booked.netbooked.net booked.net  

Havalar istiləndikcə, əsasən də həftəsonları və bayramlarda bölgələrə gedənlərin sayı çoxalır.

COVİD-19 səbəbindən ölkə xaricinə istirahətə gedənlərin sayında dəfələrlə azalma müşahidə edilsə də, həm  ölkədaxili turist turları vasitəsilə, həm də sərbəst şəkildə respublikanın istirahət üçün uyğun olan bölgələrinə üz tutanların sayında artım müşahidə olunur. İlbəil bölgələrə gedən avtomobil yollarında təmir işləri aparılır – yeni asfalt vurulur, genişləndirilir, əhalinin, ölkəyə gələn qonaqların, turistlərin daha rahat və səliqəli avtomobil yollarından istifadəsi üçün yol təsərrüfatı işçiləri gecə-gündüz çalışırlar. Bu səliqənin, yol kənarı yaşıllaşmaların, ekoloji təmizliyin qorunması üçün külli miqdarda vəsait xərclənir; həmçinin vaxt və zəhmət .

Belə magistral yollardan biri də Bakı –Şamaxı yoludur. Bu magistral avtomobil xəttində son dövrlərədək təmir-bərpa işləri davam etdirilib. İndi də rayon ərazisindən keçən hissəsində abadlıq işləri aparılır. Rayon ərazisində yolların və ekoloji təmizliyə nəzarət edən işçilərin fəallığı gözdən qaçmır. Yolların rahatlığına, yolətrafı ərazilərdəki yaşıllıqların qorunmasına, yeni yaşıllıqlar salınmasına heyran olmamaq, sevinməmək olmur. Nə gözəl yollarımız var!

…Amma yol boyu şütüyən maşınların sərnişinlərinin və sürücülərinin bir çoxunun mədəniyyətsizliyi və pintiliy isə göz çıxardır. Bunu sarı xətlə rənglənərək işarələnmiş yolların kənarına atılan zibillərdən asanlıqla görmək olur. Yol kənarında satılan qarğıdalıları yeyib orayaca tullayan kim, maşınlardan plastic su butulkalarını, siqaret qutularını, polietilen torbalardakı yol azuqələrinin qalıqlarını atan kim…

Günəşin göydən od yağdıran vaxtında əlində iri torbalarla onların bu zibillərini toplayan, yollara nəzarət edən fəhlənin gündən yanmış üzünü gördükdə isə bu məsuliyyətsizliyi, pintiliyi edənlərə qarşı qəzəbin birə-beş artır. Magistral yolun Şamaxının Mərzəndiyyə kəndi ərazisindən keçən hissəsində zibil toplayan təmizlik işçisi ilə həmsöhbət oluruq. Sürücülərdən dad döyür, şikayətlənir: "Hər gün bu ərazidən kisələrlə zibil toplayırıq. Bu mədəniyyətsizlikdir... Sürücülərimiz niyə ekologiyamıza bu qədər laqeyddirlər?".

 Ekologiyaya vurulan zərbə, yolların təmizliyinə xələl gətirmə bir yana, insanların əməyinə sayqısızcasına yanaşmaya nə ad vermək olar? Ümumiyyətlə, ətraf mühiti çirkləndirənə insan demək olarmı?.. Zibilini avtomobilində, çantasında saxlayıb zibil qutusuna aparıb atanadək səbr etməyən şəxsə hansı adı vermək olar?

Bəli, yol mədəniyyətdir, yol bizi evlərimizə aparan cığırdır. Yollarımız təmizdirsə, abaddırsa, səliqəlidirsə demək biz həm özünə, həm də gələn qonağına  hörmət edən xalqıq. Yolları təmiz saxlamaq da bir mədəniyyətdir. Və bu mədəniyyət elə özümüzdən başlayır.   

JASMİN   

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN