booked.netbooked.net booked.net  

Tanınmış ziyalımız, akademik Pərviz Ziya oğlu Məmmədovun 85 yaşı tamam oldu...

12 yanvar 2022-ci ildə tanınmış geoloq alim, AMEA-nın Geologiya və Geo­fi­zika İnstitutunun şöbə müdiri, ADNSU-nun professoru, akademik Pərviz Məmmədovun 85 yaşı tamam olduSəxavəti, qüruru, qonaqpərvərliyi ilə seçilən, qüdrətli və vüqarlı olan Azərbaycanımız müdrik tarixi  şəxsiyyətlər, yazıçılar, şairlər, alimlər, professorlar, akademiklər, pedaqoqlar yetişdirib. Azərbaycanımızın belə parlaq ziyalı  insanlarından biri  də tanınmış geoloq alim, AMEA-nın Geologiya və Geo­fi­zika İnstitutunun şöbə müdiri, ADNSU-nun professoru, akademik Pərviz Məmmədovdur.

Pərviz Ziya oğlu Məmmədov 1937-ci ildə Bakı şəhə­rində anadan olub. 1959-cu ildə Azər­bay­can Neft və Kimya İnstitutunu (indiki Azərbay­can Dövlət Neft və Sənaye Universiteti) Mühəndis-geofizik ixtisası üzrə bitirib.

P.Məmmədov 1967-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1992-ci il­də geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, 1993-cü ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Alim əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Neftçıxar­ma üzrə El­mi tədqiqat İnstitutunda texnik-operator vəzifəsindən başlayaraq ardıcıl olaraq böyük radiotexnik, mühəndis-geofizik, bö­yük mühəndis vəzi­fələ­rində işləyib. P.Məmmədov 1958-1966-cı illərdə keçmiş ÜİET Geo­fi­zika İnsti­tu­tunun Azər­bay­can filialında böyük mühəndis, elmi işci vəzifələ­rində çalışıb. O, 1968-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının Geo­fi­ziki kəşfiyyat üsul­­ları kafedrasında assistent, dosent, professor, kafedra müdi­ri, elmi işlər üzrə pro­rektor, rektor işlə­yib. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Uni­ver­si­te­tinin Geofizika kafedrasının məsləhətçi professoru və AMEA-nın Geologiya və Geo­fi­zika İnstitutunun şöbə müdiri vəzifələrində işləyir.

P.Məmmədov beynəlxalq aləmdə tanınmış geofizik alimdir. O, geo­fizikada ilk dəfə seysmik dalğaların spektral analizinin geoloji effektliyini tədqiq edib və keçmiş SSRİ-də dalğaların dinamik xassələrinin geofiziki in­ter­pretasiyada səmərəsini əsas­landıran ilk tədqiqatçılardandır. 1980-1990-cı illərdə neftli-qazlı çöküntüləri aşkar­lamaq imkanı verən “Seysmostrati­qra­fiya” üsulunun inkişafında və Cənubi Xəzər dibinin və çöküntü qatının öyrənilməsində onun elmi nailiyyətləri istər keçmiş SSRİ məkanında, istər­sə də ABŞ və Avropa geo­fizikləri tərəfindən yüksək qiymətləndiril­ib. O, Cənubi Xəzər meqaçökəkli­yinin iyerarxiyasını öyrənib, dənizdə bir neçə qeyri-antiklinal tipli neft-qaz yatağı aşkarlayıb və istehsalata tövsiyə edib, bir sıra xarici şirkətlərin sifari­şilə elmi tədqiqatlar aparıb. Bey­nəl­xalq elmi layihələr üzrə elmi tədqiqat­ların rəh­bəri və icraçısı olub.

Akademik Pərviz Məmmədov geomexanika, geofizika, geologiya, tektonofizika, geodinamika, dağ-mədən mexanikası, və s. kimi müxtəlif sahələr üzrə görkəmli alimdir. Dünyanın əksər ölkələrində olub, elmi məruzələrlə çoxlu sayda çıxışlar edibdir.

P.Məmmədov 4 elmi jurnalın redaksiya heyət­inin üzvüdür. Ame­rika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF), ARDNŞ-in Elm fondunun eks­perti, AMEA Yer Elmləri Bölməsinin Elmi şurasının üzvü, Geolo­giya və Geofizika İnstitutunun nəzdin­dəki Dissertasiya şurasının sədr müavini, ADNSU-da Magistr ixtisaslaşmış şurasının sədridir.

O, Beynəlxalq Geofizika Cəmiyyətinin, Amerika Neftçi-Geo­loq­lar Assosiasiyasının, Avropa Geoelmləri Mühən­dis­ləri Assosi­asi­ya­sının üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müx­bir üzvü, eləcə də Beynəlxalq Elmlər Akademiyasının (İnsbruk, Avstriya) həqiqi üzvüdür.

P.Məmmədov 240-dan artıq elmi əsərin, 1 monoqrafiyanın müəllifidir. Alimin rəhbərliyi ilə 3 elmlər və 10 fəl­səfə doktoru hazır­lan­ıb. Hazırda 2 elmlər doktorunun elmi məsləhətçisi və 2 fəlsəfə dokto­runun elmi rəhbəridir.

P.Məmmədovun adı Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə (2005) geo­fizika elminin inkişafın­da nai­liyyətlərinə görə “Rusiyanın görkəm­li geo­fizikləri” ensiklopedi­yasına sa­lın­ıb. O, “Görkəmli geofi­zik S.Q.Komarov” adına medal­la (2010) təltif olun­muş ilk azərbaycanlı alimdir. Müxtəlif illərdə AR Təhsil Nazirliyi­nin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarına, AMEA-nın akademik M.Əliyev adına mükafatına (2016) layiq görülüb.

Akademik Pərviz Məmmədov görkəmli elm xadimi olduğu qədər də, dərin ədəbiyyat, incəsənət, musiqi, folklor, tarix, adət-ənənə  xiridarıdır. O, xalqımızın milli-mənəvi tarixinə yaxından bələd olan çox gözəl tədqiqatçı-alimdir. Böyük təfəkkürə malik, insanlığın ən yüksək zirvəsində dayanan, sevinci-kədəri ilə hər kəsin qəlbinə yol tapan, bu gün də sıralarımızda olan, fəxrlə adını çəkdiyimiz əvəzsiz insan, alim çox hörmətli Pərviz müəllimin bu ilki ad günü ilə yanaşı olaraq,  ömür yolunun 85-ci yubiley ili münasibəti ilə onun dostlarının, həmkarlarının hamısının öz ürək sözləri, fikirləri vardır. Onların hamısı Pərviz müəllimi ürəkdən təbrik edir, onun xeyirxahlığını daim xatırlayırlar. Pərviz  müəllim heç vaxt insanlara öz isti, doğma münasibətini əsirgəməyib, hər zaman onların qeydinə qalıb. Onlara dəyərli və ağıllı məsləhətlər verib. 

...Akademik Pərviz müəllim qeyrətli, qayğıkeş, mərd vətəndaşdır. Qarabağı, Azərbaycanı öz canından da artıq sevir. Nə gözəl ki, Pərviz müəllimin arzularını Cənab Ali Baş Komandan həyata keçirdi. İndi yollar açıqdır. Biz  həmin torpaqlara- Şuşaya gedib-gəlirik. Şuşa ilini , onun 270 illiyini qeyd edə bilirik!

Akademik Pərviz müəllim həm də gözəl, mehriban, xeyirxah ata, mehriban babadır. Pərviz müəllim həmçinin çox ünsiyyətcil və incə yumora malik şəxsdir. Dostlariı onun incə yumorlarını, şən zarafatlarını, xoş eyhamlı atmacalarını ləzzətlə, sevinclə yada salırlar, bir-birinə deyirlər.  Onun özünə də bu xoş hisslərini bildirirlər.

O həmişə ətrafdakı insanlara, hadisələrə qarşı obyektiv fikir söyləyir. Əhəmiyyətli hesab etdiyi məsələləri cəsarətlə gündəliyə çıxara, onu müdafiə edə bilir. Onun ətrafında öz həmyaşıdları ilə bərabər, həmişə orta və gənc yaşlıları da görmək olar. O, Azərbaycan elminin fenomenal şəxsiyyətlərdəndir. Biz, bu gün, qürurla deyə bilərik ki, Pərviz  müəllim elmin zirvələrinə qalxmış, öz sözünü demiş bir alimdir!

Tanınmış geoloq alimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona uzun, sağlam ömür, gələcək elmi, elmi-təşkilati və ictimai fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!

Sevimli dostumuz, qardaşımız, əzizimiz Pərviz müəllim! Biz hamımız Sizi sevirik, Sizi böyük alim və gözəl, xeyirxah insan kimi tanıyırıq. Sizin ad gününüzü – 85 illik yubiley yaşınızı təbrik edirik! Biz Sizdə gənclik enerjisi, hərarəti, istəyi duyuruq. Biz Sizə Azərbaycan və dünya elminin inkişafında daha böyük nailiyyətlər və sağlam həyat, uzun ömür arzulayırıq! 

Əzizimiz PƏRVİZ MÜƏLLİM! Bir daha Sizi ürəkdən təbrik edir, bu ilki ad gününüzü təbrik etməklə yanaşı, həm də "85 illik yubileyiniz mübarək” deyirik! Allah Sizə də, bizlərə də Sizin 90 illik yubileyinizi keçirməyi qismət eləsin!

Akif Musayev,

AMEA-nın müxbir üzvü, professor

Qalib Əfəndiyev,

AMEA-nın müxbir üzvü, professor

 Əlövsət Qaraca  ƏLİYEV,

Azərbaycan İnformasiya və Cəmiyyət  İctimai Birliyinin rəhbəri, dosent

Bakı, 13 yanvar 2022-ci il

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN