Baş naziri Pham Minh Chinh ilə telefonla danışıb.

"Covid-19" epidemiyası zamanı dünyanın bir çox ölkəsini dəstəklədiklərini ifadə edən Oktay iki ölkə arasında imzalanacaq səhiyyə əməkdaşlıq müqaviləsi çərçivəsində 200 min doza koronavirus əleyhinə peyvənd, 10 ventilyator, 10 xəstə monitoru, 20 min N95 maskası, 4 min kombinezon, 100 min PCR test dəsti, 100 min ədəd Viral Nükleik Turşu Ekstraktoru və Qoruyucu Nəqliyyat Mayesi veriləcəyini qeyd edib.

Xatırladaq ki, Türkiyədə bir müddətdir ki, yerli istehsal olan  "TURKOVAC" peyvəndinin 3-cü kliniki sınaq mərhələsi başlayıb

"TURKOVAC" Peyvənd Layihəsinin rəhbəri, professor- doktor Aykut Özdarendeli mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki,  "TURKOVAC" peyvəndi koronavirusun İngiltərə variantına qarşı da yüz faiz təsirlidir, "Delta" variantı üzərində isə araşdırmalar davam etdirilir.

Özdarendeli peyvəndin buraxılacağı tarixlə bağlı olaraq, "Düşünürəm ki, ilin sonuna qədər olacaq",- deyə söyləyib.

Türkiyənin qısa zamanda yerli və keyfiyyətli peyvənd istehsalına başlaması, yəqin ki, dünya səhiyyəsinə koronavirusla mübarizədə ən gözəl töhfə olacaq.

Y.MƏMMƏDLİ