booked.netbooked.net booked.net  

50 DƏRƏCƏ İSTİDƏ QADINI QUCAĞINDAKI UŞAQLA BİRLİKDƏ DİLƏNDİRƏN KİM(LƏR)DİR???

...Bu gün saat redaksiyaya daxil olmuş məlumat əsasında saat 14:00 radələrində “Təzadlar”ın əməkdaşlarından biri ilə Qaradağ rayonundakı “Meyvəli bazar”ın qarşısındakı dairədən keçəndə hər kəsi sarsıdacaq dəhşətli hadisəni araşdırmaq istədim. Belə ki, havanın ən azı 43-45 dərəcə istisində həmin dairədə-hərəkət iştirakçılarına ciddi maneə yaradan bir qadın, əynində bu istidə üstü cırıq-cırıq olmuş “balonka”  gödəkçədə, başında qış papağında,  qucağında 3-4 yaşında oğlan uşağını uzanmış vəziyyətdə tutaraq dilənçiliklə məşğul olurdu. Qadının niyə və nə üçün, kim tərəfindən diləndirildiyini, Azərbaycanımızın adına yaraşmayan bir formada belə bir mənfi işə təhrik edilməsini qoyuruq bir kənara, amma körpə uşağı bu istidə - göydən od ələndiyi bir vaxtda ona işgəncə verərək dilənmək, bu bağışlanılmaz bir hərəkətdir. Uşaq hüquqlarını belə kobud formada pozmaq Göydə Allaha, yerdə qanunlarımıza xoş gedən əməl deyil.

***

 Beləliklə, adı çəkilən dairədə Yol Polisi avtomobilinin sürücüləri cərimə cəzasına cəlb etməsi üçün dairə ətrafında dövrə vurduğu bir məqamda, bu səhnəyə vicdanımızın səsi ilə etiraz etməli olduq. Axı həm də peşə fəaliyyəti ilə bağlı məsələni araşdırmalı idik... Bunu həm də jurnalist olaraq özümüzün vicdan və vəzifə borcu hesab edərək avtomobili saxlayıb qadına yaxınlaşıb nə üçün körpə uşağa işgəncə verərək diləndiyinin səbəbini soruşduq, bu əməldən çəkinməsini tələb etdik. Çünki oğlan uşağı bomj libaslı qadının uşağı ola bilməzdi, olduqca səliqəli sifətə malik idi, günəşin yandırıcı şüaları yanaqlarını pörtmüşdü deyə, titrək əlləri ilə üzünü tutub gündən qorunmağa çalışırdı. Susuzluqdan dodaqları qaysaqlanmışdı... Saçı isə təzəcə və səliqəli şəkildə qırxılmışdı. Bir sözlə, insanlıqdan kənar rəftarla qarşı-qarşıya idik.

 Mən dözməyib dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat verdim, tədbir görülməsini xahiş etdim. Operator xanım bizdən bəzi suallara cavab da istədi. Biz bir daha izah etdik ki, həmin uşaq heç bir ehtimalla həmin bomj qadının uşağı ola bilməzdi. Ola bilərdi ki, kiminsə uşağıdır, aldadıb, yaxud məqsədli şəkildə (mənfəət qarşılığında) dilənçilikdə istifadə edilir. Yaxud da, ola bilsin həmin uşaq xəstədir, bəlkə də dərman verib halsız vəziyyətə gətirilib və s.  

Təşəkkür edirik ki, təxminən 6-7 dəqiqə sonra (saat 14:21 radələrində) Qaradağ RPİ-nin 10-cu Polis Bölməsindən mobil nömrə ilə bir məsul şəxs zəng vurub hadisə barədə təlimat aldığını, şəxsən özünün dərhal həmin əraziyə yola düşdüyünü bildirdi... Biz də ümumi təəssüratlarımızı ona danışdıq, o da bu mənzərədən təəssüfləndi...

Bəs polisə məlumat verdiyimiz üçün polis əməkdaşı tərəfindən hədələrə məruz qalmağımızın adı nədir?

   Gəlirəm mətləbə: Azərbaycan dünyanı təkcə Ermənistan kimi işğalçı “dövlət” üzərindəki 44 günlük Zəfər qələbəsi ilə təəccübləndirmir... Azərbaycan həm də bu günlərdə AVRO:2020 Futbol oyunlarının final yarışmalarına ev sahibliyi ilə dünyanın seçimindədir, nəzərindədir. Bakı məhz indiki günlərdə məlum futbol yarışı ilə bağlı gələn azarkeşlərlə dolub-daşır. Dünən də belə bir möhtəşəm yarışa şahidlik etdik. Belə bir vaxtda Azərbaycanın ünvanına bağlana biləcək istənilən mənfi faktın aradan qaldırılmasına səy göstərmək hər bir vicdanlı insanımızın mənəvi, vətəndaşlıq borcudur. O ki qala jurnalist olasan! Biz də bu sırada... Və belə bir məqamda “Meyvəli bazar”ın qarşısında, magistral yolun üstündə, hamının seyr etdiyi bir meydanda baş verən hadisəni çəkib xarici mətbuata ötürən kimsəyə nə deyə bilərik? Bir çıxış yolu var ki, belə halların təkrarlanmaması üçün aidiyyəti üzrə polis orqanlarına məlumat verək, tədbir görülsün. Və tədbir görüləcəyi barədə xoş xəbər alıb yaxşı nəticələri gözlədiyimiz halda, görün nə baş verir: Saat 15:10 radələrində şəxsən məni şoka salan hadisə ilə qarşılaşmalı oldum. İkinci dəfə zəng vuran polis zabitinin  sözlərini olduğu kimi təqdim edirəm və çox istərdim ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi bu dialoqdakı ifadələri səsləndirən polis zabitinin vəzifəsini ona izah etsin:

Zəng edən polis zabiti:

-Salam... Polisdəndi... O dilənçi ilə bağlı verdiyiniz məlumatı araşdırırıq, əgər verdiyiniz fakt təsdiqini tapmasa, barənizdə inzibati tədbir görüləcək... Gedib cərimə ödəyəcəksiniz, qəsdən yalan məlumat verdiyinizə görə...

-Üzr istəyirəm, əvvəla, 102-yə zəng edən mən olmuşam və operator xanıma bəzi detalları söyləmişəm... Biz jurnalistik, xahiş edirəm, ünvanı səhv salmayın...

-Biz də polisik... Nə fərqi, jurnalist, satıcı, müəllim, polis...(Həmsöhbətim bilməli idi ki, jurnalistlə polisin statusu var.RED.).

-Çox gözəl... Siz həmin dilənçi qadını gedib tapa bildinizmi?

-Bəli, tapdıq... Ünvanına gedirik. Əgər araşdırıb görsək ki, o uşaq oğurluq deyil, onda...

-(Məni gülmək tutur): Ay qardaş, uşağın oğurluq olub-olmadığını polis araşdırıb sübut etməlidir. Söhbət Azərbaycanın da qoşulduğu “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının kobud surətdə pozulmasından gedir.. Bu istidə körpə uşağı ictimai yerdə... (Danışmağa imkan vermir. Təkrar izah verirəm):

-Əzizim, zəng vurmusunuz, icazə verin sözümü axıradək söyləyim: söhbət ondan gedir ki, bu 50 dərəcə qızmar istidə açıq havada fəhlənin işləməsinə belə icazə verilmir, qanunla qadağandır. Siz razısız ki, körpə uşaq bomj qadının qucağında dilənçilikdə istifadə edilsin??? Sahə müvəkkili, Post Patrul Xidməti... bu dəhşətli mənzərəni, bunları görmür?(Yenə də danışmağa imkan vermir, amma son sözümü deyirəm):

-Qardaşım, o qadının foto və videosunu da qeydə almışıq, az sonra mətbuatda ictimailəşdiriləcək. Siz bu məsələni sonadək araşdırmasanız ki, o uşaq kimindir, yaxud o uşaq belə bomjdan doğula bilməz və onun əlinə haradan düşüb, biz bunu “KİV haqqında” Qanunun tələblərinə istinad edərək sübut edəcəyik...

***

Bax belə: güman edirəm ki, həmin bu dialoqun müəllifi elə sahə müvəkkilidir, sadəcə, özünü məsuliyyətdən yayındırmaq üçün mövzunu guya uşağın oğurluq olmasına istiqamətləndirməklə bizi təhdid edirdi. Bilə-bilə ki, əgər bu uşaq oğurluq idisə, onda artıq məlumat olmalı idi, uşağın valideynləri ən azı Polis orqanlarına və DİN-nin 102 xidmətinə məlumat verməli idi. Belə bir məlumat verilməyibsə, deməli, həmin günahsız uşaq kimlərsə tərəfindən bilərəkdən, məqsədli şəkildə dilənçilikdə alət kimi istifadə olunur! Özü də məhz sahə müvəkkilinin, DYP, Post Patrul Xidməti... əməkdaşlarının təsir dairəsində-dislokasiya və xidmət ərazisində.

***

 bizi təhdid edən, məsuliyyəti özgənin boynuna atmaq istəyənlərin diqqətinə-Azərbaycan 20 noyabr 1989-cu il tarixində BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyaya qoşulub.  

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə hər il uşaq hüquqları ilə bağlı  qrant müsabiqəsi keçirir. Və hər il külli miqdarda vəsait bu layihələrdə silinir. “Baxımsız və küçə həyatı yaşayan uşaqların sosial reabilitasiyasına dair təşəbbüslər” adlı layihədən qazanc götürənlər bu sahədə diqqətli və ədalətli mövqedə olmalıdırlar ki... Azərbaycanın adı bu dəfə də düşmənlərimiz tərəfindən uşaq hüquqlarının pozulmasında çəkilməsin.

Ən sonda:

1.Dialoqdakı polis zabitinin diqqətinə çatdırırq ki, biz həmin qadınla söhbət edəndə araba ilə “Meyvəli”dən yük aparan  fəhlə əsəbi halda dedi ki, bu qadın hər gün burada dayanır...

2.Polis zabitinin təhdidedici mövqeyindən belə çıxırdı ki, heç kəs Azərbaycanın adına və ünvanına yaraşmayan hadisənin şahidi olanda polis orqanlarına zəng vurub məlumat bildirməsin. Hansı ki, adı çəkilən biabırçı fakt zəng edərək bizi təhdid edən  polis zabitinin xidmət etdiyi ərazidə (bizdə təəssürat belədir) baş verirdi...

3.Təqdim etdiyimiz və ən yaxın təmasda olaraq gördüyümüz o körpə uşaq isə heç bir halda geyimindən cin ürkən bomj qadından doğula bilməzdi!!!

4.Jurnalistin vəzifəsi cəmiyyətdə baş verən hadisələri doğru və düzgün işıqlandırmaq, ictimailəşdirməkdir, hüquq mühafizə və digər orqanların vəzifəsi isə məsələni araşdırıb qanuni tədbir görməkdir!

Mövzu diqqətimizdədir.

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yayımlanır. 6.3.18)

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN