booked.netbooked.net booked.net  

 Yaxud, Suraxanının keçmiş başçısı İlqar Abbasovun göz yumduğu yalanlar ayaq tutdu, amma yerimədi…

Suraxanı rayon İcra Hakimiyyətinin saytından  "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icra vəziyyəti haqqında hesabat niyə silinib?

…Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yanvar 2014-cü il tarixdə 232 nömrəli Sərəncam imzalamışdır. Həmin sərəncamla "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə  rəsmi hesabat  aidiyyəti rayonların İH-nin rəsmi saytlarında yer almışdır. Eləcə də İqtisadiyyat Nazirliyinin rəsmi saytında.

 Bu hesabatın Suraxanı rayonuna aid hissəsində diqqətimizi çəkən isə Zığ gölünün guya təmizlənməsi və əhalinin istirahət məkanına verilməsi idi. Hansı ki, bu məqsədilə ayrılmış külli miqdarda vəsaitin müqavilində, ətrafda yaşayan insanlara ciddi ekoloji-sanitar problem yaradan gölün indiki acı vəziyyəti ürəkbulandırandır! Odur ki, Zığ gölünün, necə deyərlər, başına gələnləri təfsilatı ilə araşdırmaq qərarına gəldik...

 Zığ gölünün çirkabına batırılmış milyonlarla büdcə vəsaitləri hara gedib?

 Onu da deyim ki, iki il əvvəl bu məsələni araşdırmağa çalışmışdım. Zığ gölünün keçmişi və bu günü ilə bağlı bəzi məsələləri dəqiqləşdirmək üçün gölün özündə olmuşdum. Paradoks idi: təmizlənməsinə milyonlar ayrılmış göl niyə bu çirkablı vəziyyətdədir? Bu barədə video və fotoçəkilişlər maddi sübut kimi ortadadır. Suraxanı RİH başçısının 2015, 2016-cı və 2017-ci illərin hesabat yığıncağında dediklərinin əksinə olaraq, guya təmizlənmiş, ekologiyası bərpa edilmiş, balıqlar, Qu quşları, ördəklər… üzən göldən isə əsər-əlamət yox idi. Göldə gördüklərimiz zir-zibil, kanalizasiya tullantılarından yaranmış baş çatladan üfunət, ətraf yaşayış ərazilərindən bura tökülmüş tikinti materiallarının qalıqları, zir-zibil, təkər təmiri sexlərindən gətirilmiş cırıq-yamaqlı təkərlər və s. Təəssüf hissi yaradan mənzərə idi... Bəs milyonlar hara xərclənib, göyəmi sovrulub, kimə ötürülüb???

*** 
 Apardığım araşdırmalar maraqlı məqamları üzə çıxartdı. Oxucular üçün daha da aydın olsun deyə, xatırladıram ki, Azərbaycan Prezidenti İlham Əliyev 15 oktyabr 2014-cü il tarixdə Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında sərəncam verib. Sərəncama əsasən, Zığ gölündən istifadə və onun mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat Nazirliyinə verilib. Həmçinin, İqtisadiyyat Nazirliyinə Zığ gölünün mühafizə zonasının bərpası, gölün mühafizə zonasının istehsalat və məişət tullantılarından təmizlənməsi, mühafizəsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması və gələcəkdə ondan səmərəli istifadənin təmin edilməsi həvalə edilib. Nazirliyə gölün qorunub saxlanmasına nəzarəti həyata keçirməsi tapşırılıb.
Ən maraqlısı, sərəncamda “Azərsu” ASC-yə və Dövlət Neft Şirkətinə Zığ gölünün mühafizə zonasına tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək, Bakı Şəhər İcra Hakimiyyətinə (Hacıbala Abutalıbov) Zığ gölünün mühafizə zonasına istehsalat və məişət tullantıları atılmasının, Zığ gölünün kiçilməsinə səbəb olan kənardan torpaq gətirilib yayılmasının və s. qarşısının alınmasını təmin etmək tapşırılıb.
 Bəli, tapşırılıb. Özü də Prezident tapşırıb!

Beləliklə, Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı prezidentin eyni tarixli başqa bir sərəncamı da imzalanıb. Bu Sərəncama əsasən, nəzərdə tutulan texniki-təşkilati işlərin həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat pul da ayrılıb. Sonra, yəni ötən 6 il yarımda nə qədər əlavə vəsait ayrılıb, bu barədə məlumat əldə edə bilmədim. Çünki Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin rəsmi saytında axtarış versəm də, belə bir məlumat tapılmadı. Amma şübhələrimə əsas var ki, aidiyyəti nazirliklər hələ də Zığ gölündən «bal tutub, barmaq yalayır»! Gölün vəziyyətini isə foto və videogörüntülərdən aydın sezməq olar…

 

Zığ gölündə batırılan milyonlara şəriklər...

...Suraxanı rayonunun Zığ qəsəbəsi ilə təmas xəttində, Xəzər dənizi sahilində “Duzlu göl” adlı bir ərazi və bu ərazidə salınmış “Qum adası” adlı qəsəbə var. Neçə min əhalisi olan bu qəsəbənin bir qrup sakini dəfələrlə redaksiyamıza şikayət ərizəsi ilə müraciət etmişdi... Elşad Quliyevin, Adil Quliyev, Zakir Mürsəlov, Zahid Mahmudov və digərlərinin şikayəti son iki ildə evlərinin zirzəmisinə qrunt sularının dolmasından və yay və qış aylarında ağcaqanad və üfunət əlindən vəziyyətlərinin dözülməzliyi barədə idi... Sakinlərin söylədiklərinə rəğmən, deyilən ünvana yollandıq... Ona görə ki, prezident İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” sərəncamında aydın şəkildə yazılıb ki, söhbət bu gölün təbii forması saxlanılmaqla, onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasından və gələcəkdə insanların istifadəsi üçün görüləcək əlavə tədbirlərdən gedir. Və aidiyyəti dövlət qurumlarına verilən tapşırıqların icrası da 2014-2016-cı illəri əhatə edir. Bu o demək idi ki, 2016-da göl əhalinin istirahət yerinə çevrilməlidir! Vəssalam!  Bu həm də o deməkdir ki, Suraxanı rayonunun, eləcə də paytaxtın digər rayonlarının sakinləri, qonaqlar artıq Zığ gölündə istirahət etməli, xoş anlar keçirməli, burada üzən ördək və quşların sevincinə şərik olmalıdırlar. Amma…

***

 Ərazidə olub yerli sakinlərlə görüşdük, Zığ gölünün ekoloji vəziyyəti ilə yaxından tanış olduq. Təəssüf hissi ilə deməliyəm ki, Prezidentin sərəncamında nəzərdə tutulan işlərin həyata keçirilməsinin burada qətiyyən şahidi olmadıq. 
Ətraf evlərin bir neçəsinin sakinləri isə evlərinin zirzəmisinə son iki ildə qrunt sularının dolmasından gileyli danışdılar. Bunları öz gözlərimlə gördüm. Odur ki, səbəb məlum olduğundan səbəbkarların ünvanlarını axtarmalı oldum. Səbəbkarlar isə uzaqda deyildi, Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması həvalə edilmiş, hətta bunun üçün ilkin olaraq 2 milyon manat vəsait də almış İqtisadiyyat Nazirliyi idi. Və prezident sərəncamında Zığ gölünə əlavə tullantılar tökülərək səthinin kiçildilməsinin yolverilməz olduğu deyilsə də, ərazidə çəkilən yol genişləndirilməsi tədbirləri zamanı işlərə mane olan təpəciklərin yığıntıları gölə tökülmüşdü. Bunu yerli sakinlər də dedilər. Hətta gölün sahilindəki tikinti materiallarının törtöküntüsü, digər məişət tullantılarının yığıntıları da bunu təsdiqləyirdi.
***
 Daha bir vacib məqam: sərəncamda “Azərsu” ASC-yə və Dövlət Neft Şirkətinə Zığ gölünün mühafizə zonasına tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək, Bakı Şəhər İcra Hakimiyyətinə Zığ gölünün mühafizə zonasına istehsalat və məişət tullantıları atılmasının, Zığ gölünün kiçilməsinə səbəb olan kənardan torpaq gətirilib yayılmasının qarşısının alınmasını təmin etmək tapşırılıb. Amma gölün qarşı tərəfinə-Xəzər dənizinə tərəf atılmış lağım vasitəsilə tullantı sularının göldən dənizə axıdılmasını görəndə təəssüflənməli olduq. Belə çıxırdı ki, ya gölü qurutmaq istəyirlər, ya da gölə haradansa axıdılan tullantı suları vardır və gölün daşıb ətrafı basmaması üçün suyunun bir hissəsinin dənizə axıdılmasına qərar verilib. Hətta hazırda baxımsız və nəzarətsiz qalmış gölün suyu gölün şimal şissəsinə axın etməkdədir.
Yuxarıda dedim, sərəncamda “Azərsu” və ARDNŞ-nə Zığ gölünə tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək tapşırılıb. Bəs bu tapşırıq niyə yerinə yetirilməyib? Axı prezident bunun üçün dövlət büdcəsindən hələ 2014-cü ildə 2 milyon manat pul da ayırıb.
 

 

Bəs Prezidentin ayırdığı o 2 milyon hara qeyb olub???

 Bu da Prezidentin ekologiyamıza canyanğısı ilə ayırdığı 2 milyon manat. Prezidentin sərəncamında yazılır:

«Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

 SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Bakı şəhəri ərazisində yerləşən Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat vəsait ayrılsın.

2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 15 oktyabr 2014-cü il».

 Zığ gölü ilə bağlı «görülmüş işlərin» hesabatı isə Suraxanı RİH-nin və İqtisadiyyat Nazirliyinin rəsmi saytlarından xəlvətcə silinib…

   Bu da həmin hesabat: məlum olur ki, Zığ gölünün taleyi, sən demə,  Hollandiyanın “Witteveen Bos” şirkətinə etibar edilib, İqtisadiyyat Nazirliyi şirkətlə müqavilə imzalayıb. Hətta Zığ gölünün bərpası üçün layihə də hazırlanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FHN, ARDNŞ, “Azərsu” ASC və Suraxanı rayon İH ilə razılaşdırılıb, rəy alınıb. Sonra Prezidentin 15 oktyabr 2014-cü il tarixli, 774 nömrəli sərəncamının icrası ilə bağlı «bir sıra işlər də görülüb». Tədbirlərin hesabatında yazılır: “Bahar Enerji” və “Abşeron Operating” şirkətləri tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim olunan lay sularının idarə olunması ilə bağlı tədbirlər planının icrasına nəzarət davam etdirilmiş, Zığ gölünün su mühafizə zonasında aşkarlanmış 3 qeyri-qanuni tullantı sahəsi təmizlənmiş, 560 ton tullantı Balaxanı poliqonuna daşınaraq zərərsizləşdirilmiş, gölün mühafizə zonası boyu qurulmuş 4 mühafizə məntəqəsi vasitəsi ilə tullantıların atılmasının qarşısı alınmış, Zığ gölünün bərpası layihəsi üzrə... açıq tender keçirilmiş və tenderin qalibi ilə danışıqlara başlanılmışdır” və sair.
Bunlar 2014-2016-cı illər ərzində həyata keçirilmiş tədbirlərin siyahısıdır... İndi 2021-ci ildir və İqtisadiyyat Nazirliyinin hesabatında həyata keçirildiyi deyilən tədbirlərlə Zığ gölünün bu günkü mənzərəsi təzad təşkil edir. Zənnimcə, əlavə şərh verməyə ehtiyac da yoxdur, bunun nə dərəcədə doğru olduğunu görmək üçün Zığ gölünün sahilində dayanıb hər şeyi öz gözlərimizlə görməyimiz yetər. Və ilk növbədə Zığ gölündən «bal tutub barmaq yalayanlar»ın gölü seyr etməsi yaxşı olardı.

 Suraxanının keçmiş başçısı İlqar Abbasovun göz yumduğu yalanlar…


Əlbəttə, bu yazıda məqsədim kiminsə sərt tənqid olunması deyil. Məqsədim Suraxanı rayonunun, eləcə də Bakının ekoloji vəziyyətində mühüm rol oynayan Zığ gölünün gələcək taleyinə hesablanmış və neçə il əvvəl imzalanmış prezident sərəncamının icrasının nə yerdə olduğunu diqqətə çatdırmaqdır. Təbii ki, Suraxanı rayon İcra Hakimiyyətinin keçmiş başçısı (hazırda Şirvan şəhər İH-nin başçısı) İlqar Abbasov bütün bu qanunsuz əməllərdən, yəni ölkə Prezidentinin Sərəncamının bu sayaq icrasından xəbərsiz olmaya bilməzdi. Bəs niyə susub? Hətta RİH-nin rəsmi saytında bir müddət həmin hesabat yer almışdı. Lakin indinin özündə axtarsaq da tapa bilmədik...  Ölkənin rəsmi mətbuatı isə məmurların Zığ gölü yalanlarını tirajlamaqla korrupsionerlərə dəstək verməklə məşğul olub…

(Davamı var)

Asif MƏRZİLİ

(Yazı Media Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İstiqamət: 6.3.17)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN