Qurban bayramında qurbanlıq qoyunları baha qiymətə sataraq “qaz vurub, qazan dolduran” işbazlar

Qurban bayramı ilə əlaqədar ölkədə elan olunmuş dörd günlük qeyri-iş günü başa çatdı. Ümumiyyətlə, bu bayramda yetərincə məntiqsizlik ortaya çıxır. Adlarını müsəlman qoyan soydaşlarımız Qurban bayramı ərəfəsində qurbanlıq qoyunların qiymətini birə-beş qaldırırlar. Adi günlərdən baha qiymətə satılan bu qoyunların daha harası qurbanlıq oldu? Qurbanlıq alan adam da onu başqasına satır. Yəni Qurban bayramı alıb-satanların qazanc mənbəyinə çevrilir.

İstər Qurban bayramı və ya istərsə də digər bayramlar olsun, fərqi yoxdur, təki bəzi işbazlar babat pul qazansınlar. Düzdür, bəzi qəlbi Allahla olan fermerlər öz şəxsi təsərrüfatlarından olan qoyunları şəhərə gətirib, müəyyən uşaq və qocalar evlərinə, imkansızlara təmənnasız paylayırlar. Buna misal olaraq vaxtilə Ulu Öndər Heydər Əliyevin dostu olmuş Lerikdən olan çoban Xanışı göstərmək olar. Bu gün onun oğlanları da, atalarının yolunu ləyaqətlə davam etdirərək, bu ilki Qurban bayramı günlərində bir çox ehtiyacı olanlara təmənnasız olaraq qoyun əti payladılar. Amma əksəriyyət işbazlar qoyun ətini əvvəlki günlərdən daha da baha sataraq babat qazanc əldə etdilər.

Yaxşı olar ki, aidiyyəti dövlət qurumları belə günlərdə diqqəti bir az da artırsınlar və bu kimi işbazların fürsətdən istifadə edərək “qaz vurub, qazan doldurmasının” qarşısını alsınlar ki, Qurban bayramımız hörmətdən düşməsin.

Elçin MƏMMƏDLİ