Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özal 1927 -ci ilin 13 oktyabrında Malatyada anadan olmuşdur.

1950-ci ildə İstanbul Texniki Universitetinin məzunu olan Turqut elektrik mühəndisi ixtisasına yiyələnib.

1952-ci ildə ABŞ-a yollanan Turqut orada iqtisadiyyat üzrə təhsilini tamamlayıb. Türkiyəyə geri qayıtdıqdan sonra Elektrik İşləri Etüd İradəsi baş direktorunun köməkçisi kimi Türkiyənin elektrifikasiyası ilə bağlı layihələrdə yaxından iştirak edib. 1961-1962-ci illərdə hərbi xidmətini Milli Müdafiə Nazirliyinin Elmi Məsləhət Qurumunun üzvü kimi yerinə yetirən Turqut Dövlət Planlaşdırma Təşkilatının yaradılmasına öz töhfəsini verib. Daha sonra Ortadoğu Texniki Universitetində pedaqoqluq fəaliyyəti ilə məşğul olub.

Bir müddət Nazirlər kabinetinin Texniki Mütəxəssislər şöbəsinin üzvü olan Turqut 1967-1971-ci illərdə Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini icra edib. Turqut Özal Bundan əlavə İqtisadi Koordinasiya təşkilatı, Maliyyə və Kredit təşkilatı, RCD koordinasiya qurumu və AET koordinasiya qurumunun rəhbəri vəzifələrini icra edib. 1972-1973-cü illərdə Dünya bankında məsləhətçi olaraq fəaliyyət göstərən Turqut Türkiyəyə qayıtdıqdan sonra müxtəlif sənaye qurumlarında çalışıb. 1979-cu ilin sonlarına doğru Baş nazirin müşaviri vəzifəsinə təyin olunan Turqut eyni zamanda Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini də vəkalətən icra edib.

1980-ci il 12 iyulda baş verən çevrilişdən sonra qurulan hökumətdə iqtisadi işlərdən məsul baş nazir köməkçisi təyin edilsə də 1982-ci ildə vəzifəsindən istefa verib. 1983-cü ildə Ana Vətən partiyasını quran Özal elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyə respublikasının 19-cu baş naziri kimi hökuməti qurmaqla vəzifələndirilib. 1987-ci ildə keçirilən seçkilərdən sonra yenidən hökumətə rəhbərlik edərək baş nazir kimi fəaliyyət göstərib. 1989-cu ilin 31 oktyabrında TBMM tərəfindən Türkiyə Cumhuriyyətinin 8-ci prezidenti seçilən Turqut Özal 1989-cu ilin 9 noyabrdan etibarən vəzifəsinin icrasına başlayıb.

Turqut Özal 1993-cü il aprelin 17-də Ankarada vəfat edib.

 Təqdim etdi: Şakir QURBANOV