booked.netbooked.net booked.net  

Üçü birində, bəstəkar, şairə, müğənni və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olmaq istəyir və üzvlük haqqı kimi 15 manat əvəzinə 150 manat ödəməyə də hazır olduğunu bildirib. AYB-nin sədri yazıçı Anar isə belə cavab verib: “Artıq pul bizə lazım deyil. Elza Seyidcahanın AYB-ə üzv olması məsələsinə qəbul komissiyası baxacaq. Bu komissiyaya da şair Səlim Babullaoğlu rəhbərlik edir. Elza xanım da həmin komissiyaya müraciət etsin”.

P.S. Mən inanıram ki, Elza Seyidcahan AYB-ə üzv seçiləcək. Əgər AYB-də üzvlük komissiyasına cəmiyyətdə şair kimi qətiyyən tanınmayan Səlim Babullaoğlu rəhbərlik edirsə, deməli, Elza xanım mütləq AYB-ə üzv qəbul ediləcək. Necə deyərlər, “su axar, çuxuru tapar”. Yəni AYB-nin özü elə Elza Seyidcahanın günündədir.

***

Bircə şeiri də yadda qalmayan, lakin şairə kimi tanınan, şairlikdən isə çox-çox uzaq olan Nazilə Səfərli ciddi bir peşəni şouya çevirərək, oğlunun nişanlanmasından danışarkən bir sayta belə deyib: “Gəlinin mənim yanımda nə işi var ki, öz evində yaşayacaq. İstəsə həftədə bir dəfə gəlib məni görər”.

P.S. Maraqlıdır, Nazilə xanım kimi şou əhli olan bir qaynananı həftədə bir dəfə görmək yazıq gəlin üçün çox deyilmi?

***

Müğənni Faiq Ağayev “Üzə düz” verlişində qonaq olub və komaya düşməsindən danışarkən belə deyib: “İllər əvvəl başıma gələn hadisə artıq üçüncü koma idi. Ondan qabaq iki dəfə komada olmuşam. Bir dəfə dənizdə boğulmuşam, bir dəfə də burnum əməliyyat olunanda. İndi həmin həkim dünyasını dəyişib. O, məni öldürdü, reanimotoloq olmasaydı, məni bu dünyaya qaytarmaq olmazdı”.

P.S. Həə... deməli, Əzrayıl müəllim düz üç dəfə Faiq Ağayevin qonağı olmaq istəyib və hər dəfə də şəhərin “probkasına” düşdüyündən əliboş qayıdıb. Amma adını bilmədiyimiz o burun-boğaz həkiminin yeri, yəqin o xeyirxah əməlinə görə cənnətlikdir. Allah rəhmət eləsin. O reanimotoloq həkimin yeri isə mütləq cəhənnəmlik olacaq. Allah lənət eləsin.

***

Məlumatlara görə, Britaniyanın Viktoriya və Albert muzeyi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanı olan Şirini “erməni qızı” və “Ermənistan hökmdarı” kimi təqdim edərək, tarixi həqiqəti saxtalaşdırıb.

P.S. Təbii ki, burada erməni lobbisinin barmaq izləri görünür. Bu, aydındır. Amma aydın olmayan odur ki, dünyanın hər yerində terror törədən, qətillər həyata keçirən, 30 il işğal dövründə Qarabağda görünməyən vəhşiliklər törədərək, rayonları, kəndləri yer üzündən silən, qəbirləri belə goreşən kimi eşib, meyidlərin qızıl dişlərini çıxaran ermənilər olduğu halda, yenə onlar deyənə inanırlar, yenə onlara dəstək verirlər. Karl Marksın, Fridrix Engelsin, Aleksandr Dumanın, Aleksandr Puşkinin, V.Veliçkonun və digərlərinin  ermənilərin özləri və qızları haqqında dedikləri ən pis, alçaldıcı sözlər bütün tarixi və bədii kitablarda var. Bütün bunlara baxmayaraq, ermənilər hər yerdə müdafiə olunaraq maddi və mənəvi dəstək alırlar. Görəsən, erməni vəhşiliyinin bütün dünyada məhkəmələrlə, tarixi və indiki sənədlərlə sübut etməyə bizə nə mane olur? Niyə informasiya müharibəsində ermənilərə uduzuruq? 44 günlük müharibədən keçən bu bir il ərzində hələ ki, biz yox, uduzsalar da ermənilər bizi beynəlxalq məhkəməyə verib. Axı biz nəyi gözləyirik? Bəlkə erməni vəhşiliklərini dünyaya yaymağın vacibliyi barədə xüsusi qanun qəbul edək və bununla da erməni məsələsini dövlətin əsas siyasətinə çevirək?

***

Milli Məclisin ötən il keçirilən son iclasında  qumar oyunlarına görə cəzalar sərtləşdirildi və cərimələr 5 min manata qədər artırıldı.

P.S. İndi hamını bir sual düşündürür: Bu cəzalar hər yerdə bərk reklamı gedən “Topaz”ın başının üstündə qapaz, yoxsa çətir olacaq?

***

Şəhid general Polad Həşimovun anası Səmayə Həşimovanın sosial-şəbəkələrdə dövlətdən narazılığı və oğlunu Müdafiə Nazirliyinin Qərargah rəisi Kərəm Vəliyev tərəfindən öldürülməsi barədə dedikləri xalq arasında çox ciddi narazılıq yaradıb və hamını belə bir sual narahat edir: Şəhid anasının dərdli durumundan sui-istifadə edib, onu danışdıran kimdir?

P.S. Çox haqlı sualdır. Nəzərə alsaq ki, şəhid generalımıza istər dövlət, istərsə də ayrı-ayrı idarə və təşkilatlar, həmçinin xalq tərəfindən çox böyük diqqət və qayğı göstərilir, onda Səmayə xanımın qayğısızlıqdan və diqqətsizlikdən şikayət etməsi heç cürə başa düşülmür. Hətta Polad Həşimov şəhid olan gün Prezident cənab İlham Əliyev telefonla Səmayə xanımın özünə şəxsən başsağlığı verib. Amma ana oğlunun Kərəm Vəliyev tərəfindən öldürülməsini söyləyir və bununla da bütün kartlar açılır. Axı Kərəm Vəliyevi hamı I və II Qarabağ döyüşünün iştirakçısı, Türkiyə ilə hərbi müttəfiqlik haqqında bağlanan bir çox müqavilənin təşəbbüskarı və ən əsası bir vətənpərvər insan kimi tanıyır. Amma Azərbaycan Ordusuna və vətənpəvər zabitlərinə böyük zərbələr vurmuş, keçirilən bir müşavirədə türklərə rəğbət bəsləyənlərə ağır söyüşlər söyən, I Qarabağ döyüşlərində bir çox uğursuz əməliyyatlara imza ataraq yersiz ölümlərə səbəb olan, Polad Həşimovun olduğu yerin koordinatların ermənilərə verilməsində şübhəli bilinən sabiq qərargah rəisi Nəcməddin Sadıqovun adının çəkilməməsi, bu dərdli ananı danışdıran və ondan öz çirkli məqsədləri üçün istifadə edənlərin kimliyini ortaya qoyur. Buna yalnız təəssüflənmək qalır. İnanırıq ki, şəhid anasından sui-istifadə edən nadanların kimliyi tezliklə açılacaq.

***

Bu ilin əvvəlindən Qazaxıstanda qazın qiymətinin qalxması münasibətilə başlayan etirazlar hökumətin istefası ilə nəticələnsə də, kütləvi dağıntılar, etirazlar, qırğınlar səngimək bilmir.

P.S. Etirazlar ona görə səngimir ki, qardaş Qazaxıstanda vəziyyət ruscadır...

***

Qəzetlərin birində kənd təsərrüfatında baş verən özbaşınalıqdan bəhs edən yazıya belə başlıq qoyulub: “Kürdəmirin kənd bələdiyyə sədri 200 hektar örüş yerinin hamısını bir sahibkara satıb”.

P.S. Rəhmətliyin oğlu, bəs bu yazıq bələdiyyə sədri həmin yeri neçə sahibkara satmalı idi ki?

***

Düşük hərəkətləri və danışıqları ilə tamaşaçıları təngə gətirən aparıcı Zaur Baxşəliyev bir sayta ev almağından danışarkən belə deyib: “Məni ev sahibi edənlərdən biri Elza Seyidcahandır”.

P.S.Heyranına şükür, ya Rəbbim! Belə yerdə deyirlər e, “kor atın kor nalbəndi olar” və yaxud “dostunu göstər, sənin kim olduğunu deyim”. Bir adamın ki, dostu, yol göstərəni, danışığını, geyimini bilməyən, “bir əlim qabağımda, bir əlim dalımda” kimi gic-gici şeirlər yazan Elza Seyidcahan ola, onda Zaur kimi adam da ağzının danışığını da bilməyəcək və efirə də hamam paltarında çıxacaq ki, bu da təbii qarşılanmalıdır.

***

Xəbər verilir ki, “Spotify” da ən çox izləyicisi olan 10 azərbaycanlı müğənninin adı açıqlanıb. Məlum olub ki, ikinci yerdə olan və heç bir məna daşımayan meyxanaları ilə tanınan Üzeyir Mehdizadənin 26 min 997 nəfər izləyicisi var.

P.S. Bu yerdə bir lətifə danışaq, sonra söhbətimizə davam edərik. Bir gün rəhmətlik Əliağa Vahiddə deyirlər ki, filan şair bir qəpiklik şair deyil, amma evi, bağı, maşını, var-dövləti var. Məgər onu sevənlər, səni sevənlərdən çoxdur? Ə.Vahid belə cavab verir: “Yox, yox, məni sevənlər onu sevənlərdən dəfələrlə çoxdur. Amma bəla burasındadır ki, məni sevənlərin hamısı mənim günümdədir”.

İndi Üzeyiri sevən o 26 min 997 nəfər izləyicinin hamısı, elə Üzeyirin günündədir ki, ona o qədər səs veriblər.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN