Mahir Cavadov: «…Dostlar, indi elə bir vəziyyət yaranıb ki, Azərbaycan, ancaq İlham Əliyevin köməkliyi ilə nəyəsə nail ola bilər"

 

Neçə müddətdir Avropada yaşayan azərbaycanlıların yaratdığı «Ya Qarabağ, ya ölüm!» qrupuna dəyərli soydaşımız, Hollandiyada yaşayan «Azərbaycanın dostları» cəmiyyətinin sədri Elman Mustafazadə “Təzadlar”ın əməkdaşı olaraq məni də daxil edib. Burada çox dəyərli, səviyyəli, vətənini, torpağını sonsuz məhəbbətlə sevən, Prezident İlham Əliyevi qalib sərkərdə kimi qəbul edən azərbaycanlılar cəmləşib. Onlar öz çıxışlarında, ancaq Azərbaycanı xaricdə tanıtmaqlarından, rəşadətli Azərbaycan Ordusunun Qarabağı azad etməsindən, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyətindən söz açılır, müzakirələr aparılır, vətən həsrətli şeirlər, mahnılar səslənir.

 Bu günlərdə Elman Mustafazadə qrupa heç bir təqdimata ehtiyacı olmayan Mahir Cavadovu da dəvət edib. M.Cavadov da Avropada və dünyanın bir çox ölkələrində yaşayan çoxsaylı soydaşlarımızın cəmləşdiyi qrupda artıq bir neçə çıxışlar edib. O, çıxışlarında Azərbaycanın işğal altında olan torpaqlarının, xüsusilə, doğulub boya-başa çatdığı Laçın rayonunun azad olunmasına görə Prezident cənab İlham Əliyevdən xoş razılığını ifadə edib, bu tarixi missiyanı yüksək dəyərləndirib.

***

 M.Cavadov bir neçə gün əvvəl qrup üzvlərinə sensasion müraciətini ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik: «…Dostlar, indi elə bir vəziyyət yaranıb ki, Azərbaycan, ancaq İlham Əliyevin köməkliyi ilə nəyəsə nail ola bilər. Çünki bütün hərbi-siyasi imkanlar onun əlindədir və o, həmin imkanlardan da məharətlə istifadə etməyi bacarır. Lazımdır ki, bizim kimi xaricdə yaşayan azərbaycanlılar və ümumilikdə Azərbaycan xalqı İlham Əliyevi dəstəkləsin… Yeri gəlmişkən, indi Azərbaycanda hamımızı ciddi narahat edən bir «Tərtər işi» məsələsi də var. Hərbçilərə qarşı çox pis rəftar olunub. Bunu gərək cənab Prezident yoxlatdırsın və obyektiv istintaq aparılsın. Çünki Ali Baş Komandan və Prezilent kimi məhz bu insanlar ona tabedir, cavabdehdirlər. Mən də Prezidentə dəstəyimi ifadə etmək üçün öz səhifəmdə nə mümkündürsə yazıram, edirəm. Ancaq mənim səhifələrimi kimlərsə mənimsəyib adımdan mənə aid olmayan şeylər yazırlar. Mən öz səhifəmə daxil olmaq istəyəndə cavab gəlir ki, bu, sən deyilsən. Ona görə də mən fikirlərimi sizlərin vasitəsilə Azərbaycan xalqına və feysbuk izləyicilərinə catdırmaq istəyirəm. Hörmətli qrup üzvləri! Mən - Mahir Cavadov olaraq sizlərin köməyinə ehtiyacım var. Yaşadığım Avstriyada bir yüksək rütbəli polis zabiti var ki, o, mənə problemlər yaratmaqla məşğuldur. Mənim kompüterimin kodunu dəyişdirib. Mən buna görə hal-hazırda kompüterdən istifadə edə bilmirəm. Məcbur qalıb sizə telefonla yazıram. Mənim burada fəaliyyətim İlham Əliyevin əleyhinə deyildir, əksinə, qeyd etdiyim kimi, onu dəstəkləyirəm. Xüsüsilə də onun xarici siyasətini çox bəyənirəm. Həmin polis zabitinin fəaliyyəti İlham Əliyevin əleyhinə olanlara sərf edir. Mənə uzaqdan da olsa, çətinliklər yaradırlar. Bəlkə bunlar mənim İlaham Əliyevi dəstəkləməyimə görədir, deyə bilmərəm. Ola bilsin kimlərsə araya girib təxribatlar törətmək istəyirlər. Yenə də bilmirəm. Ona görə də sizlərin köməkliyi və vasitəsilə Azərbaycan xalqının və cənab İlham Əliyevin diqqətinə çatdırmaq istəyirəm ki, Avstriyada bir polis zabiti Prezidentin əleyhinə fəaliyyətlə məşğuldur».

 İnanırıq ki, uzun illərdir məlum səbəbdən vətəndən uzaq düşmüş Mahir Cavadovun bu mühüm məlumatı aidiyyəti dövlət qurumlarının rəhbərlərini maraqlandıracaq və Prezident İlham Əliyevin əleyhinə iş aparan avstriyalı həmin polis zabitinin özünün və onun arxasında duranların kimliyi, məramı və məqsədi müəyyən ediləcək. Bu işdə Azərbaycan hökuməti Mahir Cavadovun köməyinə və dəstəyinə tam əmin ola bilər.       

Elçin Məmmədli

(M.Cavadovun səs yazısı ilə də tanış olmaq mümkündür)