Xəbər verildiyi kimi, dünən axşam Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun müşayiəti ilə  6 il azadlıqdan məhrum edilmiş Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Sogomonyan  təyyarə ilə Bakıdan Yerevana gətirilmiş və erməni tərəfinə təhvil verilmişdir.

Bəzi informasiya agentlikləri bu addımı Azərbaycan tərəfinin növbəti humanist addımı kimi qiymətləndirir.Məlmatlarda o da göstərilir ki, həbsdə olan bu beş erməni Azərbaycan ordusu və əhalisinə qarşı ağır cinayətlər törətməyiblər. Onlar 27 may 2021-ci ildə Kəlbəcər tərəfdən Azərbaycan ərazisinə daxil olarkən hərbiçilərimiz tərəfindən həbs edilmiş və məhkəmə də onların diversiya qrupunun üzvləri olduğunu sübuta yetirmiş və hər birini 6 il azadlıqdan məhrum etmişdi.

Söz yox ki, humanistlik gözəl addımdır və Azərbaycan tərəfi humanistlik prinsipini daima yüksək tutub, əsir götürülmüş erməni əsgərləri ilə son dərəcə insani davranıb və zaman-zaman da bu əsirləri Ermənistana təhvil verib. Amma, gəlin görək Ermənistan da Azərbaycan əsirlərinə qarşı bu humanistliyi nümayiş etdiribmi?

Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş 3890   azərbaycanlının heç olmasa bir nəfəri qaytarılıbmı? Qaytarılmaq bir yana, onların taleyi barədə heç nə məlum deyil. Bu əsirlər barədə mötəbər beynəlxalq təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırılsa da, erməni tərəfi buna qarşı heç bir reaksiya verməyib.

Elə son günlər Türkiyədə səfərdə olan Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva mətbuata açıqlamasında bildirib: “Birinci Qarabağ müharibəsi və sonrakı dönəmdə əksəriyyəti mülki şəxslər olan 3890 insanımız itkin düşüb. Elə ailələrimiz var ki, bu günə qədər iki itkin oğlu haqqında belə məlumat ala bilmir, o anaların hələ də gözü yoldadır”.

S.Əliyeva deyib ki, Azərbaycan tərəfi və beynəlxalq təşkilatlar itkin şəxslər haqqında məlumat tələb etsə də, Ermənistan israrla onlar haqqında bu günədək məlumat verməyib: “Nümunə kimi diqqətinizə bir məlumatı çatdırım. 1998 və 2000-ci illərdə Ermənistanda və işğal altında olan Qarabağ bölgəsində itkin düşmüş 54 insanımız Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə görüşüb, rəsmi qeydiyyata alınsalar da, onlar haqqında Ermənistan tərəfi məlumat vermir”.

Erməni əsirlərinin ölkələrinə təhvil verilməsinə vasitəçilk edən Rusiya və onun rəsmi nümayəndəsi olan Rüstəm Muradov bilməlidir ki, ermənilər göydən zənbillə düşməyiblər. Əgər bu humanist bir addımdırsa, humanistlik qarşılıqlı olmalıdır və 3890 nəfər azərbaycanlı əsirin taleyi barədə heç bir addım atılmasa, erməni əsirlərinin qaytarılmasına son qoyulacaq.

Şakir QURBANOV