booked.netbooked.net booked.net  

Narkotiklə mübarizə BMT sənədlərində və reallıqda - faktlarla

...Müasir dövrdə elm- texnologiya inkişaf etdikcə, beynəlxalq ünsiyyət artdıqca, cəmiyyətə həm müsbət və çox təəssüf ki, həm də mənfi təsirlərini göstərməkdədir. Beynəlxalq inteqrasiya qarşımızda nə qədər imkanlar yaratsa da, yeniliklərə asan çıxış yolu açmağa şərait yaratsa da, transmilli mütəşəkkil cinayətlərə də yaşıl işıq yandırmış oldu. XXI yüzilliyin ən aktual və qorxulu kabusuna çevrilmiş transmilli cinayətlərdən biri isə narkotiklərin qanunsuz dövriyyəsidir. Bu problem o qədər qlobal və o qədər dərin köklərə malikdir ki, dünya dövlətləri hər il bu sahə ilə mübarizəyə külli miqdarda vəsait xərcləyir. Bəs, ölkəmizdə vəziyyət necədir?

***

Öncə qeyd edim ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 22 iyul 2019-cu ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na dair 1334 nömrəli Sərəncam imzalayıb. Qeyd edək ki, bu, ilk sərəncam deyil. Daha öncə də Prezident eyni məzmunlu Sərəncam imzalayıb (2013-2018). 

Və bu Sərəncamın icrası ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası müxtəlif tədbirlər həyata keçirir - paytaxt küçələrindəki elektron lövhələrdə sosial roliklər nümayiş etdirilir, həmçinin “BakuBus” avtobuslarında mövcud olan monitorlarda yayımlanır, cəzaçəkmə müəssisələrində xəbərdaredici sosial lövhələr quraşdırılır, müxtəlif tədbirlər, görüşlər keçirilir və ilaxır...

Ölkədə bu sahə ilə bağlı mövcud durumu araşdırmaq üçün son 5 ilin statistik nəticələri ilə tanış olduq və bu nəticələri qarşılaşdırdıq. Qeyd edək ki, bu statistik rəqəmlər Statistika Komitəsinə, Daxili İşlər Nazirliyinin (DİN) və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatlarına əsasən hazırlanıb.

Beləliklə, 2017-ci il ərzində qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisi (yaşıl kütlə xaric) 1 ton 202 kq 065,799 qr təşkil edib. Bura daxildir: marixuana- 676.226,576 qr, tiryək - 242.419,444 qr, heroin - 196.786,845 qr, həşiş - 20.327, 234, psixotrop maddələr, prekursorlar və digərləri- 66.290, 853 qr və 14,847qr kokain, 1645 həb və üstəgəl 174 ton 420 kq 537 qr yaşıl kütlə.

2018-ci il ərzində - ümumi çəkisi 2 ton 553 kq 570,976 qr  və 14819 ədəd çətənə kolu və 18791 ədəd həb. Bura daxildir: marixuana - 749 kq 246,058 qr, tiryək - 371kq 813,146 qr, heroin - 1 ton 219 kq 802,168 qr, həşiş - 70 kq 576,012 qr, psixotrop maddələr - 7 kq 023,269 qr,  digərləri (qurdulmamış marixuana və metadon) 123 kq 922,9 qr və 18791 ədəd həb və 132 ton 165 kq (248 min 802 ədəd) yaşıl kütlə.

2019-cu il ərzində: marixuana - 820 kq 979,4 qr, tiryək - 332 kq 674,9 qr, heroin - 2 ton 091 kq 016,4 qr, psixotrop maddələr və digərləri  - 232 kq 674,9 qr , həşiş - 27 kq 831,3 qr, kokain - 4 kq 009 qr və 126 ton 844 kq  (247 min 964 ədəd) yaşıl kütlə.

2020-ci il ərzində: ümumilikdə 3758, 4 kq narkotik vasitə və psixotrop  maddələr müsadirə edilib (2019-cu ilin göstəricilərindən 13,3 % çox ). Bura daxildir  - heroin -2341,1 kq, marixuana  904,5 kq , tiryək - 277,9 kq,  həşiş, həşiş qətranı və yağı - 65,4 kq, kokain - 1, 3 kq  və 168,2 kq digər narkotik vasitələr.

Məlumat üçün qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə ölkədə qeydə alınmış 26 004 cinayət hadisəsinin 5252-si, başqa sözlə, 20,2 %-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur.  Bu da 2019-cu ilin göstəricisindən 19,8 faiz  çoxdur.

Və sonuncu  - 2021-ci  ilin yalnız 3 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı: marixuana - 326 kq 541, 49 qr, tiryək - 147 kq 157,972 qr, heroin - 656 kq 378.952 qr, həşiş - 25 kq 734.08 qr, kokain - 89,679 qr, 5 kq 881,85 qr güclü təsir edən maddələr, 4,05 qr zəhərli maddələr, 29 kq 418, 755 qr metamfetamin, 637,84 qr digər narkotik vasitələr, 101 kq 861,049 qr isə pxisotrop maddələr.

Müsadirə olunmuş narkotik vasitələrin ümumi çəkisi isə 1 ton 287 kq 819,817 qram təşkil etmişdir. Narkotik vasitələri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı isə 31 fakt aşkarlanıb.

Təhlillər göstərib ki, qeyd edilən faktlar ötən ilin eyni dövrü ilə müqayisədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq -mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 510, qanunsuz satışı ilə bağlı 147, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 356, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid, məsuliyyətə cəlb edilən şəxslərin sayı isə 300 nəfər artıb.

***

Qeyd edək ki, hüquq-mühafizə orqanları 2021-ci ilin 1-ci rübündə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 26-sı qadın olmaqla 1071 nəfəri cinayət məsuliyyətinə cəlb ediblər ki, onlardan da 286-sı 16- 30 yaş qrupuna daxil olan şəxslərdir. Məsuliyyətə cəlb edilənlər arasında isə 12 nəfər xarici ölkə vətəndaşı olmuşdur - 4 nəfəri İran İslam Respublikası, 3-ü Gürcüstan, 2-si Türkiyə Cümhuriyyəti, 2-si Ukrayna, 1-i isə Rusiya. 

Göründüyü kimi, Daxili İşlər Nazirliyinin narkotikaya qarşı mübarizəsi gündən-günə genişlənir. Bu mübarizənin önündə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dayanır. Tanınmış politoloq Rövşən Novruzoğlunun açıqlamasına görə, Vilayət Eyvazovdan əvvəl ABŞ-ın Ədliyyə Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsində Azərbaycan həmişə tənqid edilib. “Birləşmiş Millətlər Təşkilatının (BMT) sənədlərində Azərbyacanın adı həmişə axırıncı yerdə çəkilib. Lakin bu fakt təhrif edilərək, ictimaiyyətdən gizlədilib... V.Eyvazovun nazir postuna təyinatından 2 il keçir (20 iyun 2019 - red). Bu iki ildə Azərbaycanda narkotikaya qarşı mübarizə strategiyası dəyişdi. Azərbaycanın İran İslam Respublikası ilə, Türkiyə ilə, Gürcüstanla və bədnam qonşumuz olan Ermənistanla olan strategiyasına yenidən baxıldı. BMT-də Azərbaycanın Daxili işlər naziri Vilayət Eyvazovun irəli sürdüyü mübarizə strategiyası, təklifləri bəyənilərək müzakirəyə çıxarıldı. İran İslam Respublikası da, Türkiyə Cümhuriyyəti də, Gürcüstan da bu istiqamətdə yeni layihələr irəli sürdü. Azərbaycan DİN-in rəhbərliyi Azərbaycan Dövlət Sərhəd Xidməti ilə, Dövlət Gömrük Komitəsi ilə birgə ABŞ üçün, BMT-nin Narkotiklərə Qarşı Mübarizə İdarəsi üçün birgə layihələr işlədilər. Və bu layihələr işlənərkən Azərbaycan Respublikası Prezidentinin təklif və tövsiyələri əsas götürüldü.

Məlumata görə, Azərbaycanın İran İslam Respublikası ilə birgə narkotiklərə qarşı mübarizəsi ilə bağlı müşavirəsi də keçiriləcək”. 

Bəli, qeyd edilən statistik məlumatlar, əsasən də son 3 ay ərzində keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi ona dəlalət edir ki, hüquq-mühafizə orqanları sürətli templə bu üzqaraldan biznes şəbəkəsinin qol-qanadlarını qırmaqda davam edirlər.

***

Azərbaycan Səhiyyə Nazirliyinin 2020-ci ilin sonuna olan məlumatında isə bildirilir ki, ölkə üzrə 33788 nəfər narkomanlıq diaqnozu ilə bağlı qeydiyyata götürülüb. Onlardan da 618 nəfəri qadındır. Və biz onu da yaxşı bilirik ki, bunlar rəsmi rəqəmlərdir, narkotika istifadəçilərinin sayı qeydiyyata düşənlərdən daha çoxdur...

Çox təəssüflənəsi haldır ki, bu bəlaya düçar olanların bir çoxu müalicə müəssisələrində müalicə kursları keçsələr də, heç də hamısı bu dəhşətli bəlanın girdabından qurtara bilmirlər. Onlar həm ailələri, həm də cəmiyyət üçün ağır yükə çevrilirlər. Onları bu vəziyyətə salan isə, təkcə zəif iradə sahibi olmaları deyil, bu vasitələrin hələ də əlçatan olmasıdır. Bildiyimiz kimi, ölkəmizə bəzi narkotik bitkilər istisna olmaqla bütün narkotik vasitələr xaricdən gətirilir. Böyük pullar gətirən bu dəhşətli və lənətli biznes şəbəkəsinin idarəçiləri isə ölkəyə hansı gizli yollarlasa narkotik vasitələri keçirməyə nail olurlar. Son dövrlər bu ticarətin başbilənləri narkotik vasitələri gizlətmək üçün o qədər üsul və vasitələrdən istifadə edirlər ki, onlar aidiyyəti qurumlar tərəfindən aşkarlanan zaman bu “bacarığa” mat qalmamaq olmur. Baxmayaraq ki, gömrükçülərimiz, sərhədçilərimiz və hüquq-mühafizə orqanlarının əməkdaşları tez-tez onları aşkarlayaraq ifşa edir və cinayət məsuliyyətinə cəlb edilirlər. Lakin bu işin təşkilatçıları və sifarişçiləri, həmçinin daşıyıcıları mümkün ola biləcək həbsxana divarlarını gözə alaraq usanmadan, çəkinmədən bu işlə məşğul olurlar. Bir çox hallarda isə həbsxanaya bu qanunazidd yükün satıcıları -daşıyıcıları gedir və ən böyük zəhərli başlar isə bəzən ölkə xaricində fəaliyyət göstərir.

Ölkəmizdə qanunlarda humanistliyə nə qədər önəm verilsə də, bu cinayət sahəsi elə dəhşətli, elə amansızdır ki, düşünürəm ki, bu şəxslərə, ümumiyyətlə, şamil edilməməlidir. Onların cəzası ən ağır, çoxsaylı qətl hadisəsi törətmiş şəxslərlə eyni ölçülməlidir: Çoxmu mərhəmətsiz təklif oldu?! Amma nəzərə alsaq ki, qeyri-leqal narkotiklərin təsiri altında olan hər hansı bir gənc, hətta ailə üzvlərinə qarşı xüsusi qəddarlıqla qətl hadisəsi törədirsə, intihar edirsə, həmin vasitələri əldə etmək üçün soyğunçuluq, quldurluq edərək həm başqalarına zərər vurub, həm də öz həyatını məhv edirsə, ailələr param-parça olursa, cəmiyyətə zərər dəyirsə, ağlagəlməz cinayətlər törədilirsə, niyə də deyilən təklif acımasız sayılmalıdır? Bu gün cəmiyyətimizdə nə qədər ailələr, məhz bu “ağ ölümün” bəlasını çəkir, müxtəlif xəstəliklərə mübtəla olur, hətta bir çox tanınmış ailələr var ki, bu bəlaya düçar olmuş övladlarını cəmiyyətdən gizlətməyə çalışırlar. Bu gün bu dəhşətli biznesin qurbanları sırasında çox təəssüf ki, yeniyetmələr də var. Əlbəttə, bu işlə həm məktəb, həm ailə, həm də cəmiyyət birgə mübarizə aparmalıdır. Lakin nə qədər qəddar səslənsə də, bu biznes şəbəkəsini ən azından ölkə daxilində sıradan çıxarmaq üçün qanunlarımız daha da sərtləşdirilməlidir. Narkotik ticarəti ilə məşğul olan heç bir kəsə şans verilməməlidir. Bilməlidirlər ki, onların həbsxana həyatı 30 il, 40 il, ömürlük ola bilər...

Bu gün bu dəhşətli biznesin havadarlarının qol-qanad açmalarına aman verilməməlidir, cünki bu gün biz onlara aman versək, onlar bizim gələcəyimizə - gəncliyimizə aman verməyəcəklər.

Sonda qeyd edək ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, artıq 34  ildir ki, dünya əhalisi 26 iyunu “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd edir.

Gəlin narkotikə birlikdə “YOX” deyək!

Yasəmən Məmmədli

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN