- Araşdırma -

“Paytaxtın mərkəzində ürək bulandıran mənzərə yerinə çevrilən bu yarımçıq tikili, nədənsə, heç sanitariya nəzarətçilərinin də diqqətini cəlb etmir...”

...Paytaxtımızın simasının yaxşılığa doğru dəyişməsi, nəinki bizi, Bakıya gələn xarici qonaqları da məftun edir. Son illərdə tikilmiş bir-birindən yaraşıqlı və müasir binalar, yeni salınmış parklar, abadlaşdırılan küçə və prospektlər şəhərimizə xüsusi gözəlliklər bəxş edir. Bu gözəlliklərin keşiyində dayanmaq, onu qorumaq hamımızın borcudur.

Yazını hazırlayanda məqsədimiz kiminsə əlinə keçirdiyi torpaq sahəsindən bəhs etmək deyildi. Sadəcə olaraq, həmin torpaq sahələrində ətrafa eybəcərlik gətirən tikililərdən və həmin tikintilərin zirzəmilərində yığılıb qalan böyük zibil qalaqlarından bəhs etməyi planlaşdırdıq.

Binəqədi rayonunun C.Xəndan küçəsindəki “Zirvə” şadlıq evi ilə qarşı-qarşıya dayanan bir yarımçıq bina var. Həmin tikilinin əndrabadi görkəmi yoldan keçənləri də narahat edir. Piyadalar adətən tikilinin yanından ehtiyatla addımlayıb keçirlər. Qorxurlar ki, külək hansısa daşı dığırladıb başlarına sala bilər. Neçə-neçə belə hadisənin şahidi olmuşuq. Sakinlərin ifadəsinə görə, yarımçıq obyektin sahibi Baş prokurorun keçmiş müavini Rüstəm Usubovdur. Yaş həddinə görə vəzifədən çıxarılandan sonra inşaat işləri dayandırılmışdır. Gediş-gəliş yolunun arasındakı kiçik bir əraziyə zorla pərçimlənmiş bu binaya, görünür, Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsindən razılıq da alınmayıb.Yoxsa, ətrafın harmoniyasını pozan, yolu keçənlərin rahatlığını əlindən alan belə bir tikiliyə çətin ki, icazə verilərdi.

***

...Atatürk prospektindəki məşhur parkla üzü metronun “Gənclik” stansiyasına doğru  addımlayırıq.Təmirdən sonra parkda yaradılan səliqə-sahmanla yanaşı, xeyli abadlıq işləri görülüb. Buradakı iaşə obyektləri yenidən qurulub, xeyli sayda əyləncə obyektləri yaradılıb. Könüllərə fərəh gətirən, uşaqların dünyasını rəngləyən həmin qurğulara, təəssüf ki, yetərincə nəzarət olunmur. Odur ki, az vaxt ərzində qurğuların bəzisi əvvəlki sazlığını itirib. Parkda istirahət edən yaşlıların narazılığı isə təmirdən sonra iaşə obyektlərində əvvəllər iki manata satılan bir çaynik çayın birdən-birə altı-səkkiz manata yüksəlməsi ilə bağlı oldu. Bununla da, belə çıxır ki, obyekt sahibləri ölkə rəhbərinin insanlara bəxş etdiyi bu xeyirxahlığı kölgələməyə cəhd göstərirlər... İaşə obyektlərində müştərilərə verilməyən ödəniş qəbzləri də diqqətimizi çəkdi. Görünür, obyekt sahiblərinin əlləri çox uzun olduğundan vergi müfəttişləri də bu yerlərə gəlmir.

Vergidən söz düşmüşkən, vaxtı ilə bir tanışımın dediklərini xatırladım. Kiçik müəssisə yaratmışdı. Ziya Məmmədovun yol və körpü tikənləri ilə iş qurmuşdu. İş qurmuşdu, deyəndə, onların pullarını elə öz banklarında-işbankda 0,3 faiz gəlir qarşılığında nağdlaşdırma ilə məşğul olurdu. Guya, onların obyektlərinə Mingəçevirdən qum-çınqıl daşıyırdı. Əslində isə heç nə gətirmirdi. Sadəcə, Z.Məmmədovun adamları onlara büdcədən ayrılmış pulları bu yolla nağdlaşdırırdılar.

Söhbətin məğzi ondan ibarətdir ki, vergi orqanları onların da fəaliyyətinə nəzarət edə bilmirdi. Aylıqlarını alır, müəssisə müdirlərinə sənədləri arxivlərdə, guya yer yoxdur arayışı ilə yandırmağı məsləhət görürdülər. Ola bilsin ki, elə indi də vəziyyət dəyişməyib. Əmtəəsiz nağdlaşdırma oyunu İcra Hakimiyyəti Başçılarının da ən sevimli işlərindən biridir. Başçıların indi də həmin yolla büdcəni talaması davam edir... Tutulanların cinayət işi bunu sübut etmirmi?!

***

…İrəliləyib parkdakı “Çinar” restoranına yaxınlaşırıq. Burda birdən-birə qarşımızı nəhəng hasarlar kəsir. ”Gənclik” stansiyasına yaxınlaşmaq üçün avtomobil yolu ilə getmək məcburiyyətində qalırıq. Bir vaxtlar “Şuşa” kino-teatrının yerləşdiyi bu yer indi kiminsə zavalına gəlib. Dörd tərəfdən hasarlanan yer başdan-başa xarabalıq və viranəlikdir. Danışıqlardan belə məlum oldu ki, viranəliyə çevrilmiş ərazinin sahibi var, indi haralarasa gedib. Əlbəttə, onun haralara getməsi bizim üçün maraqlı deyil. Maraqlı odur ki, Atatürkün adını daşıyan prospektdəki parkda abadlıq və təmir işləri aparılarkən necə olub ki, bu boyda xarabalığı görən olmayıb?

 

Çətinliklə də olsa irəli gedib “Özsüt” restoranının ərazisinə çatırıq. Buranın səliqə-sahmanı diqqət çəkir. Hiss olunur ki, ətrafın qayğısına qalırlar. Restoranın qarşısında geniş bir pullu dayanacaq var. Kimlərsə ətrafı zəncirləyib dayanan maşınlara görə pul tələb edirlər. O tərəfdə- “Gənclik-MOLL”un qarşısında avtobus əlindən tərpənmək olmur. Avtobuslar yer azlığından az qalır bir-birinin üstünə çıxsınlar. Fikirləşdik ki, qarşı tərəfdə- “Özsüt” restoranının qarşısında böyük bir ərazi boş ola-ola, nə əcəb BNA mikrorayonlar tərəfdən gələn avtobusları həmin pullu dayanacaq olan yerə keçirmir? Bunun üçün, sadəcə, Atatürk prospekti ilə hərəkət edən avtobusları körpüyə daxil olmamış bir giriş yolu açmaqla metronun üstündəki geniş əraziyə yönəltmək lazımdır. Sərnişinlər üçün də rahatlıq verəcək bu məsələ haqqında aidiyyəti qurumların düşünməsi xeyirli olar.

***

...Tamamlanmamış tikintidən biri də Əlizadə küçəsi ilə Atatürk prospektinin kəsişməsində, Nərimanov rayon Prokurorluğunun qonşuluğundadır. Doqquzmərtəbəli binaya  prospekt tərəfdən pərçimlənib. Zirzəmisi zibil anbarına çevrilən bu binanın sahibinin çox imkanlı bir məmur olduğu söylənilir. Sakinlərin gününü göy əskiyə bükən bu obyektin inşası yazılı müraciətlərdən sonra Mehriban xanım Əliyevanın göstərişi ilə dayandırılıb. Amma söküntüsü hələ də aparılmır. Nəticədə metroya tərəf addımlayanlar səkidən məhrum olublar. Obyektin mərtəbələrarası hissəsini özlərinə əyləncə yeri seçən uşaqlar üçün də bu yarımçıq bina ciddi təhlükə yeridir.

***

...Digər bir natamam tikili isə Ceyhun Hacıbəyli küçəsində “Azərbaycan” universitetinin qarşısındadır. Bir-neçə mərtəbəsi tikilmiş bu obyektin ərazisi avtomobil ustalarının iş yeri, “Ağ çiçəyim” mağazalar şəbəkəsinin isə lazımsız əşyalar anbarıdır. Belə söyləyirlər ki, obyektin sahibi keçmiş səhiyyə naziri Əli İnsanovdur. Guya o burda özəl bir klinika yaratmaq istəyirmiş. Olsun! Amma ətrafa xarabalıq kabusu gətirən, zir-zibil mənbəyi olan bu ərazini tezliklə ovqatlara rahatlıq verən bir guşəyə çevirmək lazımdır.

***

Bakı Dəmiryol Vağzalının həndəvərində, uçuq-sökük binalara bitişik bazarın yanında uzun illərdən bəri atılıb qalmış bir bina var. Orada rastlaşdığımız adamların ifadələrinə görə obyekt  “Şərurlu Vəli” deyilən birinə məxsusdur. Neçə illərdir obyekti atıb haralarasa gedib. Başlı-başına qalan bina baxımsızlıqdan antisanitariya mənbəyinə çevrilib. Zirzəmisi gəmiricilər və zibil qalağı ilə doludur. Paytaxtın mərkəzində ürək bulandıran mənzərə yerinə çevrilən bu yarımçıq tikili, nədənsə, heç sanitariya nəzarətçilərinin də diqqətini cəlb etmir...

***

Araşdırmamızı dayandırmalı oluruq. Əlbəttə, Bakıda atılıb qalmış natamam tikililər çoxdur. Onların hamısını bir yazıda əhatə etmək isə imkansızdır. Bəzilərindən bəhs etməklə ən azından Bakı şəhər Meriyasını məlumatlandırmaq istədik. İnanmaq istəyirik ki, rəhbərlik Bakımızın simasını eybəcərləşdirən bu inşası dayandırılmış tikintilərlə maraqlanacaq, nöqsanları aradan qaldırmaq üçün lazımi addım atacaqlar. Və şəhərimizin abadlığı istiqamətində görülən işlərin sırasına sadaladığımız eybəcərliklərin aradan qaldırılmasını da əlavə edəcəklər.

Ədalət Teymurov,

“Təzadlar”ın xüsusi müxbiri

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb)