ABŞ-ın Nyu -York şəhərində inşa edilmiş yeni Türkevi binası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb.

Türkiyə KIV-nin məlumatına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdəki çıxışında deyib:

"Binanın inşasında istifadə olunan materiallar Türkiyədən gətirilib. Dizaynı ətraf mühitə həssaslıq əsasında hazırlanıb. Bu işlə Türkiyə öz inkişafını, təcrübəsini və artan gücünü əks etdirən bir əsər ortaya qoydu. Mədəniyyətimizdə müstəsna yeri olan lalədən ilham alan memarlığı ilə yeni bir Türkevimiz var. Daimi nümayəndəliyimizi və Nyu-York Baş Konsulluğumuza ev sahibliyi edəcək. Birləşmiş Millətlər Təşkilatının (BMT) düz qarşısında bu binanı tikməyimizin xüsusi mənası var. BMT-nin qurucu üzvlərindən biri olan Türkiyə beynəlxalq sülhə fəal töhfə verir. Missiyalarımızı uğurla yerinə yetirdik və yetiririk. Daha ədalətli bir qlobal nizamın tərəfdarıyıq. Milyonlarla məzlum mühacirə aktiv rollar oynayaraq daha ədalətli bir sistem üçün çalışırıq".

 

 "Türkevi binamızın qapıları hər kəsə açıq olacaq "

"Türkevi də sülhə olan inancımızın simvoludur" deyən dövlət başçısı “Cümhuriyyətimizin quruluşunun 100-cü ildönümü olan 2023-cü ilə qədər gedən müddətdə "Türk evi" binamız da beynəlxalq aləmdəki yerimizin bir əksi olacaqdır. Türkevi binamızın qapıları hər kəsə açıq olacaq ", - deyə Ərdoğan bildirib.

Ərdoğandan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş də çıxış edib.

Binanı çox bəyəndiyini dilə gətirən Quterres "Qorunmağa  ehtiyacı olan qaçqınlara dəstəyinizə görə sizə (Türkiyə) səmimi təşəkkürümü bildirmək istəyirəm" deyib.

Quterreş "Türkiyə və Türk icmasının qaçqınlara qarşı göstərdiyi böyük səxavətlə şəxsən tanışam. Qorumağa ehtiyacı olan qaçqınlara göstərdiyiniz dəstəyə görə sizə (Türkiyə) dərin təşəkkürümü bildirirəm" ifadəsini işlədib.

Baş katib müharibələrdən, zorakılıqdan, təzyiqlərdən və insan haqları pozuntularından qaçan insanların sayının rekord həddə çatdığını ifadə edərək deyib:

"Türkiyənin beynəlxalq birliyin dəstəyi ilə əlindən gələni etməyə davam edəcəyinə inanıram. Bu, hamımızı maraqlandıran bir həmrəylikdir. Türkiyənin münaqişələrin sona çatması üçün ən əhəmiyyətli vasitələrdən biri olan Vasitəçilik Dostlar Qrupuna həmsədrlik də daxil olmaqla davamlı dəstəyini də alqışlayıram. Türkiyə ilə sıx əməkdaşlıq davam edəcək".

Quterreş daha sonra prezident Ərdoğan tərəfindən qəbul edilib. Görüş zamanı Suriya, Liviya, Əfqanıstan və Kıbrıs məsələləri müzakirə edilib.

***

Qeyd edək ki, BMT ilə üzbəüz yerləşən, hündürlüyü 171 metr olan yeni Türkevi binasını Manhattan şəhərinin mərkəzindən, East River və Long Island City-dən də görmək mümkündür.
Təməli 2017 -ci ildə qoyulan Turkevi binasının açılışı pandemiya səbəbindən, təxminən 1 il təxirə salınıb.
 20 min kvadratmetrlik bir ərazidə inşa edilən Türkevi binası, başda Səlcuqlu olmaqla, ənənəvi türk memarlıq motivlərini daşıyır və lalə şəklində göyə ucalır.

Həmçinin Türkevi binasının qapısı da Səlcuqlu və Osmanlı karvansaraylarının memarlığından ilhamlanaraq inşa edilmişdir.

Yağış suyunun toplanmasına və istifadəsinə imkan verən anbar sistemi və yaşıl bina çərçivəsində "Leed Silver" sertifikatına malik olan bina ekoloji cəhətdən təmiz bir göydələn xüsusiyyətinə malikdir.

Turkevi binası Nyu Yorkun simvolu olan binalarından biri olacaq. Binanın inşasını isə Türkiyə-ABŞ ortaqlığı ilə bir şirkət həyata keçirib.

BMT Daimi Nümayəndəliyi və Nyu York Baş Konsulluğunun yerləşəcəyi Turkevi binası, 200 nəfərlik auditoriyası, iclas və sərgi salonları ilə eyni anda bir çox xidməti təmin edə biləcək dinamik və təhlükəsiz bir mərkəz olacaq.

Y.MƏMMƏDLİ