“Taliban” sözçüsü Zabihullah Mücahid Əfqanıstanın yeni nazir müavinləri və agentlik başçılarının siyahısını açıqlayıb.

Mücahidin sözlərinə görə, yeni təyinatlar xüsusilə peşəkarlıq və səriştəyə əsaslanaraq aparılıb və İslam Əmirliyinin strukturlarını daha da gücləndirəcək və standartlaşdıracaq.

Məlumata görə, siyahıda yeni təyinat alanlar sırasında qadın yoxdur və bu hal heç də təəccüb doğurmur... 

Çünki bu açıqlamadan daha öncə şəhər meri Molavi Həmdullah Nomani Kabil şəhər sistemində çalışan qadınların işə getmələrinə qadağa qoyulduğunu bildirmişdi.

Onun sözlərinə görə, söhbət kişilərin tuta biləcəyi vəzifələrdə çalışan qadınlardan gedir:  “Şəhər iqtisadiyyatında, ümumilikdə 2,9 min insan çalışır ki, bunların da 27 faizi inşaat və mühəndislik sahələrində çalışan qadınlardır”.

O, iş yerlərində kişilərlə əvəz edilə bilməyən və ya işi kişiyə aid olmayan qadınların xidmətə qayıtmasına icazə verdiklərini də vurğulamışdı:  "Onlar hər gün işə gedirlər. Məsələn, söhbət qadınlar üçün olan şəhər tualetlərində işləyən qadınlardan gedir - kişilərin icazə verilmədiyi yerlərdə”, - deyə şəhər meri söyləmişdi.

Beləliklə, enerji və inşaat sahələri üzrə ofislərdə bəzi vəzifələrdə çalışanlar istisna olmaqla (hansı ki, kişilərlə əvəz etmək mümkün deyil), qalanlara "vəziyyət normallaşana qədər evdə qalın" deyilib. Şəhər meri onlara maaşlarının ödəniləcəyini bildirib.

Xatırladaq ki, Əfqanıstanda “Taliban” qruplaşması hakimiyyətə gəldikdən bir müddət sonra təhsil naziri vəzifəsini icra edən Əbdül Baqi Haqqani bildirmişdi ki, “Taliban” qızların təhsil almaq hüququna malik olduğunu qəbul edir, ancaq onlar oğlanlarla birlikdə təhsil ala bilməz. Həmçinin “Taliban” nümayəndələri Əfqanıstanda qadınların küçəyə təkbaşına çıxmasını, makiyaj etmək və ya ictimai yerlərdə üzüaçıq gəzməklərini qadağan edən “şəriət” qanunları ilə idarəetmə sistemi quracaqlarını da öncədən açıqlamışdı.

Əfqan qadınların gələcək taleyi hələ ki, sual altındadır...

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər