Bu xoşbəxtliyi mənə media nümayəndələri ilə yeni layihəyə start verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşatdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) media nümayəndələri ilə birgə yeni layihəyə start verib.

Layihə çərçivəsində jurnalistlərlə nazirliyin rəhbər şəxsləri arasında əməkdaşlığın səmimi və daha əlçatan qurulmasını təmin etmək məqsədilə qeyri-rəsmi görüşlərin təşkili nəzərdə tutulub.

Bu görüşlər nazirliyin fəaliyyət istiqamətlərini əhatə etməklə mütəmadi olaraq keçiriləcək. Jurnalistlər onları maraqlandıran suallara cavab alacaq, ETSN-in ayrı-ayrı qurumlarının gördüyü işlərlə daha yaxından tanışlıq və informasiyanı ilk mənbədən almaq imkanı qazanacaq.

"Təzadlar"ın əməkdaşının da iştirak etdiyi layihə çərçivəsində bu gün Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ("Azəryaşlandşaft") ASC-nin 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisində salınmış zeytun bağına mediatur təşkil edildi.

Qeyd edək ki, mediaturda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, nazirliyin mətbuat katibi İradə İbrahimova və qurumun digər əməkdaşları iştirak edirdilər.

Əvvəlcə media nümayəndələrinə "Azəryaşlandşaft" ASC-nin 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisində salınmış zeytun bağı haqqında məlumat verildi. "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri Ramik Əşrəfov bildirdi ki, bu ərazidə yalnız zeytun ağacları əkilməyib. Onun sözlərinə görə, ərazi bağ kimi deyil, yaşıllıq kimi nəzərdə tutulduğu üçün burada eldar şamı, sərv və digər ağaclar da əkilib. R.Əşrəfov ərazinin vaxtilə keçmiş "Yod-Brom" Zavoduna məxsus olduğunu, bu səbəbdən də 170 hektar ərazinin çirkləndiyini, radiasiyanın çox yüksək olduğunu bildirdi: "42 min kuba yaxın yod-brom duz qalıqlarını çıxarıb konservləşdirdik. Eyni zamanda, 580 min kubmetr neft tullantılarını da konservləşdirilib, ərazidə zeytun bağları saldıq. Demək olar ki, əkilən ağacların 98 faizi tutub".

Mediatur çərçivəsində, həmçinin, ekologiya və təbii sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev və Vüqar Kərimov jurnalistləri maraqlandıran sualları cavablandırdılar.

Sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, qurumun digər əməkdaşları KİV nümayəndələri ilə birgə ərazidə neçə il əvvəl əkilən və hazırda bar verən ağaclardan zeytun yığımında iştirak etdilər.

Xatırladaq ki, bu cür tədbirlər ETSN-nin fəaliyyət istiqamətlərini əhatə etməklə mütəmadi olaraq keçiriləcək.

P.S. Bugünkü mediatur mənim üçün daha fərqli və özəl oldu… Erməni işğalına məruz qalan doğma el-obamızdan ayrı düşdüyüm 28 ildən sonra ilk dəfə ağacdan öz əlimlə meyvə dərməyin yaşatdığı hissi izah etməyə bir cümlənin, bir romanın, bəlkə də bir dastanın tutacağı söz xəzinəsi belə yetməz. Bu səbəbdən mediaturda iştirakımı təmin edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Baş redaktorumuz Asif Mərziliyə ürəkdən təşəkkür edirəm.

Elbar ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA