Görəsən, Operativ Qərargah taksi mafiyasının sehrli təsirindən çıxıb, xalqın xeyrinə nəhayət, şənbə və bazar günlərində nəqliyyatın işləməsi barədə qərarı verə biləcəkmi?

Yenə də qarşıdakı 4 günlük bayramla əlaqədar şəhər nəqliyyatı iflic olacaq. Deməli, yenə də ancaq taksilər bu 4 gündə şəhərdə meydan sulayacaq. Görəsən nəqliyyatın şənbə, bazar və bayram günlərində dayandırılmasını kim icad etdi? Bu, təkcə Operativ Qərargahın verdiyi qərar deyil. Hansısa bir gizli qüvvə taksilərin fəaliyyətini daha da gücləndirmək və daha çox gəlir əldə etmək üçün Operativ Qərargaha təsir etmək gücünə malikdir.

Operativ Qərargahın üzvləri məhz şənbə və bazar günlərində sərnişin avtobuslarının faliyyətinin dayandırılmasına görə, onsuz da çoxsaylı iradları, tənqidləri və hətta təhqirləri belə sayıtlarda, mətbuatda, sosial şəbəkələrdə eşidirlər, görürlər. Bu səbəbdən demək olmaz ki, Operativ Qərargahın üzvləri cəmiyyətin nəbzini tuta bilmirlər. Özləri də yaxşı bilirlər ki, onlara deyilən iradlar yerindədir və haqlıdır. Dəfələrlə deyildiyi kimi, bir daha təkrar edirəm ki, necə olur, həftənin 5 günü avtobusda insanlar basabasla, ağız-ağıza gedir, virus heç nə eləmir. Elə ki, şənbə-bazar gəlir, insanların çoxusu işləmir, evdə qalır, bu zaman isə virus əjdahaya dönür. Bu isə absurtdur və haqlı olaraq tənqid edildiyi kimi Operativ Qərargahın çox yanlış bir qərarıdır.

Mən şəxsən yaşadığım ərazidə bir neçə xadimə tanıyıram ki, çox cüzi əmək haqqı alırlar. Ancaq işlərinin xatirinə şənbə, bazar və bayram günlərində işə taksi ilə getməyə məcburdurlar. Bu kateqoriyadan olan çoxsaylı insanlar var ki, çox az maaş alırlar, onun da müəyyən hissəsini qeyri-iş günlərində taksiyə xərcləyirlər. Görəsən, Operativ Qərargah taksi mafiyasının sehrli təsirindən çıxıb, xalqın xeyrinə nəhayət, şənbə və bazar günlərində nəqliyyatın işləməsi barədə qərarı verə biləcəkmi? Ümid edirik ki, Operativ Qərargahda xalqını düşünən insanlar var…

E.Məmmədli