Teodor Drayzer

Teodor Drayzer (27 avqust 1871, Terre-hot, İndiana, ABŞ-28 dekabr 1945 (74 yaş), Hollivud, Kaliforniya, ABŞ) -Amerika yazıçısı və ictimai xadimi. ABŞ ədəbiyyatında realizmin təsdiqində birinci dərəcəli rol oynamış, mütərəqqi estetik fikrin inkişafına görkəmli töhfələr vermişdir. “Amerika faciəsi”, “Maliyyəçi”, “Dahi”, “ Kerri bacı” və s.məşhur romanların müəllifidir.

Aforizmlər, sitatlar

II Hissə

  • Mən geyinmək istədiyim paltarlarla nə etmək, getmək istədiyim yerlər barədə düşünməyi sevirəm.
  • Geniş təxəyyülə malik insan üçün bayramın yaxınlaşması həmişə möcüzələr vəd edir.
  • Kişilər öz ləyaqətini dərk edən qadınların davranışlarına xüsusi diqqətlə yanaşırlar.
  • Xoşbəxtliyi görməmək nə qədər kədərli olsa da,  başqa birinin əlini uzatsa çata biləcəyi xoşbəxtliyi kor-koranə  axtarmasını görmək isə daha acınacaqlıdır!
  • Qadın sizə öz gözəlliyini, mükəmməlliyini sata bilər, amma onun sevgisi qiyməti olmayan və heç bir pula almaq mümkün olmayan bir xəzinədir.
  • Unutmayın ki,  sevgi, qadının sizə verdiyi yeganə şeydir və o hətta ölümə belə tabe olmur.
  • Ehtiras, ağılı, bütün nəzəriyyə və dəlilləri sarsıdan, məntiqi düşünmə qabiliyyətini müvəqqəti yox edə biləcək bir gücdür.
  • Bu ehtiras məndə ona qarşı həvəs oyadacaq qədər, mənim onu güya sevdiyim barədə təsəvvür yaratmağa məcbur edəcək qədər gücə malikdir.
  • Mən çox kədərlənir və özüm-özümdən soruşuram: həyat  niyə  mükəmməl, yaşadığım sevinc hissi isə əbədi deyil?
  • Hərəkətlərində heç vaxt tərəddüd etməyənlər üçün vəzifə və istək arasında çaşıb qalan zəif insanların əzabını anlamaq çətindir.
  • İnsanlar da ilk növbədə instinktə tabe olaraq hərəkət edirlər və sonra ağılın dəlillərinə tabe olurlar.
  • Nə qədər ki, insanlar maddi nemətlərə malik olmağa can atacaqlar, nə qədər ki, bu, onların əsas məqsədi olacaq, onların ruhu bir o qədər məhv ediləcək.
  • Sənin özünəməxsus tərzdə əylənməyinə heç bir iradım yoxdur, amma mən istəmirəm ki, məni unudasan.
  • İstədiyiniz vaxt iş axtarmağa başlayın, amma bu gün yox.
  • İnsan həmişə əldə etdiyi uğurları əziz tutur və sayıqlıqla qoruyur.
  • Özüm-özümə bəraət qazandırmaq üçün mənə sənin sonsuz tənbəlliyini xatırlamaq  kifayətdir.
  • Xoşbəxtlik nə paltarların , nə də bank hesabının sayı ilə ölçülür və sən onun nədən ibarət olduğunu, harada və necə axtarılmasını bilmirsən. 
  • Onun əvvəllər baş əydiyi dəyərlər birdən-birə saxta çıxdı, gözlədiyi uğur isə çox şübhəli şəkildə məğlubiyyətə bənzəyir.
  • Mən istəyirəm ki, sən maddi uğur, sosial nüfuz və "sadə insan xoşbəxtliyi" arasındakı çətin münasibətlər barədə düşünəsən.
  • Bəzən bir boşqab sup möcüzələr yaradır.
  • Əgər xeyirxah insanlar varsa, dünya bir o qədər də pis deyil!
  • O, arvadına olan hörməti və marağı itirərək, ona diqqətlə yanaşmağı da kəsdi, bu isə qadının nəzərində  başqalarının gözü qarşısında edilən cinayətdən daha pisdir.
  • Hər bir dinləyiciyə elə gəlir ki, danışan yalnız ona müraciət edir. Həqiqi pafosun müstəsna xüsusiyyəti də elə bundadır.
  • Ona elə gəlirdi ki, boş söhbət ürək ağrısını kütləşdirir.
  • Həyatda həmişə düşünən və hiss edən intellektual və emosional adamlara rast gəlinir. Birincilərdən sərkərdələr, dövlət xadimləri, ikincilərdən isə şairlər, xəyalpərəstlər,incəsənət adamları çıxır.
  • İnsanın arzuları hissləri ilə birləşəndə pulun aciz bir şey olduğu ortaya çıxır.
  • İnsan ünsiyyəti mənasında, paytaxt - soyuq və üzügülməz bir yerdir.
  • İnsan öz hisləri sayəsində dahi insan ola bilər.
  • Həyatdan qorxan insan üçün rahat və sakit yaşamaq  çox  inandırıcı bir arqumentdir.
  • Özümüzə olan sevgi bizə özgə adamı necə qiymətləndirməyi, onda nəyin yaxşı, nəyin pis olduğunu təlqin edir.
  • İnsanda şöhrətpərəst arzuların oyanışını, daha yüksək mənəvi səviyyəyə çatmaq istəyini müşahidə etməkdən daha sevindirici heç nə yoxdur. Bundan insan daha güclü, daha aydın və daha gözəl olur.
  • Ev rahatlığı - dünya xəzinələrindən biri; dünyada ona beşikdən öyrəşmiş insanlarda  mənəvi gücün və ədalətin tərbiyəsinə təsir edəcək qədər sakit, incə heç nə yoxdur.
  • Vərdiş çox gülməli bir şeydir ! Yalnız o, tamamilə dinsiz bir adamı inanmadığı duaları oxumaq üçün yataqdan qaldıra bilər.
  • Çiçəklər və qızlar həmişə yeni torpağa köçürülmələrinə heç də yaxşı dözmürlər.
  • Qadınlar həmişə onları bəzəyəcək şeylərə xüsusilə həssas olurlar.
  • İnsan çətin vəziyyətdə olanda, çıxış yolu axtarmağın sadəcə görünüşü ilə necə asanlıqla məmnun olur!
  • Böyük şəhər öz məkrli hiylələrinin köməyi ilə insanları  digər şirnikləşdirici vasitələrdən heç də pis yoldan çıxartmır.
  • On səkkiz yaşında bir qız doğma evindən çıxdıqda ya yaxşı əllərə düşüb sonra yaxşı olur, ya da  paytaxtın əxlaq məsələlərinə dair fikirlərini tez qəbul edir və daha da pisləşir. Burada ayrı bir yol ola bilməz.
  • Həyat yalnız faciə baş verdikdə gözəldir.
  • Maddi dəyərlər uğrunda mübarizəyə ideyaların mübarizəsi qarışanda, rəssamları və şairləri ilhamlandıran həyat çarpışmaları daha faciəli hal alır.
  • Valideynlərin xasiyyətlərinin qarışaraq  dəyişməsini və uşaqlarda təkrar olunmasını müşahidə etmək çox maraqlıdır.
  • Bizim zamanımızda haqqında danışalası heç nə olmayan adamların qeybətini eləmirlər.
  • İstəklə sevgi atəşini sobadakı kömür kimi alovlandırmaq olmaz. Əgər od sönübsə, deməli hər şey bitmişdir. 
  • Tərəzinin gözü taraz olmamışdan əvvəl enib- qalxmalıdır.
  • Hər kəs özündən asılı olmayan temperamentinə görə hərəkət edir və ona görə də onun özü, nə də başqaları onun əvəzindən bu temperamenti idarə etməyi bacarmır. 
  • Heç kim son vaxtlar sərvət əldə edənlər qədər zənginliyin xarici təzahürləri ilə qürur duymur.
  • Dünyada gözəllik adlanan dəyişməz bir şey var. O, filosofun cırıq, işvəli qızın ipək və atlaz paltarına da bürünə bilər.
  • Qürur və xəsislik dünyası idealistə, xəyalpərəstə çəpəki baxır. Xəyalpərəst uçub gedən buludlara baxanda onu  avara hesab edirlər. O, ruhuna sevinc gətirən küləyin səsinə nəğmə kimi qulaq asanda ətrafındakılar onun  əmlakını ələ keçirməyə tələsirlər. Əgər   cansız aləm adlandırılan dünya  onu son dərəcə incə və valehedici bir səslə səsləyib özünə cəlb edərsə, xəyalpərəst bu mühitdə məhv olur. Əsl dünya həmişə belə insanları özünün amansız pəncəsinə keçirir və onlara hakim olur. Həyat məhz bu cür adamları itaətkar kölələrə çevirir.
  • Fəzilət, hamıya və hər kəsə xidmət etməyə hazır olan alicənablıqdır, lakin cəmiyyət bu keyfiyyəti bir o qədər də çox qiymətləndirmir.
  • Hər bir insanın həyatında elə gərgin anlar olur ki, o, boynuna düşən vəzifə borcunu yerinə yetirmək, ədalətli olmaq kimi xarakteri ilə başqa  cür hərəkət etməklə şirnikləşdirici xoşbəxtliyə çata biləcəyi arasında tərəddüd edir.
  • Bəzən həyatımızda baş verən xarici və daxili dəyişikliklərin əhəmiyyəti həmişə bizə aydın olmur. Biz sarsılır, qorxur və sonra sanki əvvəlki varlığa qayıdırıq, lakin dəyişiklik artıq baş vermişdir və biz heç vaxt və heç yerdə əvvəlki kimi olmayacağıq.
  • Aciz, köməksiz insanlar  maraqlı  xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu  havayı bal kimidir.Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar.Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur.İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər.
  • Görmədiyimiz şeylər barəsində təsəvvür yaratmaq,  yaşamadıqlarımızı hiss etmək çox çətindir.
  • Sınmış fincanı bütöv halına gətirmək mümkün deyil. Siz onu yapışdıra bilərsiniz və bütöv adlandıra bilərsiniz, amma o heç vaxt bütöv sayılmayacaq.
  • Həyat ən pis, ən yaxşı anlarda da gözəldir və həmişə də gözəl olmuşdur.
  • Hamıya aydındır ki, bu dünya yalnız sevgidən ibarət deyil. Əlavə olaraq tərbiyə, zənginlik, öz məqsədinə çatmaq bacarığı və maraq oyandırmaq da lazımdır.
  • Müstəqil mülahizə yürütməyə yalnız çox nadir insanlar qadirdir.
  • Yazılmış söz və gizli düşüncə bir-birindən nə qədər uzaqdır!
  • Hər cür zəiflik, hətta zəiflik əlaməti belə insanları qorxudur. Onlar şüursuz şəkildə, sanki infeksiyaya tutulmaqdan ehtiyat edirmiş kimi bu cür adamlardan  çəkinirlər.
  • Qadın və kişi arasındakı münasibətlərdə ən çətin və ən ağır dəqiqələr qarşılıqlı bağlılıq hissin  gücündən və gözəlliyindən uzaq olan xarici şəraitə qurban verilməsidir.
  • Uğursuzluqla uğur sevgi ilə uyğun gəlmədiyi kimi, məyusluq və ümidsizlik də xoşbəxtliklə uyğun gəlmir.
  • Görmək və etmək tamamilə fərqli şeylərdir.
  • Gəncliyin dəlisov çılğınlığı təkrarolunmazdır.
  • Əgər insanların qanuna hörmət etməsini istəyiriksə, qanuni əsas olmadan onlara əsaslanan qərarları dəyişdirməməliyik.
  • İnsanın kölgə adlanan daimi yoldaşı olur.
  • Ətrafındakıların şən, sənin isə tək yaşadığını görmək necə də kədərlidir.
  • Ruhunu məhv edən insanın dünyanı qazanmasından nə fayda?
  • Gözəllik- mükəmməliyin yalan, bizdən tez uzaqlaşan xəyali kölgəsidir!
  • Hissi həvəs ağıl və iradə üzərində qələbə qazana  biləcək qədər gücə malikdir.
  • Hər şeyi olduğu kimi qəbul etmək və ondan böyük fayda götürmək lazımdır.
  • Gözəllik və arzunun olduğu yerdə həyat vardır. Əgər bunlar yoxdursa, həyat da yoxdur.
  • Həqiqəti yalnız düşünə bilən insan dərk edə bilər.
  • Ölüm, həyatın bir maddi formasından digərinə keçən təzahürlərindən biridir.
  • Kasıb bir insanın sizinlə qarşılaşmasına sevinin. Çünki,  ona kömək etməklə özünüzə kömək etmiş olursunuz.
  • Allahın adından zəiflər kömək , güclülər isə zəifləri qul etmək üçün istifadə edirlər.
  • Həyat yalnız puldan və puldan yox, sevgidən ibarətdir!
  • Bəlkə də insanın  öz maraqlarından üstün olan bəzi başqa maraqları da var, amma insan öz xeyrinə hərəkət edərsə, bir qayda olaraq başqalarına da xeyir vermiş olur.
  • İnsan ruhu dincliyə yox, hərəkət etməyə hərisdir.
  • O eşitmişdi ki, oxşar hadisələr başqalarının  başına gəlib, amma o heç vaxt düşünməzdi ki, bu onun da başına gələ bilər.
  • Ayrılıq, hətta sevginin də görünmədiyi qaranlıq bir otaqdır.
  • Bizi əhatə edən xarici mühit həyata münasibətimizi nə qədər dəyişir! Bir insan yoxsuldura, var-dövlət sanki onu müvəqqəti xoşbəxt edər. Əgər o, yad düşüncəli insanlar arasından çıxıb xoş bir mühitə düşərsə, o bir müddət  bütün çətinliklərinin həll edildiyini düşünəcək. Bu, maddi vəziyyətimizdə heç bir dəyişiklik edə bilməyən daxili sakitliyimizə nə qədər az bələd olduğumuzu göstərir.
  • Hər cür zir-zibili həvəslə oxumaqdansa, insanları yaxşı şeyləri oxumağa öyrətmək pis olmazdı.
  • Məndən dinin nə olduğunu soruşsaydılar, bunun insanın mənəvi yaralara qoyduğu isladılmış dəsmal,  qaçılmaz, daim dəyişən, sonsuzluqdan gizlənmək üçün sürünüb gizlənmək istədiyi çanaq olduğunu söyləyərdim. Biz qeyd-şərtsiz bir şey axtarır, tapmayanda onu özümüz üçün yaradırıq.
  • Sosial həyatımızda kor instinktlər həddindən artıq güclüdür və biz demək olar ki, şüursuz olaraq  çox böyük əhəmiyyət verdiyimiz ənənələrə, adətlərə, qərəzli baxışlara və məqsədlərə zidd olan hər şeydən uzaqlaşırıq.
  • İnsan həyatı təhlükələr, dəyişikliklər, gözəllik və yalanlarla doludur;  o, uğur gətirə bilər, insanı məmnun edər, eyni zamanda  vəziyyətdən asılı olaraq uğursuz da ola bilər. Bütün bunlara baxmayaraq, ən pis dəqiqələrdə belə ona dözmək olar.
  • Əksər hallarda  hiylə və yalan qadınlara yaddır. Hissinin səsinə tabe olan, həqiqətən sevən adi bir qadın hiyləgərlik etməyə qadir deyil.
  • Valideynlər, adətən, uşaqlarına yaxşı bələd olduqlarına əmindirlər və zaman keçdikcə bu səhv fikir daha da güclənir. Bu günə qədər heç bir pis şey olmadı, bundan sonra da olmayacaq. Valideynlər hər gün övladlarını sevgidən kor olmuş gözləri ilə görür və uşaqlarını çox yaxşı tanıdıqlarını hesab edirlər və onlar  nə qədər cazibədar olsalar da, şübhəsiz, hər cür cazibələrdən sığortalanıblar.
  • Əgər bədbəxtlik gəlməyə başladısa, o hər yerdən gələcək.
  • Bir insan mənəvi və zehni cəhətdən digər insandan fərqlənir.İnsanların baxışları,fikirləri dəyişir və buradan da qarşılıqlı münasibətlərdə dəyişikliklər baş verir.
  • Həyat, qaranlıq, sirri açılmayan bir sirrdir. Amma buna baxmayaraq, onun tərkib hissəsi güc və zəiflikdir. Güc qələbə çalır, zəiflik isə məğlub olur.
  • Kobud zorakılığın fayda verib-verməməsi məsələsi hələ heç kim tərəfindən həll olunmayıb. Zorakılıq bizim fani varlığımızla elə bir tərzdə bağlıdır ki, hətta qanunauyğunluq xarakterini alır. Bundan əlavə, bəlkə də, həyat adlanan tamaşaya görə ona borcluyuq.
  • Həyat müharibə, strategiya onun qanunu, təməl daşı, zərurətidir.
  • İnsan şüuruna yaradıcı başlanğıc xasdır və onun üçün həll edilməmiş istənilən problem əzabvericidir.O, hər hansı bir yarımçıq iş kimi, həyatı sağlam dərk edən bir insana rahatlıq vermir.
  • Güclü bir insan həmişə digərinə hörmət edir.
  • Yalnız cəsur və həqiqi gücə sahib olan və öz gücünə inanan insanlar həyatın üzünə qorxmadan baxa bilərlər.
  • Qanun, güclü insanların əlində  qılınc və qalxan, ağzıaçıq, maymaqlar üçün tələ, təqibçilər üçün isə canavar çüxuru ola bilər. Qanunu hər yerə yozmaq olar. Bu, qadağan edilmiş şeylər üçün bir əl yeri,  görmək hüququndan istifadə etmək istəyənin gözünə üfürülən tozdur.
  • Bir az gözüaçıqlılıq,bir az dərrakə, bir az uğur - zaman və təsadüf- məsələni əsasən həll edən budur.
  • Əsl insan heç vaxt istər özünün, istərsə də özgəsinin marağının casusu, itaətkar icraçısı, oyunçusu ola bilməz.
  • Əsl insan başqasının əlində alət ola bilməz.
  • Müharibə etməyə onun özünün həvəsi yox idi.Çünki, xüsusi bir fərdiliyi ilə seçilən bir insan üçün müharibə etmək boş, mənasız bir məşğulyyətdir.
  • Axmağın  düşə biləcəyi alçaqlığın dərinliyi ölçüyəgəlməzdir.
  • O, bir çox zəif və məhdud adamlar kimi ədaləti və ədəbliliyi hər şeydən üstün tuturdu.
  • Birinin dərdinə şərik olma və məhəbbət göstərmək, əlbəttə ki, yaxşı işdir,  amma bununla yanaşı, ehtiras və həvəs də saxlanılmalıdır.
  • Yaxşı  nüfuzdan və sabit mövqedən daha dəyərli bir şey yoxdur.
  • Xarakterlərin qarşılıqlı əlaqəsi nəticəsində yaranan ən incə reaksiyaları müəyyənləşdirmək mümkün deyil, çünki heyran olduğumuz mövzunun bizə nə dərəcədə təsir etdiyini heç kim bilmir.
  • Həqiqətdən irəli gələn təəssüratı bəzən müvəffəq olsa da, hər hansı hiylə ilə zəiflətmək çətindir.
  • Bəzən həqiqəti söyləmək faydalıdır, bəzən isə yox.
  • Fırtınada istənilən liman yaxşıdır.
  • Hər bir insan bir şeyə can atır: mümkün qədər xoşbəxt olmaq. Həyatın isə başqa vəzifələri var və  ayrı-ayrı şəxslərin rifahı onu çox az maraqlandırır.

 Tərcümə etdi: Şakir Millət oğlu Qurbanov