booked.netbooked.net booked.net  

İşğaldan azad edilmiş ərazilərə getmək istəyən yaşı 18-dən  aşağı olan vətəndaşlara bilet satılmayacaq.

İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. 18 yaşdan aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir.

Bunu  trend-ə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib. Onun sözlərinə görə, hər bir sərnişin fərdi qəza sığortası ilə təmin edilir.
“Avtobus reysinə bilet almış sərnişin müvafiq olaraq sığortalanmış sərnişin hesab edilir”, - deyə o bildirib.

Nazirin müşaviri deyib ki, Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” qaydalarının 6-cı bəndində bilet satışının təşkili, gedişhaqqının ödənilməsi qaydası şərtləri müəyyən edilib. “Belə ki, şəhərlərarası müntəzəm marşrut xətti üzrə bilet almış sərnişin avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə müvafiq sənədini təqdim etməklə 3 gün ərzində biletin dəyərinin 25 faizini əlavə ödəməklə həmin marşrut üzrə digər avtobus reysinə dəyişə və ya biletin dəyərinin 25 faizini çıxmaqla ödənilmiş məbləği geri ala bilər”, - o deyib.

R.Bayramov əlavə edib ki, işğaldan azad olmuş ərazilərə müntəzəm marşrut xətləri şəhərlərarası sərnişindaşımaya aid olduğundan qeyd edilən qaydalar şamil edilir.

Azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə biletləri YolumuzQarabaga.az portalı vasitəsilə yalnız onlayn rejimdə almaq olar.

Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Həmçinin müəyyən imtiyazlı şəxslər işğaldan azad edilmiş ərazilərə ildə bir dəfə pulsuz səfər edə biləcəklər. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

Və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla birgə marşrutun hərəkət sxemi və dayanacaq yerləri də müəyyən olunub.

Xatırladaq ki, bir müddət öncə Qarabağa avtobus reyslərinin açılması xəbərini hamı sevinclə qarşılasa da, lakin Azərbaycan vətəndaşlarına ildə bir dəfə Şuşaya və Ağdama səfər etməyə icazə verilməsi məsələsi söz-söhbətə yol açdı. Qərarla bağlı sosial şəbəkələrdə,  qızğın müzakirələr gedirdi - insanlar  Qarabağa səfərə say məhdudiyyətinin qoyulması ilə razılaşmırdilar...

Daha sonra məsələ ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən mediaya açıqlandı ki, ilk mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətandaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər etmək imkanı yaradılır.

Həmçinin vurğulandı ki, burada məqsəd bütün vətandaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. "Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq".

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN