booked.netbooked.net booked.net  

Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı Səttarxan 20 oktyabr 1868-ci ildə Təbrizdə anadan olmuşdur.

Səttarxan Qaradağ vilayətində azərbaycanlı ailəsində anadan olmuşdur. Qaradağ bölgəsindən olmağını ona ləqəb kimi "qaradağlı" deyilməsi sübut edir lakin hansı kənddə doğulması ilə bağlı ortaq yekun bir fikir yoxdur   Azərbaycan Sovet Ensiklopediyasına görə o Qaradağ vilayətinin Məmmədxanlı mahalında (hazırda Mincivan) anadan olub. Alman islamşünas Anya Pistor Hatam isə onun doğum yeri kimi Canəli kəndini göstərir.

Qafqazşünas P.Petroviçə görə, Səttar xan kiçik yaşlarında əkin sahələrində işləyib çobanlıqla məşğul olub. Gənc yaşlarında qardaşı İsmayıl ilə birlikdə həbs olunaraq Təbrizə aparılır. Buna səbəb isə şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətmələri olmuşdur. İ. Əmirxizinin yazdıqlarına görə İsmayılı edam edib, Səttarı isə 3 aylıq həbs edirlər.

1888-ci ildə Səttarı yenidən həbs edirlər bu dəfə onu Ərdəbildə yerləşən və xüsusi nəzarət olunan məhbusların saxlanıldığı Narın qalaya yerləşdirirlər. Burada o iki ilini keçirir. Həbsxanada tanış olduğu Haşım adlı bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi ilə zindandan qaçır. Mərəndə gedənə qədər şahsevənlərdən olan yurtiçi və alarlı tayfalarına qoşulur və onlarla birgə yaşayır. Əmirxiziyə görə Səttar xanın həbs olunması və həbsxanada keçirdiyi illər onu şah rejiminə qarşı daha da amansız edir. Sonrakı illərdə Səttar Mərənd-Salmas-Xoy yolunu mühafizə edən dəstədə xidmət edir. Bu işi tərk etdikdən sonra əvvəl Tehrana, sonra isə Xorasana gedir.

Səttar xanın sonrakı həyatı ilə bağlı fikirlər müxtəlifdir. "Russkie vedomosti" qazetinə görə Səttar xan bir müddət Zaqafqaziyanın sənaye mərkəzlərində, İrəvan dəmir yolunun çəkilməsində, kərpic zavodlarında və beş il müddətində Bakı mədənlərində işləyib. Bəzi mənbələrə görə isə Məşrutə inqilabına qədər o, Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan, rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Lakin rus tədqiqatçı P.Petroviçin etirafına görə o özü də 1893-1908-ci illər arasında Səttar xanın fəaliyyəti haqqında dəqiq məlumatlara sahib deyil.

Məşrutə hərəkatı

Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı. Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə əcnəbi silahına söykənib xalqa divan tutmağa başlayır. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu. Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başlandı. Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla "Mərkəze-Qeyb"in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük xidmətləri olmuşdu. Bundan başqa Şimali Azərbaycandan da Məşrutəyə dəstək verilirdi. Milyonçular Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev və digərləri mucahidlərə pul və silah yardımı edirdilər. Heydər xan Əmioğlu, Abbas Rzazadə kimi yüzlərlə fədai məhz Şimali Azərbaycandan əksinqlabçılara qarşı döyüşmək üçün Təbrizə gəlmişdilər.

1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Mir Haşimin başçılığı altında şahın 40 minlik silahlı qüvvələri və tərəfdarları Təbriz şəhərini ələ keçirməyə və mücahidlər, fədailər və əncümənlərlə birdəfəlik haq-hesab çəkmək fikrinə düşdülər. Mir Haşimiyə Mərənd xanı Şüca-Nizamın və Təbrizin qərb hissəsinin-Qaraməlik məhəlləsinin dəstələri də qoşuldular. İrticaçılar əvvəlcə Təbrizin, Səttar xanın fədailərinin əlində olan şimaldaki Əmirəqız məhəlləsindən başqa, şimal-şərq hissəsini - Dəvəçi məhəlləsini, Şeşgilan və Bağmeşə məhəllələrini ələ keçirdilər. Şəhərin cənub-şərq hissəsi Bağır xanın fədailərinin əlində idi, onların əsas bazası Xiyaban məhəlləsi idi. Təbrizdə döyüşlər başlayandan sonra Təbriz əncüməninin mülkədar-liberal kəsimi xarici ölkələrin konsulluqlarında gizləndilər. Əncümən sədri Bəsir əs Səltənə və Əclal əl Mülk rus, Hacı Mehdi Kuzəkünani və Şeyx Səlim Osmanlı, Mirzə Hüseyn Vaiz - fransız konsulluqlarında bəstə oturdular. Əksəriyəti mülkədar, tacirlər və ruhanilərdən ibarət Təbriz əncüməni müvəqqəti olaraq dağıldı. Mürtəce dəstələrə qarşı mübarizəni - Təbriz sosial-demokrat mücahidlər təşkilatlarının başçıları- Əli Müsyo, Davafuruş, eləcə də Səttar xan və Bağır xan davam etdilər.

Bir çox məhəllələr müqaviməti dayandırıb ağ bayraqları qaldırdı. Təbrizin yalnız bir məhəlləsi ağ bayraq qaldırmadı – Səttar xanın başçılıq etdiyi Əmirəqız məhəlləsi. Şəhərdə qalan mucahidləri bir yerə yığan Səttar xan inqilabın tarixində dönüş yaradan hünər etdi. Kiçik dəstə ilə hücuma keçərək, Təbrizin mərkəzi hissəsində ağ bayraqları inqilab rəmzi qırmızı bayraqla əvəz etdi. Bu addım inqilabçıları ruhlandırdı və Təbrizi Məşrutə inqilabının mərkəzinə çevirdi.

Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.

Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.

Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttar xanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, konsulun təklifləri müqabilində Səttarxan bildirmişdi:

"Mən Məşrutəyə nə sərvət, nə də məqam üçün yox, azadlıq üçün qoşulmuşam. Bunu ala bilsəm, bir parça torpağı əkib-biçməyim mənə kifayətdir".

Hərəkatın başçısını və "Müdafiə Şurası" üzvlərini ələ almağın, aldatmağın mümkünsüzlüyünü görən çar Rusiyasının Təbrizdəki konsulluğu, onun əlaltıları xəyanətə və hiyləyə əl atdılar. 11 aylıq mühasirə ilə əlaqədar aclıqdan, ərzaq çatışmazlığından dözülməz dərəcədə əziyyət çəkən Təbriz sakinlərinə "kömək" məqsədilə Culfa-Mərənd-Təbriz yolunun silahlı mücahidlərindən təmizlənməsi və "azuqə" gətirən rus hərbiçilərinə toxunmamaq haqda Təbriz Müdafiə Şurasından icazə alındı və bu ad altında silahlı 5 minlik rus qoşunu 1909-cu il aprelin 25-də Təbrizə daxil oldu. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.

 1910-cu ilin 7 avqustunda şah qoşunları və daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Aldığı güllə yarasından sonra əsir düşən Səttar xana Təbrizə geri dönməyə icazə verilmir. Aldığı yaraya görə uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişir.

Şakir QURBANOV

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN