...İyulun 23-də Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə Azərbaycanlı sahibkar, iş adamı Nazim Tahirovun kassasiya şikayətinə baxılıb...

Qəbul edilən qərar barədə aşağıda yığcam bəhs ediləcək. Nabələd oxucular və bu qərarı qəbul edən hakimlər kollegiyasının və onlara tapşırıq verən Ali Məhkəmənin əbədi və əzəli sədri Ramiz Rzayevin daha dəqiq bilməsi üçün bəzi məqamları diqqətə çatdırmağı özümə mənəvi borc bildim.

Hörmətli Ramiz müəllim!

Azərbaycanın peşəkar mətbuatında cəmiyyətimizdəki haqsız, ədalətsiz əməllərdən yazan, bəzi hallarda isə elə buna görə haqsız və ədalətsiz, cinayətkar cavablarla qarşılaşan, 2009-cu ildə peşə fəaliyyətinə görə həbs edilən, lakin iki gün sonra Prezident İlham Əliyevin bu haqsızlığa sərt etirazının ardınca məhkəmə qərarı ilə azadlığa çıxan jurnalist kimi bir məsələni diqqətinizə çatdırmalı oldum. Belə ki, sədri olduğunuz Ali Məhkəmədə Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilərək geri qaytarılmış aşağı instansiya məhkəmə qərarından verilmiş kassasiya şikayətinə Sizin tapşırığınızla baxıldı və absurd qərar qəbul edildi ki, bunu 5 illik məhkəmə karuselinin davamı kimi qəbul etməkdən başqa yol qalmır.

Hörmətli Ramiz müəllim!

Mən Sizi Beyləqanda prokuror işlədiyiniz vaxtdan tanıyıram. Keçmişi qoyuram bir kənara... Ali Məhkəmənin sədri olduğunuz dövrlərdə, oturduğunuz o əzəmətli binanın məhkəmə zallarının ən yuxarı başında yazılmış Müqəddəs Femidanın o çağırışlarına baxmayaraq, insanların həyatını puç edən sifarişli məhkəmə qərarlarının böyük əksəriyyətindən xəbərimiz var. Sizin işə çıxan hakimlərə konkret tapşırıqlarınızdan sonra qəbul edilən ədalətsiz, sifarişli qərarlardan o dilsiz-ağızssız Femidanın az qala dili quruyub, əlindəki tərəzinin gözü əyilib. Bunlar Sizə çoxmu lazımdır, deyə bilmərəm. Amma Siz hakimlərə hər dəfə verdiyiniz bu tip tapşırıqlarınızla Azərbaycan qanunlarına, Prezident İlham Əliyevin Sizə olan etibar və etimadına hansı yaralar vurduğunuzun fərqindəsinizmi? Axı çox gözəl bilirsiniz ki, tutduğunuz o vəzifə əbədi deyil. Sizdən də yüksək vəzifə tutan məmurlarımızın aqibətindən xəbərdarsınız. Niyə cənnəti həm də vəzifədən çıxandan sonra bu dünyanın insanları arasına sərbəst, alnı açıq, başı dik çıxmaqla qazanmaq istəmirsiniz? Axı Siz bu dünyada insanlara sədri olduğunuz Ali Məhkəmənin sifarişli qərarları ilə cəhənnəm əzabını yaşatmaqla, o şansı da itirirsiniz.

Gəlirəm mətləbə: iyulun 23-də Sizin tapşırığınızla sədri olduğunuz Ali Məhkəmədə artıq 10-cu dəfədir baxılan bir qərara yenidən baxıldı... İndi anladım ki, niyə Sizin uzun illərdir sədri olduğunuz o əzəmətli Ali Məhkəmənin divarları arasında iki vur iki dörd etmir, heç 5 də etmir, iyirmi dörd edir! Çünki bu gün baxılan mülki iş artıq 24-cü məhkəmə iclasıdır ki, baxılır. Hətta Konstitusiya Məhkəməsi də son sözünü deyib üstünüzə müzakirəsinə belə yol verilməyən qərarını göndərdi ki, ədalətli olun, süründürməçiliyə son qoyun, Ali qanunlarımıza hörmət gətirin, Prezidentin imzaladığı Qanunlara sevgi ilə yanaşın, nəhayət, vətəndaşların-sahibkarların iş və həyat taleyi ilə oynamayın! Amma Siz yenidən adı Sizə bəlli yüksək çinli məmurdan aldığınız tapşırığı icra edərək daha bir sahibkarın Ali Məhkəmənin ədalətinə olan inamına balta çaldınız! Niyə, nəyə görə, nəyin və kimin naminə?

Bu məqamda düşünməyə məhkumam: Prezident, Ali Baş Komandan İlham Əliyev terrorçu Ermənistanla məşğul olsun, işğalçılarla mübarizə aparsın, yoxsa Azərbaycanın hüquq sistemində və Ali Məhkəmədəki bu biabırçılıqların “baş qəhrəmanları” ilə haqq-hesab çəksin??? Deməli, bolşeviklərin rəhbəri Lenin elə-belə demirmiş ki, xarici düşmənlə mübarizədən daha çox gücü daxili düşmənlərə yönəldin, çünki daxili düşmən daxilimizdədir, tanınmazdır, içimizdə və aramızdadır!

Ramiz müəllim! Qısa və aydın olsun deyə, bildirim ki,  “Biləcəri Təmir Quraşdırma” QTSC-nin sədri Nazim Tahirov artıq 6-cı ildir məhkəmələrdədir. Mən bir araşdırmaçı jurnalist kimi, onun şikayətini araşdırarkən özünə demişdim ki, əgər məni sənədlərlə haqlı olduğunuza inandıra bilsəniz, jurnalist kimi sizin yanınızdayam. Redaksiyada böyük bir qovluq var, onun haqlı olduğunu təsdiqləyən rəsmi sənədlərdir, məhkəmə qərarlarıdır. Təsəvvür edirsinizmi, bir gün Nazim Tahirovun halal haqqını tanıyan Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi İradə Hüseyn, bir ay sonra əksinə qərar qəbul edib! Bakı Apellyasiya Məhkəməsində də, Ali Məhkəmədə də bu biabırçı hal təkrar edilib. Belə məhkəmə sistemi və ənənəsi olur! Sizin xidmətlərinizdir ki, hər il Avropa Məhkəməsi Azərbaycan dövlətinin əleyhinə böyük cərimələrlə mənfi qərarlar qəbul edir. Halbuki həmin qərarlara bais olmuş məhkəmə qərarlarını Sizin tapşırığınızla Dövlətimizin adından hakimləriniz qəbul edib. Elə deyil?

İndi soruşuram, Siz Azərbaycan Dövlətinin adını uca tutmaq, şərəfini qorumaq üçün Ali Məhkəməyə sədr təyin edilməmisiniz? Elə isə, Siz niyə Prezidentin etibar və etimadına hörmət gətirmək əvəzinə, əks yol tutursunuz? Elə deyilsə, mən Sizdən üzr istəməyə hazıram! Amma dəqiq bilirəm ki, çox tez bir zamanda Prezident İlham Əliyev Sizdən soruşacaq: nədən riyaziyyat elminin banisi Pifaqorun “İki vuraq iki, bərabərdir- dörd!” aksiomasının əksinə olaraq, Ali Məhkəmədə bu vurmanın cavabının 5, bəzən 15 etdiyinə nail olursunuz? Çünki mən Avropa Jurnalistlər Federasiyasının üzvü olan jurnalist kimi Sizin bu “kəşfinizi” tvitterdə, facebook-da dəstəklədiyim Prezident İlham Əliyevin, nəhayət, beynəlxalq hüquq ictimaiyyətinin diqqətinə çatdıracağam. Ona görə ki, təkcə 44 günlük Zəfər müharibəmizdə Siz sifarişli məhkəmə qərarları barədə hakimlərə göstərişlər verəndə, Prezident, Ali Baş Komandan İlham Əliyev cəbhədə terrorçu Ermənistanla, studiyalarda isə Azərbaycana gəlib gözümüzün içinə Ermənistanın feyk məlumatlarını söyləyən jurnalistlərlə haqq və söz döyüşündə Azərbaycanın şərəfini müdafiə edirdi. Şəxsən mən özüm həmin günlərdə Ermənistanın yalanlarını ifşa edən hər gün neçə-neçə məlumatı əməkdaşlıq etdiyim Türkiyədəki “TRTajans” İnformasiya Agentliyinin vasitəsi ilə 6 dildə xarici mətbuatda yayımladırdım.  “DQR”ın tanınmasına çalışan Avstraliya Parlamentinə göndərdiyim sorğu və həmin sorğuya aldığım cavabları Türkiyə və Azərbaycan mediasında dərc etdirmişəm. Tanış olsanız, görərsiniz ki, biz Azərbaycan naminə nələrə hazır olmuşuq. Siz isə...

Bilirəm, bu sətirləri oxuyub narahat olacaqsınız. Amma bilin ki, Sizin tapşırıqlarınızla qərarlar qəbul edən hakimləriniz sahibkar Nazim Tahirovun rəhbəri olduğu kollektivi intihar həddinə çatdırıb. Onlar malik olduqları mülkün əllərindən alınmasına görə yox, Azərbaycanın məhkəmə sisteminə olan son ümidlərinin məhv olmasına görə narahatdırlar. Nazim Tahirov isə ona qarşı məhkəmələrdə baş vermiş qanunsuzluqlardan və özbaşınalıqlardan artıq hansı Dövlət qurumuna müraciət etməkdə çətinlik çəkdiyindən şikayətlənir və Prezident İlham Əliyevdən, Ölkənin Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevadan qeyd olunan işin öz şəxsi nəzarətinə götürülməsini xahiş edir. Belə ki, onun rəhbəri olduğu “Biləcəri Təmir Quraşdırma” QTSC ilə “Cənnət Park” MTK adlı bir Şirkət (Sizin yaxşı tanıdığınız məmurun qudasının və oğlunun saxta sənədləri ilə) arasında artıq 5 ilə yaxın bir müddətdə məhkəmə mübahisələri davam edir. “Cənnət-Park” MTK hüquqi əsası olmayan sənədləri məhkəməyə təqdim etməklə, “Biləcəri Təmir Quraşdırma” QTSC-in 2 milyonluq əmlakı olan metal boruları ələ keçirməyə çalışır. Çox təəssüflər olsun ki, təqdim olunan sənədlərin saxta olması elə Sizin sədri olduğunuz Ali Məhkəmənin qərarında təsdiq olunsa da, işə baxan məhkəmələr sonradan qanunsuz olaraq 2 milyonluq əmlakın “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınması barədə qərarlar qəbul edirlər. Bu, hüquq sistemimizin faciəsi deyil!? Nazim Tahirov məhkəmə qərarlarını ona görə qanunsuz hesab edir ki, işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi özünün 30.06.2017-ci il tarixli qərarı ilə mübahisə predmeti olan dəmir borularun “Biləcəri Təmir Quraşdırma” QTSC-nin mülkiyyətində olmasını təsdiq etdiyi halda, sonradan Sizə bəlli məmurların xahişləri ilə yenidən işə baxaraq tərsinə qəbul etdiyi 30.01.2019-cu il tarixli qərarında əvvəlki mövqeyinin ziddinə getmiş və dəmir boruların “Cənnər Park” MTK-ya verilməsi barədə qərar qəbul etmişdir.

Ramiz müəllim! Bununla da, Ali Məhkəmə nəinki özünün nüfuzuna, eləcə də Azərbaycanın məhkəmə sisteminə zərbə vuraraq, dünya təcrübəsində görünməmiş bir qərar qəbul etməklə, eyni tərəflər arasında, eyni mübahisə predmeti ilə bağlı fərqli qərarlar qəbul etmişdir.

Bir qərarın neçə sifəti olar, Ramiz müəllim?! İnsanlar hüquqlarının pozulduğu halda, son anda Ali Məhkəməyə ümid bağlayır, pənah aparır, Ali Məhkəmə isə bu ümidləri dəfn edir!!! Təsəvvür edirsinizmi, pozulmuş hüquqlarını müdafiə etmək üçün Nazim Tahirov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmiş, Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə sədri olduğunuz Ali Məhkəmənin 30.012019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə həmin Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  yenidən baxılması qərarı verilmişdir. Bundan sonra, Ali Məhkəmənin Plenumunda işə baxılmış və bütün məhkəmə qərarları ləğv edilməklə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təəssüflər olsun ki, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov qəbul etmiş olduğu 25.02.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozmuş, iş üzrə Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş hüquqi mövqenin ziddinə qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsi metal boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmasının Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət hüququnun kobud pozuntusu ilə nəticələnəcəyini müəyyən etdiyi halda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov öz qərarı ilə hesab etmişdir ki, Konstitusiya Məhkəməsi səhv edib və borular “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Ramiz müəllim! Aşağı məhkəmə instansiyaları məcburi qüvvəyə malik olan Konstitusiya Məhkməsinin qərarını saya almadığından Nazim Tahirov məcbur olub Ədliyyə Naziriliyinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına və bir sıra Dövlət qurumlarına şikayətlər etsə də, onun haqq səsinə səs verən yoxdur, şikayətlərinə heç bir cavab verilmir. Çünki Azərbaycanda bəzi məmurların qoyduğu qaydaya görə, “Qanun şah deyil, Şah qanundur!”. Yaxşı, bəs bu ölkənin Ali yiyəsinin-Ali Baş Komandan, Prezident İlham Əliyevin qəzəbindən də qorxmursunuz???

Beləliklə, Nazim Tahirovun şikayətinə əsasən işə 23.07.2021-ci il tarixdə Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə baxılmışdır. Həmin gün Ali Məhkəmənin ədalətliyinə olan son ümidlər də torpağa gömüldü. Niyə? Səbəbini araşdırıb nəticə çıxarmaq artıq Sizin ixtiyarınızdadır. Sonra da deyirsiniz ki, niyə Azərbaycanın adı beynəlxalq təşkilatların “qara siyahı”sındadır, yaxud niyə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə qərar qəbul etdi?

Ramiz müəllim, Azərbaycanın adına yazdırılan bu mənfiliklərin müəllifi bilirsiniz kimdir? Bilmirsiniz? Bunu bilməyə nə var ki! Kim bu məntiqi suala cavab tapmaq istəyirsə, güzgüyə baxmalıdır! Çünki Ali Məhkəmədə Azərbaycan qanunları, haqq-divan işə yaramırsa və nəhayət, müqəddəs Femidanın tərəzisi əyridirsə, düzəlmirsə, daha neyləmək lazımdır ki!

Asif MƏRZİLİ

“Təzadlar” qəzetinin baş redaktoru,

Avropa Jurnalistlər Federasiyasının üzvü (Vəsiqəmin surətini də təqdim edirəm)

 

 

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA