booked.netbooked.net booked.net  

Müğənni Roza Zərgərli onun bədənini müzakirə edənlərə bir saytda belə cavab verib: “Müğənillərin savadı çatmayanda bədənimi müzakirəyə qoyurlar. Elza Seyidcahan haqqımda “getsin fiqurası ilə məşğul olsun” dedi. Elza qarşımda dizin-dizin sürünsə də olmaz. Başına maral qoymaqla deyil, içi boşdur”.

P.S. Ay Roza, belə ay rəhmətliyin qızı, şou əhli xanımın sənəti yoxdur deyə, bədənini müzakirəyə çıxarmalıdır dəə... Bu şou-biznesin möhürlənmiş qızıl qaydasıdır. Bu, bir! İkincisi isə, ay Roza, Allah sənin xasiyyətini kəssin. Axı sən hardan bilirsən ki, Elza Seyidcahanın başının içi boşdur? Yazığı niyə belə təhqir edirsən? Amma bu, düzdürsə, onda Elzanın qəribə saç düzümləri, əndrabadi geyimləri başa düşüləndi...

***

Əməkdar artist, 66 yaşlı Rühəngiz Allahverdiyeva “Tam vaxtıdır” verlişində özü haqqında danışarkən deyib: “Şəkilimi görən kimi infarkt keçirənlər də var. Deyirlər bu, niyə ölmür?”

P.S. Ay Rühəngiz xanım, ay pir olmuşun qızı, çıxma də, bu vəziyyətdə millətin qarşısına. Axı bu millətin sənə nə pisliyi keçib ki?

***

Müğənni İzzət Bağırov “Səhər mərkəzi” verlişində gündəmdə olan müğənnilərdən danışarkən deyib: “Sənətçi var 40 ildir oxuyur, amma heç bir dəftərdə adı yoxdur”.

P.S. Məsələn, elə İzzət Bağırov kimi. Bu gündən sonra 40 il də o oxusa, yenə də İzzətdən sənətkar olmayacaq. Maraqlıdır, bu adam niyə gedib bacardığı bir işdən yapışmır, bilmirəm?  

***

Aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verlişində qızı olmadığı üçün Afrikadan bir qara qızı övladlığa götürəcəyini bildirərək deyib: “Onlardan birini götürəcəm, baxacam, bir qara qızım olacaq”.

P.S. Bax, buna deyərlər aparıcı yox, əsl... o söz!  Özümüzdə nə qədər uşaqların qayğıya, nəvazişə ehtiyac olduğu halda, Afrikaya üz tutmağın adı nədir? Bu yerdə bir bayatı irad edib, sonra davam edərik:

“Əzizim bəndi tikim,

Dərəni, bəndi tikim.

Buranı abad edib,

Gedim o kəndi tikim.”

 

İndi Xoşqədəm Hidayətqızı özümüzünkülərə arxa çevirib, üz tutub qaralara. Görünür, Xoşqədəm xanım hiss edir ki, daha bizlərin gününü və qanını qara etməsi bəsdir və bu, özü üçün pis nəticə ilə qurtara bilər. Ona görə də üz tutur Afrikadaki qaralara tərəf.

***

Qəzetlərin birində 10 erməni hərbi əsirin əvəzinə Ermənistanın mina xəritələrinin verilməsindən bəhs edən yazıya belə başlıq qoyulub: “Ermənistan bu dəfə də minalı ərazilərin xəritələri üzərində yolverilməz “bazarlıq” qurdu...”

P.S. Rəhmətliyin oğlu, söz tapdın də, sən də danışmağa. Ermənilər öz təhlükəsizliklərini təmin etmək üçün arvadlarını, qızlarını rus sülhməramlılarının əsgər və zabitləri ilə bazarlıq predmetinə çeviriblərsə, mina xəritələri ilə bazarlıq etmək, onun yanında toya getmək deməkdir. Elə bunun nəticəsidir ki, Xankəndində son vaxtlar yeni doğulan uşaqların sayı yaman artıb.

***

Ermənistan parlamentarilərinin Qarabağa qanunsuz səfərinə etiraz olaraq, Ceyhun Bayramovun erməni həmkarı ilə Stolkholmda nəzərdə tutulan görüşdən imtina etməsindən bəhs edən yazıların birində belə bir fikir vurğulanır: “Erməni nazir ilə görüşdən imtinanın tutarlı səbəbi var...”

P.S.  Əşi, nə tutarlı səbəb var e? Azərbaycan konkret olaraq deyir ki, ay erməni, sən istəsən də, istəməsən də Zəngəzur dəhlizinin açılmasını təmin edəcəyəm. Sonra qatarım da, maşınım da, neftim də və qazım da oradan keçəçək. Yəni ay erməni, səni neftimə də almıram, qazıma da...

***

İşıq və qazın qiymətlərinin noyabrın 1-dən artması haqqında evinə yeni qiymətlətlə gələn qəbzlərdən öz köşəsində yazan dəyərli və istedadlı qələm sahibi Zamin Hacı belə yazıb: “Qapımızın ağzında kabus dolaşır - kommunal kabusu”.

P.S. Zamin bəy, bu kabus kommunal yox e, məmur kabusudur. O məmurlar ki, çoxsaylı obyektləri, villaları üçün işığa, qaza görə bir qəpik də ödəmirlər. Vaxtı ilə “Barmek”in rəhbəri Hüseyn Arabul demişdi ki, işıq pulu ödəməyən məmurların adlarını mətbuata ötürəcək. Amma elə o məmurlar, onun özünü qısa qapanmaya salıb, ötürdülər və o yazıq da yanıb, tüstülənə-tüstülənə qaçıb getdi. İndi dövlətin hesabına milyonlar qazanan o məmurlar, işıq və qaza görə olan xırda-para pulları dövlətin büdcəsinə ödəmək isdəmirlər. Bunlar axı al molladırlar, ver molla deyillər. Ona görə də bu enerji məhsullarının qiymətini biz qara camaatın kürəyindən soyub çıxardırlar. Bu yerdə şair Məmməd İlqarın “Qara camaat” şeirindən bir bənd özü gəlib girdi bura:

“Haqqa həsr edirik ömrü, həyatı,

Qara canımıza hər divan olur.  

Başa çıxardırıq ağ camaatı,

Qara başlarımız nərdivan olur.”

 

İndi Zamin bəy, deyirəm bəlkə işığın, qazın artan qiymətinin dərdini çəkməyək, nərdivan olan bu qara başımızı, harınlanmış o məmurların ayağının altından çəkək?

***

Mətbuatdan məlum olur ki, “Məmmədoğluları Holding”in sahibi Hacı Ramazan bir neçə dövlət məmuru ilə əlbir olub, dövlətdən milyonlarla manat oğurlayaraq talayıb. Bu barədə yazan jurnalist Respublikanın Baş Prokuroru Kamran Əliyevə müraciət edib.

P.S. Mən qəti şəkildə bildirirəm ki, bu ittiham Hacı Ramazana qarşı şər və böhtandır. Ağzında Hacı deyirsən. Hacı da oğurluq edərmi? Dövlətin malına kəm baxarmı? Əlbəttə, yox! Hacı Ramazan oğurluq etməz, sadəcə ona lazım olanı götürüb, mənimsəyə bilər. Özü də oğurluq, bilirsən ki, gecələr olur. Amma söhbətdən belə başa düşdüm ki, Hacı Ramazan milyonlarla manat sərvəti gündüz, özü də hamının gözü qabağında əldə edib. Deməli, bu, haram yox halaldır, mən ölüm. Hacı bütün qazancını halallıqla qazanıb. Bir də dövlətin kisəsindən kəsib 5-10 milyon qazanırsa, burada nə qəbahət var ki? Necə deyərlər, dövlətin pulu dənizdir, onu yeməyən donuzdur. İndi Hacı Ramazan da halal adamdır, haram donuzla nə işi var?..

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN