booked.netbooked.net booked.net  

Suraxanı rayon İcra Hakimiyyətinin saytından  "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icra vəziyyəti haqqında hesabat niyə silinib?

 (Əvvəli ötən buraxılışda)

 Rəsmi qəzetlərin Zığ gölünə atdığı böhtan...

 Budur, məmurlarımızın o boyda Prezident Sərəncamına sayğısızlığının üstündən, ölkənin  aparıcı rəsmi orqan və KİV-ləri Suraxanı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı hesabat xarakterli məqaləsində bu yalanlara yaşıl işıq yandırıb. Özü də hər il ardıcıl olaraq. Məsələn, Suraxanı RİH-nin rəsmi saytında “Zığ Gölünün Bərpası” yarımbaşlıqlı məlumatda yazılır: “Zığ gölü Bakı şəhərini əhatə edən ağır çirklənmiş 9 göldən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı”nda qeyd edildiyi kimi, Zığ gölünün bərpası layihəsi Abşeron Yarımadasındakı 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə tapşırıqlar çərçivəsində həyata keçirilir...”.

Bu isə adını çəkmək istəmədiyimiz rəsmi qəzetlərdən birinin “Suraxanı rayonu: sosial-iqtisadi inkişafın yeni mərhələsi” başlıqlı məqaləsinin “Ekoloji durum yaxşılaşır” yarımbaşlığı altında verilən məqaləsi: “...2014-cü ilin hesabat ilində rayonun ekoloji durumunun sağlamlaşdırılması diqqət mərkəzində saxlanılmışdır... Ölkə Prezidenti cənab İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” ötən il imzaladığı sərəncama əsasən, hazırda gölün mühafizəsi təmin olunmuş, bura məişət tullantılarının atılmasının qarşısı alınmışdır. Layihə çərçivəsində çirklənmə mənbələrinin, istismara yararsız neft quyularının və digər qurğuların ləğv edilməsi, gölün səviyyəsini saxlamaq üçün çirkab suların təmizlənərək bura axıdılması, dib çöküntülərinin zərərsizləşdirilməsi işlərinin aparılması nəzərdə tutulur. Hazırda gölün müfəssəl layihəsinin hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətlərin işə cəlb olunması ilə bağlı tədbirlər görülür”.

Elə həmin rəsmi qəzetin bir il sonra (2016) dərc etdiyi “Suraxanı rayonu inkişafın yeni mərhələsini yaşayır” başlıqlı məqalə (23.02.2016). Sitat:

“Suraxanıda ekoloji vəziyyət diqqət mərkəzində saxlanılır... Suraxanı Bakının sənaye, xüsusi ilə neft sənayesi rayonlarından biri olduğundan burada ekoloji məsələlərin həlli vacib əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafızəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncama və qəbul edilmiş müvafiq dövlət proqramına əsasən, paytaxtda mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılıb. Lay suları və neftlə çirklənən 9 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 6,25 hektar olan müxtəlif ölçülü 18 ədəd gölməçə qurudulub, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub” və s. Bu hələ harasıdır, Suraxanı RİH başçısı İlqar Abbasov 2017-ci ildə 2016-cı ilin  hesabat yığıncağında çıxış edir: “...2014-cü ilin noyabr ayının 5-dən başlayan “Birinci Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonda 13980 ədəd ağac əkilmiş, Zığ və Bülbülə göllərinin təmizlənməsi və bərpası tədbirləri yüksək səviyyədə davam etdirilmişdir...”.

Cənab İlqar Abbasov 2017-ci il üzrə hesabat yığıncağındakı çıxışında da eyni yalanı təkrarlamışdır... Zığ gölünün dili olsaydı o mazutlu sifətini İcra başçısına və digər məmurlara göstərib deyərdi: “Yalan ayaq tutar, amma yeriməz!”

Yalan bu dəfə jurnalist araşdırması sayəsində yerimədi. Odur ki, bizim də sualımız var: cənablar, hörmətli İcra başçısı İlqar Abbasov (artıq sabiq), siz hər ilin hesabat yığıncağında deyirsiniz ki, Zığ gölünün təmizlənməsi davam etdirilir... Yaxşı, bu hesabatı yazanda Zığ gölünü gözünüzün qarşısına gətirmirsiniz? Yəni, bu gölün heç həndəvərindən keçməmisiniz bu neçə ildə???

Yaxşı, bunu etmirsiniz, bəs “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMInın da mahiyyətini bilmirsiniz? Bilmirsinizsə, diqqətinizə çatdırırıq:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 1.4-cü bəndinin icrası, habelə Bakı şəhəri ərazisində yerləşən Zığ gölünün bərpası, mühafizəsi və ondan istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

  1. Zığ gölündən (irəlidə - Göl) istifadə və onun mühafizəsi sahəsində idarəetmə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilsin.
  2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

2.1. Gölün (onun mühafizə zonasının) bərpasını (o cümlədən Gölün (onun mühafizə zonasının) istehsalat və məişət tullantılarından təmizlənməsini), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadəni təmin etsin, habelə Gölün qorunub saxlanmasına nəzarəti həyata keçirsin;

2.2. bu Sərəncamın 3-cü və 4-cü hissələrində nəzərdə tutulmuş işlərin idarə olunmasını təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gölə (onun mühafizə zonasına) tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görsünlər.
  2. Bakı Şəhər İcra Hakimiyyəti Gölə (onun mühafizə zonasına) istehsalat və məişət tullantıları atılmasının, Göl səthinin kiçilməsinə səbəb olan kənardan torpaq gətirilib yayılmasının qarşısının alınmasını təmin etsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. üç ay müddətində Gölün (onun mühafizə zonasının) hüdudlarını dəqiqləşdirsin;

5.2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsaslandırılmış hesablamalarına uyğun olaraq, bu Sərəncamın 2.1-ci bəndində və 3-cü hissəsində nəzərdə tutulmuş işlərin maliyyələşdirilməsini təmin etsin;

5.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Gölə aid bütün sənədləri və digər məlumatları bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təhvil versin.
  2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 15 oktyabr 2014-cü il, № 774”.

...Prezident tapşırır, məmurlar isə yalanlarını tirajlayır...

 Bu isə “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Bakı şəhəri ərazisində yerləşən Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat vəsait ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev

Azərbaycan

Respublikasının Prezidenti

Bakı şəhəri,

15 oktyabr 2014-cü il”.

Göründüyü kimi, Prezident Suraxanı rayonu və Bakı şəhəri üçün vacib olan bir ekoloji problemi də diqqətə saxlayıb, ilkin olaraq 2 milyon manat vəsait də ayırıb. Sonradan bu binəva gölün adına nə qədər əlavə vəsait cəlb olunub, bu barədə növbəti araşdırmalarımızda cavab tapmağa çalışacağıq.

***

... Bu da başıbəlalı Zığ gölündən bəhrələnənlərin əməlləri. Fakt göz qabağındadır. Prezidentin ilkin olaraq bərpasına ayırdığı 2 milyon manat ünvanına, yəni Zığ gölünün bərpasına çatmayıb. Amma hər il gölün bərpası və təmizlənməsi istiqamətində işlərin görüldüyü rəsmi hesabatlarda keçib. Halbuki həmin tədbirlər 2014-2016-cı illəri əhatə edirdi, çoxdan tamamlanmalı idi. Ola bilməzdi ki, məmurlarımız həmin pulları 2016-dan sonraya saxlasınlar. Yəqin ki, çoxdan xərcləyiblər. Bəs sonrakı illərdə gölün adına və ünvanına büdcədən nə qədər pul silinib??? Bu sualla Baş Prokurorluğa müraciət etməli olduq. Rəsmi məktub və sənəd-sübutlar göndəriləcək. İnanırıq ki, təbiətin Suraxanı rayonuna bəxş etdiyi bu göl, nəhayət, rəsmi hesabatlarda deyildiyi və yazıldığı kimi, təmizlənib ekoloji halal vəziyyətə salınaraq sakinlərin istifadəsinə veriləcək...

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İstiqamət: 6.3.17)

(Fotolar müəllifindir)



 
 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN