booked.netbooked.net booked.net  

SÜLHÜ QORUMALI OLANLAR İSƏ “NƏ GÖRÜR, NƏ DƏ EŞİDİR”

 …Azərbaycan ordusu, başda Ali Baş Komandan İlham Əliyev olmaqla, 44 günlük Vətən müharibəsi zamanı işğalçı Ermənistanın dizini yerə qoydu. Ermənistan ordusu darmadağın edildi. Məcburi surətdə Qarabağa göndərilən və öldü-qaldısından xəbər tutulmayan çoxsaylı erməni əsgərlərinin yaxınlarının hədələrindən, ölkədaxili xaosdan,  işğalçı ordunun başıpozuq dəstələr halında Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməməsindən dili topuq çalan Paşinyan kapitulyasiya aktına imza atdı. Ağ bayraq qaldırdı. Və anladı ki, xaricdəki havadarları onları nə qədər dəstəkləsə də, Ermənistanı onların lakeyinə çevirsə də xeyri yoxdur – döyüşdə şir ürəkli Azərbaycan əsgərinin qarşısında işğalçı olduğunu dərk edən əsgər duruş gətirə bilməz, işğalçı ölkə də bir gün süqut  etməlidir.  

***

 Şuşa qəhrəman oğullarımızın qanı və canı, ölçüyəgəlməz şücaəti nəticəsində işğaldan azad edildikdən sonra isə Azərbaycan Ordusunun, hətta dədə-baba torpaqlarımız olan İrəvanı da geri alacağına Ermənistan cəmiyyətində heç bir şəkk-şübhə qalmamışdır. 44 günlük İkinci Qarabağ – Vətən  müharibəsindən sonra isə Ordumuzun güc-qüvvəti, düşmənə qarşı apardığı taktiki gedişləri, əməliyyat planları dünyanın ən tanınmış orduları tərəfindən öyrənilməyə, müzakirə edilməyə səbəb oldu.

İndi isə bir daha o tarixi günə - 10 noyabr 2020-ci il Bəyanatına nəzər salaq. Həmin üçtərəfli bəyanat Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmışdır. 

Bəyanatın bəndləri: «1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək».

Görünən budur ki, Azərbaycan tərəfi Bəyanat imzalandığı gündən üzərinə düşən bütün vəzifələri yerinə yetirdi - əsirlər qaytarıldı, cəsədlərin axtarılmasına, ərazidən çıxarılmasına şərait yaratdı və s. Ən başlıcası, 3-cü bəndə  əsasən Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda təmas xəttində və Laçın dəhlizi boyu yerləşdirilməsinə şərait yaratdı. Sülhməramlıların gəlişinin və həmin ərazilərdə yerləşdirilməsinin məqsədi və vəzifəsi də həmin marşrutun mühafizəsini təmin etmək, atəşkəsə nəzarət etmək, bəyannamənin şərtlərində vurğulandığı kimi sülh yaratmaqdır.

 Son günlər baş verənlərə nəzər saldıqda isə görürük ki, bölgədə ermənilərin yenidən “at oynatmasına”, sanki şərait yaradılır. Dünən- iyulun 14-də saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Həmçinin ətraf ərazilərdə yanğınlar baş verib. Yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan atəş açıb. Atəş nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət mayoru Əhmədli Elvin Südeyif oğlu çiyin nahiyəsindən yaralanıb

 Bu gün də iyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Diqqət çəkici məqam  - Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Sual olunur: qanunsuz silahlı erməni dəstələri Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə necə keçə bilir, bu qanunsuz silahlılar istifadə etdiyi silah-sursatı ora necə daşıya bilir ki, onları sülhməramlılar “görmür”. Göydə uçan quşu da gözündən vura biləcək ayıq –sayıq olmalı olan sülhməramlılar necə ola bilir ki, bu silahlı “dəstələrin” əlaqələrini, marşrutlarını izləyə bilmir, rabitə əlaqələrini aşkarlamır? Erməni “dəstələri”ndəki bu arxayınlıq, görəsən nədən qaynaqlanır ki, rahatlıqla, “nevidimka” kimi istədikləri vaxt istədikləri yerlərdən ortaya çıxa bilmə hünərinə sahib olurlar? Və bu aktivləşmə son günlər daha qabarıq şəkildə özünü büruzə verməyə başlayır. Həmçinin nəzərə alsaq ki, bu, ermənilərin 8 ay ərzində törətdikləri ilk təxribat cəhdləri də deyil...

 Amma keçək əsas məsələyə - dünən Ermənistan silahlıları mövqelərimizi atəşə tutan gündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Bu dəfə cənab prezidentin rəhbərliyi altında 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Prezident çıxışı zamanı həm Ermənistana, həm də hələ də onlara havadarlıq edən ölkələrə bir daha ismarıc göndərib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var: “İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur.”

Vəssalam, bu qədər açıq, bu qədər konkret!

Biz də bir daha Ermənistanı “peşka” kimi oyunlara cəlb etmək istəyən Nikolun menyusuna çatdırırıq ki, Prezident İlham Əliyev deyirsə ki, biz dədə-baba torpaqlarımıza mütləq qayıdacağıq, deməli, qayıdacağıq! Çünki Paşinyan da, bütün dünya dövlətləri başçıları da çox gözəl bilirlər ki, Prezident verdiyi vədə mütləq əməl edəndir və bunu Qarabağ məsələsində hamı dərk etdi. Paşinyan da, onu qızışdırıb gülünc revanş ülluziyasına qapılanlar da bunu dərk etsələr özləri üçün yaxşı olar, çünki “eşşək iki dəfə palçığa batmır…»!

YASƏMƏN MƏMMƏDLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yayımlanıb).

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN