…Ölkəmizin bazar-dükanında qoyun-quzu əti 20-25 manata çatıb. Etiraf edək ki, manatın indiki halı ilə çox bahadır. Niyə? Bu bahalığın səbəbi nədir? Qoyun-quzu hörmətə minir, yoxsa bizlər bu sahəni bu hala salıb süni qıtlığın əzabını yaşamağa məhkumuq?!
Qarabağ işğaldan azad edilib, heyvandarlıq üçün böyük və əlverişli ərazilər yaranıb, əksinə, ət ucuzlaşmalı idi. Çünki heyvandarlıqda örüş yeri vacib şərtdir, maya dəyərə ən azı 30-40 faiz təsir edəndir. Amma və lakin…
***
Bax elə bu və ya digər lazımsız, yersiz səbəblər üzündən valyuta ayırıb burdakı çovanlarımızı həvəsləndirmək əvəzinə, gedib Azərbaycana Monqolustandan 391 ton qoyun əti gətirmişik. Bu ötən il belədir, cari ilin rəqəmləri daha da çox ola bilər, çünki ordan kilosu cəmi 5–6 manata alınır. Sosial şəbəkələrdə də Orxan Atabəy adlı fb istifadəçi bu barədə belə yazır: “…Monqolların çoxu Tibet buddizminə inansa da, qədim tengrizm adətlərini qoruyublar. Onlara görə torpağı, çayı çirkləndirmək günahdır. Buna görə heyvanı öldürəndə qarınlarından kiçik dəlik açıb əllə ürəyi damardan ayırırlar. Həm də düşünürlər ki, heyvan bu ölümlə əziyyət çəkmir. Qan torpağa düşmədən əzələlərin içində qalır. Bu isə problemlidir, çünki qan viruslar, bakteriya və mikroblar üçün ən yaxşı qida mühitidir. Özləri üçün problem deyil, dərhal parçalayaraq uzun-uzadı qaynadıb yeməyi xoşlayırlar. Beləliklə qan onların menyusunda suda laxtalanıb itir. Bizim üçün isə kəsirlər anbarda toplayırlar, qablaşdırırlar və uzun zaman keçir, sonra həftələrlə yol gəlir və kababxanalara, topdan satış məntəqələrinə paylanır. Və hansısa həftələr, aylar içində satılır. Bildiyiniz kimi manqalda qısa bişirmə ilə bütün parazit və mikroblar ölmür. Baş verə biləcək xəstəlik növləri üçün gərək ayrı bir status yazım. Mən araşdırdım: Avropa İttifaqı belə əti ümumiyyətlə ərazisinə buraxmır, çünki standartlara cavab vermir. Yalnız çox məhdud miqdarda, ciddi sertifikat və laborator yoxlamalardan sonra qəbul edirlər. Ona görə də idxal etmək heç kimə sərf etmir. Keçən il Monqolustandan Avropaya cəmi 20 min dollar dəyərində hissələr (əsasən quyruq) aparılıb. Bizim balaca Azərbaycanımıza isə eyni ildə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib…”.
Əlavə şərhə nə lüzum! Bu da bir dərddir… Öz çobanımız qoyun-quzu həsrətini çəkir, bəzilərimiz isə vurub Monqolustan çobanlarına dollar verir ki…
A.Məmmədli