Nizami Süleymanoğlu

Xəlbir ələkdən soruşur: Sənin gözlərin niyə belə kiçikdir?

Ələk cavab verir: Sənin gözlərinin seçə bilmədiyini tutub saxlamaq üçün...

Kainatın özü uğura inamın tərənnümündən ibarətdir. İnanılan yol görünən yoldur. Amma pozuq baxışlardan fəlakət törəyər. Baxış səmimi olmalıdır. Yamanlıq var yaxşılıq xatirinə edilir, yaxşılıq var yamanlıq xatirinə... Halları, məqamları qarışdırmaq doğru deyil.

İnsanlar ehtiyatlı tədbir kimi özgürlüyə qarşı olan güclərdən müəyyən zaman epizodlarında çəkinə bilər. Amma çarə sonda cəsarət olur. Fərqli səbəblərdən yaranır cəsarət. Xalisi-əsli Tanrıdan gələr. Cəsarətin təsiredici gücü yayıcılığındadır. Yalan deyil, gerçək - mənəvi güc verər. Qorxuya, yalana alternaıtiv kimi gerçəklik sipərə çevrilməyi sevər. GERÇƏK İNSAN qəlblərin sıxışdırılmasına, ruhların qorxu ilə bəslənməsinə özlüyündən izn verməməyə çalışar, bəşəriyyətə özgürlük, azadlıq duyğuları aşılayar. Xarici, daxili mühitin şərt-şəraitlərindən, təsirlərindən asılı olmayaraq GERÇƏKLİK ŞƏRİN DEYİL, ÖZ GERÇƏYİNİ SƏRGİLƏYƏR.

Dünya həqiqətlərlə idarə olunmur, olunacağı da illüziya... Çünki ideologiyaların keçərli alternativi də elə ideologiyadır. Fərqli izmlərin ideologiyaları... Məsələ ideologiyaya inamda, ya inamsızlıqda deyil. Çıxarçı ideologiyaların dünya məntəqələrində hakim olmasındadır və bu mövcud həqiqət!

Hər şey demokratiya, insan azadlığı, insan haqları və sair pərdələr altında tətbiq edilir. Əslində bunlar balığa qarmaqda soxulcan göndərmək kimi bir bənzəyişdir. Balıq bilməsə də balıqçı bilir ki, məqsəd balığı qidalandırmaq deyil, onun ağzını qarmağa keçirib tutmaqdır. Bu fikir 2015-ci ildə müəllifi olduğum “Uzaqları yaxından görənlər” kitabındandır.

Öz vərdişlərinə daha dərin mənalar, iddialar yükləyib bağlananlar daha güclü, bacarıqlı ola bilir. Güclərini fərqli vasitələrlə istədikləri zaman və məkanlarda hərəkətə keçirir. Dünya proseslərinə istiqamət verən Kürəsəl Güc öz ağıl imkanlarından dünya miqyasında istifadə etməklə, bəşəriyyətin ağılsızlığından da çox uzun onillər, hətta əsrlərdir ki, faydalanır. Dünya hakimlərlə məhkumlara bölünmüş kimi. Hakimlər demokratiya fəndləri ilə bəşəriyyətə lazımsızı, gərəksizliyi təlqin edib. Bəşəriyyət indi-indi anlamağa başlayır ki, ÖLÜ BİLİKLƏRİN QƏBİRİSTANLIĞINDAKI DUALAR GÖYLƏRƏ ÇATMIR...

Kainatda heç bir şey hikmətsiz hərəkət etməz. Həyat gərginlik qanunu üzərindədir. Toplumların daxili aləmi nə qədər zəngin, idrakı nə qədər genişdirsə, özünümüdafiə imkanlarını da o qədər çox və asan tapar. Bir şərtlə ki, bu yolda mübarizə ardıcıl ola! Bunu görmürük istisnalarla... Deməli, qorunmayan əmanətlər əldən gedəcək, qədri bilinməyən lütflər fəlakətə dönəcək. Görmürsünüzmü? Bəşəriyyət başını aşağı salıb kasıbçılığı ilə məşğuldur. Stratejistlərin, dünya risk uzmanlarının, alternativ fikir adamlarının, fərqli sahələrin işıqlı beyinlərinin narahatlıqları hələ ki, qlobal miqyasda səfərbəredici anlayış doğurmur. Onlar zaman sürətinin şiddətlənməsi qarşısında bəşəriyyətin axsaq, topal yerişinin, primitiv şüurunun xeyli geri qalmasının sıxıntılarını yaşayır. ÇARƏSİZLİK DƏ ÇARƏ OLA BİLİR İNANANDA... İnanan insan hətta bütün ümidlərini itirəndə də ümid yayan insandır. Bütün dünya xalqları sınağa çəkilir. Toplumlar hələlik öz daxili aləmini ifadə edə bilmir. Amma bəziləri içinə sıxışdırılan qəzəblə qaynamağa hazır hala gələcək. Millətlər özünü dərindən dərk edərsə, ölü zonalarından azad olmaqla təcrübələri, tarixi yaddaşın bərpası ilə çətin sınaqlardan keçə bilər.

Dərin beyinlərin dünyaya yaydığı inpulslardan müşahidə olunur ki... MƏLUM PROSESƏ TƏSİR İMKANI QAZANDIRMAQ ÜÇÜN DÜNYA XALQLARINA VAXT QAZANDIRMAĞIN ZƏRURİLİYİ DÜŞÜNÜLÜR. Həm də ona görə ki, qarşıdakı zaman mərhələsində xalqlar prosesin sərt gərginliyinə daha az itkilərlə tab gətirə bilsin. Diqqət edin: Kürəsəl Güc total, “optovoy” hücumda, bəşəriyyətin müdafiəsi isə pərakəndə, yox kimi...

Tərəddüdlərlə dolu ürküdücü, xeyli bezdirici zaman kəsimində alternativ imkanlar səfərbərliyinin dünya miqyasında müzakirələrə açılması hər ehtimala qarşı önləyici tədbirlərdən ola biləcəkmi? Nəzarətlə müşayiət olunan zavallı zaman... O zaman ki, hiylələrlə mayalandığından bətnindən zina hadisələr törəyir və törəməkdə.

Müzakirələr ona gətirəcək ki, OLUM-ÖLÜM SEÇİMİNDƏ MİLLƏTLƏRİN ÖZ POTESİALININ FƏRQİNƏ VARMAQDAN BAŞQA YOLU QALMAYACAQ. İş-işdən keçmiş olmayacaqmı? Hər xalqın öz sərhədləri daxilində təklənməsi, beynəlxalq hərəkət imkanlarının sərt məhdudluğu və sair sıxıntılar fonunda şəraiti xilas etmək üçün ÇƏTİNLİKDƏN MƏTİNLİKLƏ ÇIXMAQDAN BAŞQA SEÇİM OLURMU? Qərarsızlıqdan qərarlılıq, qətiyyətli təlimatlar üstündür. Dünya millətləri bunu dərk edib hərəkətə keçmirsə nə fayda? Bu qatmaqarışıq dönəmdə gözlənilməzliklər araşdırılırmı ki, nisbətən gözlənilən olsun? Son bir il göstərdi ki, həyat-durum olduğu kimi qaldığı müddətcə millətlər onu olduğu kimi qəbul etmək məcburiyyətində qalır. Və... Babalar, atalar öz aktivliklərinin fədakarı, qurbanı olmaq istəməyəndə, övladlar onların passivliklərinin qurbanı olur. Məsələ səhv etməkdə deyil, səhvlərə qarşı necə davranmaqdadır. Yəni edilən səhvlərdə davam olacaq, yoxsa peşmanlıq etirafı ilə islah?

Mübarizələr içində keçən xeyli həyatların analizi deyir. Bəzilərinin, “bu mənim taleyimdir” düşüncəsini alt şüuruna həkk edərək qurban getdiyini... Bəzi millətlərin də kütləvi halda bu hisslə yaşadığı müşahidə olunur. Hətta əzilmişliklə barışırlar. Bu psixoloji təlqindir ki, şüurlara qədər formulu ilə hopdurulub. Həzrət Əli Əleyhissəlamın nümunəsinə baxaq. Həzrət Əli uçan təhlükədəki divardan kənara çəkilir. Sual olunur ki, ey Həzrət, Allahın qədərindənmi qaçırsan? Cavab verir ki, xeyr! Onun bir qədərindən digərinə keçirəm. 1400 il öncəki bu seçim imkanını indiyə bağlayanda hansı mənzərə görünür? Məlum prosesin dağıntılarının bəşəriyyətin üzərinə uçmaqda israrı:

Bəs xalqlar nəyi düşünür? Əlbəttə, özünümüdafiəni, seçim imkanından istifadəni. Özünümüdafiə zərurəti bütün vasitələrdən istifadə hüququ yaradır. Oyanış, dirəniş və bənzərinin təzahürləri təbii ki, hiss olunur. Fərqli sahələrin işıqlı adamları dünya naminə müqavimət cəbhəsində sanki könüllü xidmətə keçmiş kimidir. Onlar millətləri şəxsində bəşəriyyətin aşağılanıb axmaq yerinə qoyulmasını əlbəttə istəmir. Əslində məsələ axmaq olmaqda, ya olmazlıqda deyil. Söz insan növünün dünya səthindən torpağın altına milyardlarla sayda “köçürülməsindən”, yox edilməsindən gedir. Əldə edilən hər şeyin dəyəri ona sərf edilənlərlə ölçülər. Dünya daş dövründən üzü bəri bilinən və bilinməyən çox ağır tarix mərhələsindən keçib. Alimlərin araşdırmalarına görə dünyaya 70 trilyion insan gəlib-gedib. İnsan növü heç vaxt insanların əli ilə məhv edilməyib. Hətta tarixdə indikindən də üstün sivilzasiyalar olsa da... Bəs indi necə? Bəşəriyyət öz varlığının xitam edilməsinə izn verəcəkmi? Proses göstərir ki, Kürəsəl Güc bəşəriyyətin izninə-mizninə qətiyyən sayğı göstərmir. Bu məlum, deməli, bəşəriyyət qorxuya qarşı elə əks qorxu tətbiq etməyi düşünəcək ki, özünə yönəldilən qorxu qorxuluğunu itirsin.

ŞƏR XEYİRİ UNUDULMAĞA QOYMUR, ƏKSİNƏ, XEYİRƏ EHTİYAC YARADIR. Əlbəttə toplumlar içlərində daşıdıqlarını çöllərində bulur. Fəlakəti, müsibəti ona görə cəzb edir ki, onun yükünü, izini, qorxusunu daşıyır. Bu baryerin aşılacağı əlamətləri görsənirmi? Kürəsəl Güc qabaqlayıcı niyyətlə toplumların gücünü parçalayıb, passivləşdirməklə problemlərini dərinliyinə fəallaşdırmaqda davam edəcək. Bu hal toplumlarda nevrotik durumu körükləyib. Nevrotik durum nevrotik şüuru ortaya çıxarıb. Nevrotik şüur isə ağlına gələni edib və bunu gerçək, olmalı olan kimi sayıb. Təfərrüatları ilə anlaşılacaq ki, SİYASƏT - Samanlıq İçindən Yavaşca Axan Suyun Əsrarlı Təzahürüdür.

Əcəb yanaşma var dövriyyədə... Deyirlər Kürəsəl Güc hiylə işlədir. Sual doğur, necə olmalıdır? Söz dünyanın taleyindən - siyasi-psixoloji, bioloji, kosmoloji və sairəloji müharibədən gedirsə, hiylənin dünya miqyasında olması nədən təəccüb doğurmalıdır? Hiyləsiz də müharibə olarmı? İntellektual bəsirət təcrübə ilə birləşəndə obyektiv dərketmə yolu açıla bilir.

Faktdır, uğursuzluğa məruz qalma qorxusu, qarşıçıxma cəhdlərini minimuma düşürər. Pul-paranın ecazkar hakimiyyəti, hakimiyyətlərin ecazkar pullu iradəsinin dünya xalqları üzərində məngənə effekti də gerçək! İllah da xalqların maliyyə yetərsizliyi müqayisəsində...

Nəyin hikmətli, məntiqli, doğru, ədalətli olmasından əlavə hadisələrə hansı niyyətlərlə hansı anlamların yüklənməsi də ciddi önəm daşıyar. NİYYƏTLƏR ANLAMLARA TAM UYĞUN OLANDA ALİ İRADƏNİN MÜDAXİLƏSİ GERÇƏKLƏŞƏR. Bu gerçəkləşəmədə zaman təyini Kainat Sahibinin şəriksiz ixtiyarına aiddir.

Anlamaq ehtiyacı anlamaq qabiliyyəti yaratmalıdır. Amma bu təlabat böyük miqyasda müşahidə olunmur.

Türkiyə Maltəpədə Abdurrəhman Dilipakın dilindən 11 tələblik manifestosunu oxudu. Dünyanın 30 ölkəsi yayımladı.

Xəstəliklərdə öncəki simptomlar olan kimi hadisələrdə də gələcəyin - olacağın əlamətləri ola bilir.

Sərt küləklər bir neçə anda istənilən sayda şamı söndürürsə, toplumların ruhu təsiri dünya miqyasında oyanış hərəkatını domino effektinə çevirə biləcəkmi? Hədəfləri tutma özəlliyi məhrumiyyətlərin, təhlükənin haqsızlığına, yaranın dərinliyinə və sair ağrıdıcılığa çox bağlı olur. 100 illərlə dünyaya hökm edən Kürəsəl Güc bunu hesaba almaya bilərmi? Düşündürücüdür...

P.S. Qarabağı 1993-cü ildə tərk edəndə anladım ki, bu gedişat dünyaya böyük fəlakətlər gətirəcək. Uşaqlıqdan paranormal həyat yaşayıram. İnsan yerə aid deyil, kosmik varlıqdır. Bəşəriyyət - ayrı-ayrı fərdlər istisna öz insanlığını tanımır... Nə isə... Halallaşmaq zamanı qarşıda. İnsanlara şərəfli ölüm arzulayıram. Şərəflə yaşayanlar bacaracaq. Qorxanlar qorxmasın, qorxmayanlar qorxsun, Allahdan!


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA