Bakının “Ağ şəhər” bulvarı neçə ildir paytaxt sakinlərinin və qonaqların, turistlərin ixtiyarındadır...

Xüsusən də Ermənistanın məğlubiyyətindən sonra döyüş meydanında qoyub qaçdığı (yaxud, qaçıb qoyduğu) Rusiya istehsallı hərbi texnikasının qalıqlarının yerləşdirildiyi “Qənimətlər parkı”nın burada yerləşməsi  “Ağ şəhər” Bulvarının ictimai əhəmiyyətini bir az da artırıb. Bəs paytaxt sakinləri bulvarın adına layiq əməllidirmi? Yəni, “Ağ şəhər” bulvarının yanında üzləri ağdırmı???

Dəfələrlədir bulvarın burada hava udan, seyrangaha çıxan paytaxt sakinləri tərəfindən çirkləndirilməsi barədə məlumat alırıq. Vəziyyəti yerində araşdırmaq üçün dünən axşam və bu səhər tezdən “Ağ şəhər” Bulvarına baş çəkməli olduq...

 “Gecə qara, cücə qara!” deyib qara-qura əməl tutanlar...

 ...Axşam saatlarıdır. Bulvarda minlərlə şəxsi avtomobil sıralanıb. Xüsusi geyim dükanlarından jilet alıb əyninə geymiş bir dəstə adam bu avtomobillərdən  dayanmağa görə 1 manat pul alır. Hesab etmək olar ki, hər gün səhərdən axşamadək bu ərazidə bir neçə min manat pul yığılır. Hansı ki, BNA-nın hər yerdə lövhələri var ki, taariflər müəyyənləşdirilənədək prklama pulsuzdur (Amma hər yerdə də pul alındığını görürlər və susurlar).

Olsun! Bu o deməkdir ki, “Ağ şəhər” bulvarına hava udmaq 1 manatadır! Amma bu pulları yığanların həmin avtomobillərin sərnişinlərinin özlərindən sonra qoyub getdiyi zir-zibilə niyə nəzarət etmirlər, bax bu maraqlıdır. Təsəvvür edin, bulvar administrasiyası az qala hər addımda zibil qutuları qoydurub. Bulvara istirahətə gələn bu adamlar niyə əllərinə gələn zir-zibili həmin zibil qutusuna deyil, təzəcə sulanıb biçilmiş yaşıllıqların üstünə, yol kənarına, nəqliyyatın hərəkət etdiyi yola atırlar? Bunun üçün xüsusi təbliğat lazımdır??? Deməli, həmin adamlar evlərində də eyni tərbiyənin sahibidir ki, siqareti çəkib balkondan yerə atır, əlindəki su butulkalarını hara gəldi qolazlayır...

 “Ağ şəhər” Bulvarını qara günə qoyanlar...

  Elə bu zibillərin “qəhrəmanları”nın izini-özlərindən sonra qoyub getdiklərini  aydın görmək üçün bu gün səhər yenidən “Ağ şəhər” Bulvarına baş çəkməli olduq... Utancverici mənzərə idi. Təsəvvür edin, Bakıda qonaq olan turistlər, rəsmi şəxslər “Qənimətlər parkı”nı da izləyirlər. Hər tərəfi səliqə-sahmanlı bulvardakı bu zibil eybəcərliklərini görüb Azərbaycan haqqında nə düşünəcəklər???

Bəli, axşam gördüyümüz mənzərə təkrarlanırdı... Sadəcə, bulvarın təmizliyinə baxan əlisüpürgəlilər axşam mümkün olanı süpürüb zibil qablarına tökdüyündən, qismən zibil az görünürdü. Amma yenə də fotokameramızla bəzi “nümunələri” qeydə ala bildik. Yəqin ki, bu zibillərin müəllifləri öz “əl işləri”ni görüb xəcalət çəkəcəklər. Əgər xəcalət çəkməyə mədəniyyətləri varsa...

***

...Bulvarda su sahilinə də baş çəkdik. Bu zibil qəhrəmanlarının “əl işi” dənizin içində də görünürdü. Belə ki, bulvarın dənizlə təmas ərazilərində gəzişən, buradakı oturacaqlarda istirahət edənlər əlindəki su butulkalarını dənizə atdıqlarından, əsəbi ləpələr bu zibilləri sahilə itələyib gətirmişdi... Sahildəki ləpədöyəndə isə nə qədər desəniz belə “əl işləri” var-uşaq pampersi, müxtəlif növ su butulkaları, salfetlər, əski qalıqları, kiminsə alt paltarı, çoxsaylı korona maskaları və s..

Balıqlar da şikayətə gəlmişdi...

 Hətta burada olanda kiçik balıq sürüsü bizi görüb, sanki şikayət edirmiş kimi, dəfələrlə dövrə vurub dənizin sularında qeyb olurdu... Körpə balıqlar ikiayaqlı adamların onların su hövzəsinə-evinə tulladıqları əşyalarını görüb təəccüb içində atılıb-düşür, quyruqlarını fırladıb aradan çıxırdılar... Ardınca isə bir neçə ördək qanadlarını havada yelləyib bizi salamlayırmış kimi, dizinə döyürdü. Sanki onlar da insanların əməllərinə təəssüflənib haray qoparırdı...

 “Ağ şəhər” Bulvarında zibil sərgisi...

 Bax belə. Məncə, bulvar müdiriyyəti “Ağ şəhəri” zibilləyənlərin “əl işindən” ibarət sərgi təşkil edə bilər. Kreativ layihə olardı... İnsanlar hər gün bu sərgiyə tamaşa etmək imkanı qazanacaq... Çünki bulvarı hər gün zibilləyənlər var. Onlar öz “əl işlərini” görüb mütləq tanıyacaqlar... Bu da ictimai qınağın və təmizliyə riayət etmənin vacibliyini diqtə edən bir təbliğat forması olardı...    

A.Məmmədli

(Fotolar müəllifindir)