booked.netbooked.net booked.net  

Hər gün sürücülərin və sərnişinlərin yollara atdığı zibilləri toplayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları “Təzadlar”a nələri danışdılar?

...Bakıdan bölgələrə yola düşəndə yüz milyonlarla vəsait hesabına ərsəyə gəlmiş, beynəlxalq standartlara cavab verən yollarımızın kənarındakı yemək qalıqlarının toplandığı sellofan torbalara, yaxud şüşə, plastmas su qablarına, hətta uşaq pamperslərinə yəqin ki az rast gəlməmisiniz. Sual yaranır: arzuladığımız şüşə kimi təmiz asfalt yollarımız sürücülər və sərnişinlər üçündürsə, bəs niyə yollarımız belə zir-zibillə çirkləndirilir? Axı bu gün Azərbaycanın yolları ölkə statusundan çıxıb, beynəlxalq yük və sərnişindaşımalar üçün təyinat alıb və beynəlxalq status qazanıb. İndi ölkəmizin magistral yolları ilə həm də xarici rəsmi qonaqlar, turistlər, jurnalistlər... səfərə çıxır. Biz niyə xarici qonaqlara Azərbaycan vətəndaşlarının, daha doğrusu, sürücü və sərnişinlərimizin yol mədəniyyətsizliyini nişan veririk??? 

Yollarımızdakı zibillərin müəllifləri...

 Redaksiyamızın poçtuna daxil olan oxucu təkliflərindən biri də məhz yollarımızın zibillənməsi barədə araşdırma yazı hazırlamaq idi. Bu dəfə yolumuzu Bakı-Ağsu istiqamətinə salmalı olduq. Çünki oxucuların da söylədiyi kimi, bu yollar yaxın zamanlarda yüksək standartlara uyğun təmir edilib, sürücərin və sərnişinlərin istifadəsinə verilib.

Beləliklə, yolumuz qeyd olunan marşrut istiqamətinədir. Bakının Sulu Təpə qəsəbəsindən başlayaraq, yolların kənarlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) zibil toplayan əməkdaqşları ilə qarşılaşırıq. Yolların hər iki tərəfində yayın qızmar istisində bu insanların sürücülərin və sərnişinlərin avtomobillərin, yaxud yük maşınlarının pəncərəsindən yollara atılmış zibilləri topladığını görüb çox təəssüflənirik. Müşahidələrimizlə gördüyümüz acı mənzərə fotokameranın yaddaşına köçürülür... Müşfiqabad qəsəbəsini keçəndə də eyni mənzərədir, Pirəküşkül qəsəbəsi ərazisində də. Maraqlıdır ki, səhər saat 07:40 radələridir, amma yolların kənarları müxtəlif növ su qabları, içərisində meyvə və ya qida qalıqları olan zibil torbaları ilə doludur. Deməli, bu zibil gecə saatlarında yola çıxmış sürücülər və ya sərnişinlər tərəfindən atılıb. Elə Pirəküşkül qəsəbəsinə dönən yolda əlində zibil dolu kisə tutmuş və əynində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin jileti olan şəxsə yaxınlaşırıq. “Bu əlinizdəki nədir?”, -deyə sual veririk. Məyyus halda dillənir:

-Sürücülərin və sərnişinlərin yollara atdığı zibildir.

-Hər gün belədir?

-Bəli, hər gün. Əsasən də gecə yola çıxanların əməlləridir. Bakıdan çıxanda, “Hökməli” dairəsində lövhə də var ki, əziz sürücülər, yollara zibil atmayın... Amma faydası yoxdur.

-Heç zibil atan sürücülərin cəzalandırılmasına rast gəlmisiniz?

-Onları zibil atdığı yerdə tutmaq bir az çətindir. Gündüzlər ehtiyat edirlər, arxadan gələn digər sürücü görə bilər. Amma gecələr yolu nəzarətsiz görüb əllərinə gələn zibili atırlar. Hələ səhər indi açılıb, iki kisəni doldurub arxada qoymuşam.

-Sizin çox işçilər bu işlə məşğuldur?

 -Bəli, məsələn, bizim briqadada 20 nəfərdir. Hərənin öz dislokasiya yeri var. İrəli gedəndə görəcəksiniz? Neyləyək, bu yollardan təkcə biz getmirik, əcnəbilər yola çıxır. Bu cür təmirli, gözəl yollarda zibil qalıqlarını görmək mədəniyyətsizlikdir...

-Sizcə, belə sürücülərlə necə mübarizə aparmaq olar ki, bu bəd, ayıblı əməldən əl çəksinlər?

Susub çarəsiz halda başını bulayır:

-Mədəniyyət insanın içindən gəlməlidir. Baxın, Ekologiya Nazirliyinin əkdiyi ağaclardır. Hər bir ağacın başında bir sellofan torbalar var. Sürücülər yol kənarına atıb, külək də aparıb hər yerə yayıb. Məncə, ilk növbədə onları atanları aşkar etmək lazımdır. Bu isə bir az çətin məsələdir. Məsələn, gizli monitorinq aparmaq olar. Amma yenə də ən vacibi, təbliğatdır. Siz mətbuatdansınız?

-Bəli...

-Mətbuatda bu məsələni daim yazmaq və sürücülərə çağırış etmək lazımdır ki, ayıbdır, belə təmiz, rahat yola da pampers atarlar? İstifadə etdiyiniz zibilləri maşınınızda saxlayıb zibil kanteynerlərinə atsanız pis olar? Biz də yazığıq. Hər gün qızmar istinin altında yollardan zibil yığırıq...

Yol boyu bizi təqib edən zibil tullantıları...

 Yolumuza davam edirik. Pirəküşküldən ta Cəngi qəsəbəsinədək də eyni təəssüfləndirici mənzərədir. Bu ərazilərdə də yolun sağ və sol hissəsində zibil toplayan AAY əməkdaşlarına rast gəlirik. Sonra Qobusdan qəsəbəsinə, ordan da Şamaxı ərazisinə çatırıq. Rayonun Mərzəndiyyə kəndi ərazisində zibil toplayan Adil adlı AAY əməkdaşı ilə həmsöhbət oluruq. Yayın istisindən pörtmüş üzünü görəndə yolları zibilləyən sürücülərin əvəzinə ondan üzr istəmək istəyirik. Amma Adil özü söhbətə başlayır:

-Yollarımızın nə qədər təmiz, beynəlxalq standartlara uyğun olduğunu görürsünüz. Bu yol kimin üçündür? Sürücülər və sərnişinlər üçün, eləmi? Adam olmaq lazımdır... Yola şüşə butulkaları da atırlar. Neçə dəfə görmüşəm, külək diyirləyib yolun ortasına gətirib, maşın üstündən keçəndə butulka az qalıb başqa avtomobilə çırpılsın. Hətta sınsa, təkəri deşib qəza törətməlidir. Axı bu yollardan o zibili atan sürücü özü də keçir. Adam da keçdiyi yolu belə zibilləyər? Mən bu gün təhkim edildiyim ərazidən iki “meşok” zibil yığmışam. Başqa söz tapa bilmirəm. Biz də yazığıq...

***

 Beləcə, Şamaxıya, oradan isə Ağsu dolanbacına çatıb geri qayıtmalı oluruq. Sürücü mədəniyyətsizliyinə təəssüf etməkdən başqa əlac qalmır. Bakıya qayıdanadək də eyni mənzərənin şahidi oluruq. Yollardakı müxtəlif növ zibillərin adı yoxdur, deməyə söz tapmırıq. Axı yol mədəniyyətdir! Biz isə keçdiyimiz yollarda bu mədəniyyəti zibilləyənlərin nişanələrini gördük... Yolverilməz mənzərədir!

Yola zibil atan sürücünün cəriməsi...

 Azərbaycanın “Yol hərəkəti haqqında” Qanunu var və qanunun 352-ci maddəsində yazılır: “Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması”.

Bu maddədə yolları zibilləyənlərin cərimələri müəyyən edilib: “Maddə: 352.0.2.

-Yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə... yolda zibil... yığınlarının yaradılması

- Fiziki şəxslər - 30 manatdan 50 manatadək

- Vəzifəli şəxslər - 150 manatdan 200 manatadək

- Hüquqi şəxslər - 1500 manatdan 2000 manatadək”.

Bəs bu cərimələr işləyirmi? İnternetdə və DİN-nin cərimələr bazasında aid mövzu ilə axtarış veririk, amma belə bir cəriməyə dair statistikaya demək olar rast gəlmirik. Bəs onda qanun kimin üçündür? Yaxud, bəs onda yollara zibilləri kim atır?

Yeri gəlmişkən, yollarda qayda pozan sürücüləri cərimələmək üçün DYP avtomobillərinə də rast gəldik. Dövlət nömrə nişanlarını təqdim etmək istəmirik, amma niyə onlar bizim gördüyümüz zir-zibili görə bilmirlər, yaxud buna qarşı profilaktik tədbir keçirmirlər? Məsələn, Müşfiqabadda və Qobustanda DYP postu var. Elə biz keçəndə də neçə-neçə avtomobilin saxlanılıb söhbət edildiyinin şahidi olduq. Təklif edərdik ki, DYP inspektorları saxladıqları sürücülərə həm də yollara zibil atmamalarını tövsiyyə etsinlər, tapşırsınlar. Eyni zamanda yollardakı radarlardan da belə mədəniyyətsiz sürücüləri müəyyən etmək olar.

DYP postlarında, məsələn, “Əziz sürücülər və sərnişinlər, xahiş edirik, yolların təmizliyinə riayət edin, yola zibil atmayın cərimə 30 manatdan 2 min manatadəkdir!” və s. kimi sözlər yazılmış lövhələr quraşdırılsın.

Təbii ki, bu cür sosial mahiyyətli xəbərdaredici reklam lövhələri yollarda çay, məişət texnikası və s. kimi reklamlarla bərabər qoyula bilər. Bunun təsiri mütləqdir, bu həm də təbliğatdır!

Paytaxtın yollarına siqaret kötüyü atan sürücülər...

 Magistral yollarımızdakı zibil yığnağını fotoşəkillərdən gördünüz. Amma Bakının küçələrindən hər gün siqaret kötüyü toplayan yaşlı süpürgəçi qadınların əziyyətinə sözünüz nədir? Halbuki özümüz dəfələrlə və az qala hər gün şahidik ki, avtomobilində siqaret çəkən sürücü və ya sərnişin kötüyünü birbaşa yola atır. Yaxud da, kibrit çöpünü, siqaretin boş qutusunu... Sürücülər isə bilməlidir ki, əgər avtomobili idarə edərkən (həm də sərnişinlər) maşından siqaret kötüyü, su qabı və ya başqa hansısa əşyanı yola atırsa, onları ciddi cərimə gözləyir. Özü də nəzərə alınmalıdır ki, Bakının küçələrində nəzarətedici kameralar yetərincədir!

Bir daha sürücülərin və sərnişinlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik ki, ölkə ərazisində ətraf mühiti-ekologiyanı, təbiəti... çirkləndirənlərə İnzibati Xətalar Məcəlləsində ciddi cərimələr nəzərdə tutulub. Lakin ən böyük cərimə cəzası isə yol və sürücü mədəniyyətimizə vurulan zərbədir, onun üzərinə salınan kölgədir! 

Ekoloji təmizliyə nəzarəti gücləndirək ki...

 Məlum edək ki, tullantılarla bağlı ümumi fəaliyyətə dövlət nəzarətini Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi aparır. Komitə əsasən sənaye və məişət tullantılarına nəzarəti həyata keçirir. Amma xüsusi olaraq qeyd edək ki, polisin də tullantılara nəzarət etmək hüququ var və bu qanunla tənzimlənir. Məsələn, belə bir statistika əldə etdik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 2019-cu ilin ilk 4 ayı ərzində respublika ərazisində sənaye və məişət tullantılarının idarə olunması qaydalarının pozulmasına görə 273 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcbur olan 142 müddətli “məcburi göstəriş” verilib. Ümumilikdə 36 iş üzrə 33 min manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 34, məhkəmələrə 6 iş göndərilib.

Bəs yollarımızdakı zibilliklər? Təkrar edirik, sənaye və məişət tullantılarının idarə olunması qaydalarının pozulmasını az sayda insanlar görür, yollardakı zibil tullantılarını isə minlər, on minlər... Belə çıxır ki, bəzi sürücülərimiz və sərnişinlərimiz magistral yollarımızla zibil poliqonunu səhv salıb. Təsəvvür edin, tərtəmiz, super təmirli, beynəlxalq standartlara cavab verən yolla gedirsən, ətrafda yaşıllıq göz oxşayır, birdən qarşına su qabları, pampers, qida qalığı, sellofan torba ilə dolu zibil...  çıxır. Budurmu sürücü və sərnişin mədəniyyəti?

Təklifimiz keçərlidir, əgər...

 Yollarda hər gün sürücü və sərnişinlərin atdığı zir-zibili toplayan AAY əməkdaşlarının da fikirlərini nəzərə alaraq təklif edirik ki, jurnalistlərin yollarımızın təmizliyi ilə bağlı AAY və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən media-turlar təşkil olunsun! İməcilik mahiyyətli bu tədbiri bir neçə istiqamətdə təşkil etmək olar. Həmçinin təklif edirik ki, DYP postlarında və magistral yolların bir çox yerlərində yol mədəniyyətinə dair sosial reklam lövhələri yerləşdirilsin, orada yollara zibil atmanın cəriməsi qeyd olunsun. Bütün bunlar “Yol mədəniyyətdir!” devizinə necə riayət edildiyinin təzahürü kimidir! Gəlin bu mədəniyyətə özümüzün yol mədəniyyətimizi də əlavə edək!

Asif Mərzili

Bakı-Şamaxı-Ağsu-Bakı

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb: İstiqamət: 6.3.17)

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN