booked.netbooked.net booked.net  

Müğənni Röya Ayxan sosial şəbəkədə yeni şəkillərini paylaşıb və bu xəbəri verən sayt həm də belə yazıb: “İfaçının yeni şəkillərində büsqalteri görünüb ki, bu da müğənninin izləyiciləri tərəfindən tənqid edilməsinə səbəb olub.

P.S. Mən belə izləyiciləri çay aşağı axıdım, çay yuxarı axtarım. A bədbəxt uşağı, keçinin quyruğu yuxarı olduğundan həmişə ayıb yeri çöldə qaldığı kimi, Röyanın da həmişə bütün bədən əzaları nəinki çöldədir, hətta bir kişi ilə yataq səhnələri də hələ internetin bəzəyidir. Bəs görəsən, onda bu izləyicilər niyə səslərini çıxardıb Röyanı bu hərəkətinə görə abrını ətəyinə... lənət şeytana, Röyanın ətəyi heç vaxt olmayıb axı, əşi nə bilim e, harasınasa bükməyiblər? İndi bircə büsqalteri görünüb deyə, az qala yaxalarını cırırlar.

***

Bir saytın verdiyi xəbərə görə, 40 yaşlı müğənni Xatirə İslamın sinəsi və göbəyi çöldə qalan şəklinə görə, sosial şəbəkə izləyiciləri ifaçını babat tənqid ediblər. Bir vaxtlar ərindən boşanması barədə gəzən söz-söhbətə Xatirə belə cavab vermişdi: “33 yaşımda ər tapmışam, niyə qoymursunuz oturum. Boşananda nə olur? Hər şey pis olur, adamın adına pis sözlər deyilir, istər-istəməz ayağını əyri yola da atır”.

P.S. İndi ay Xatirə xanım, sən mənim canım, düzünü de. 40 yaşında sinəni və göbəyini çöldə qoymağın, ayağını əyri yola atmaqdı, ya yox? Belə bir şəklini paylaşanda evdə 33 yaşında tapdığın o həyat yoldaşınla məsləhətləşərdin də...  Bəlkə heç qoymayacaqdı ki...

 ***

Xəbər verilir ki, Faiq Ağayevin soyunmuş çılpaq bədəninin şəklini fotoqraf Niko Abbasov sosial şəbəkədə plaşıb.

P.S. Heyranına şükür, Ya Rəbbim! Biz görmüşük ki, şou-əhli xanımlar soyunub harasınısa göstərir. Bəs görəsən Faiq Ağayevin bir kişi olaraq göstərməyə nəyisə varmı? Yəqin yoxdur deyə, “nakolka”lı sinəsini göstərir dəə... Ona deyən gərək ki, ay Faiq, kişi çılpaq bədənini yox e,  mərdliyini, kişiliyini, qeyrətini, sənətini göstərməlidir. Əşi, mən nə mənasız sözlər danışıram e... Faiq özü bilər, xalqa harasını göstərir?

***

Bir qəzetdə məmurların dövlətdən imtiyazlar və büdcə hesabına bahalı maşınlar almasından bəhs edən yazıda belə bir sual qoyulub: “Məmurların dövlətdən imtiyazlar əldə etməsi, büdcə hesabına, 100 işçinin illik maaşına bərabər bahalı maşınlar alması praktikasına nə vaxt son qoyulacaq?”

P.S. Heç vaxt! Nöşün ki, sualın özü kökündən yanlışdır. Məmur olan kəs dövlətin hesabına alınmış ən bahalı maşında gəzməli, ən bahalı paltar geyməli, ən bahalı villada yaşamalı, şəhərin mərkəzində 10-15 mənzili, bir o qədər də obyekti olmalı, ən gözəl katibəsi olmalı, dəniz sahilində dəbdəbəli bir neçə bağ evi və sair olmalıdır. İndi özünüz təsəvvür edin. Kənd təsərrüfatı naziri İnam Kərimov fermerlərlə görüşə  1979-cu ilin “Jiquli”sində gəlib. Ya da Rövnəq Abdullayev SOCAR-ın fəhlə daşıyan köhnə bir “Alabaş” avtobusunda işə gedir və yaxud “Azal”ın prezidenti Cahangir Əsgərov üstündə şahmat olan köhnə “Opel-Vektra” maşını ilə qonaq qarşılamağa çıxıb. Onda Rövnəq Abdullayevin, İnam Kərimovun camaat arasında nə hörməti olar? Cahangir Əsgərova “KVN” sayaq deməzlərmi ki, a bunun “boyinqi”ni yerə soxum, bu nədir belə? O boyda “Boinq” təyyarəsini qoyub, niyə köhnə “Opel-Vektra” sürürsən? Camaat axı ucuz fason  məmuru qəbul eləmir e... Ona görə də məmurun özü, ailəsi və uşaqları dövlətin hesabına bütün imtiyazlara, bahalı maşınlara, var-dövlətə və sair sahib olmalıdır, vəssalam.

***

Mətbuatdan məlum olur ki, Milli Məclisin bir neçə deputatı evsizdir və kirayədə qalır. Həmin deputatlar bunlardır: Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Səfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İsgəndərov, Şahin Seyidzadə, Ramin Həsən, Anar Məmmədov. Emin Hacıyev, Cavid Osmanov.

P.S. Əvvəla, bu adlara fikir verin, demək olar bunların hamısı susan deputatlar kateqoriyasına aiddir və çoxları belə deputatların varlığından xəbərsizdir. İkincisi isə, atalar yaxşı deyib, özünə umac ova bilməyən, başqasına (oxu- seçicilərinə) necə əriştə kəsə bilər?

***

Məlumatlara görə deputatın həyatı 103 min manata, Vətəni qoruyub, yolunda canından keçərək şəhid olan əsgərin həyatı isə 11 min manata sıgortalanıb.

P.S. Çox düzgün yanaşmadır. Çünki əsgər dağda, daşda, soyuqda, qarda, istidə Vətəni qoruyub şəhid olmalıdır ki, deputat rahat, yumşaq kresloda oturub düymə basa bilsin. Siz elə bilirsiniz qanunlara səs vermək üçün o düyməni basmaq asan məsələdir? Əsgər bir dəfə ölərək şəhidlik zirvəsinə ucalır, deputat isə yuxarıdan gələn qanunu qəbul edib, etmədiyini bilmədiyi üçün hər gün ölüb-dirilir. Bilmir əleyhinə getsin, yoxsa lehinə? Ona görə də əsgərin həyatı 11 min  manata, deputatın həyatı isə 103 min manata sığortalanır.

***

Rusiya prezidenti V.Putinin Qarabağda “sülhməramlıların səylərinə son dərəcə tələbat var” bəyanatı ciddi müzakirə olunur və xalqımız arasında həmişə olduğu kimi, yenə də narazılıq doğurub.

P.S. Əlbəttə, narazılıq doğuracaq dəə... Necə deyərlər, “qazan dedi dibim qızıldı, çömçə dedi gəzib gəlmişəm”. Bu sözlər eyni zamanda “Uzaq sahillərdə” filmində general Şultsun xain Karantiyə dediyi sözləri yada salır: “Pəncərədən çölə baxsan, görərsən ki, sənin rəhmətlik Mixaylon nələr törədir”. İndi V.Putin ya pəncərəni açmaq istəmir ki, sülhməramlıların Qarabağda nə hoqqalardan çıxdıqlarını görsün, ya da sülhməramlıların ermənilərin dayısı rolunda çıxış etməsi ona sərf edir. Amma 30 illik işğalın sonu olduğu kimi, bu sülhməramlıların da sonu tezliklə olacaq və buna heç kəsin şübhəsi olmasın.

***

Müğənni Aynur Dadaşova sosial şəbəkədə qızı ilə bərabər hicablı şəkillərini paylaşıb və altından da belə yazıb: “Cüməniz mübarək, Allah dualarınızı qəbul etsin”.

P.S. Sən öləsən, bu şou-əhli indi də hicabı barmağına... üzr istəyirəm, başına dolayıb e. Ay başınıza dolanım, şou-əhli hara, hicab hara? Heç hənanın yeridi, mən ölüm? Axı hamı bilir ki, şou-əhli kimi dinsiz-imansız başqa bir zümrə yoxdur. İndi Aynur Dadaşova başına hicab bağlamaqla daha bir şou göstərir dəə... Əşi, dinimizin “moşennik” həciləri, məşədiləri varsa, niyə şou-əhlisi də olmasın?

 ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN