Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran səfirliyindən “Təzadlar.az”-a verilən məlumata əsasən bildirilir ki, 28 fevral 2026-cı il tarixində- mübarək Ramazan ayının ilk on günlüyünə, Şəmsi ilinin sonuna və qədim Novruz bayramı ərəfəsinə təsadüf edən bir vaxtda — ABŞ və Sionist rejim, danışıqlar prosesinin ortasında ikinci dəfə İrana qarşı hərbi təcavüzə əl atdılar. Müharibənin başlanması üçün müxtəlif bəhanələr irəli sürülməsinə və 40 gün ərzində Tramp tərəfindən bir-birinə zidd fikirlər bəyan edilməsinə rəğmən, bir çox siyasi analitiklər bu müharibəni Trampın Netanyahunun qurduğu tələyə düşməsi kimi qiymətləndirirlər. Belə ki, Netanyahunun İsrailin siyasi sferasında mövcudluğu, məhz müharibənin və dağıdıcılığın davam etməsindən asılıdır. Lakin İran xalqının 40 günlük sarsılmaz müqaviməti, qəddar düşmənlərə qarşı nümayiş etdirilən qətiyyətli mübarizəsi və onlara endirilən ağır zərbələr, Amerika-İsrail müharibəpərəst dairələrinin “hərbi müdaxilə yolu ilə İslam Respublikası quruluşunun süqutu” fərziyyəsini tamamilə alt-üst etdi.
İranlıların müqavimət əzmini qırmaq məqsədilə məktəblərə, mədəni-tarixi abidələrə, idman komplekslərinə, universitetlərə, yaşayış massivlərinə və ölkənin mühüm iqtisadi-sənaye infrastrukturuna edilən vəhşicəsinə hücumlar heç bir nəticə vermədi; bu sınaqdan qalib çıxan tərəf İran xalqının milli şərəf və ləyaqəti oldu.
Strateji Hörmüz boğazının idarəçiliyinin tamamilə İranın nəzarətinə keçməsi, bir iş adamı və tacir olan Trampa öz strateji xətasını dərhal dərk etdirdi. İllər boyu Fars körfəzi ölkələrinin və digər dövlətlərin ticarət gəmilərinin təhlükəsiz keçidi üçün qonşulara hörmət əlaməti olaraq heç bir ödəniş almadan texniki və təhlükəsizlik xidmətləri göstərən İran, bundan sonra Hörmüz boğazından keçidin yalnız dost ölkələr üçün mümkün olacağını elan etdi. İranın Hörmüz boğazı üzərindəki suverenlik hüququnu bərpa etməsi nəticəsində neftin qiyməti 120 dollara, atəşkəs elan edilməzdən əvvəlki son günlərdə isə təxminən 140 dollara qədər yüksəldi. Trampın dəfələrlə yenilənən təhdidləri boğazın açılmasına heç bir təsir göstərə bilmədi.
Müharibənin gedişatında, ABŞ-ın F-15 qırıcısının İranın mərkəzi səmasında ölkənin Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən məhv edilməsi və heyətin katapult etməsindən sonra, ABŞ ordusu “pilotların xilası” adı altında İranın 4050 kq zənginləşdirilmiş uranını qaçırmaq üçün xüsusi əməliyyat keçirməyə cəhd etdi. Lakin bu cəhd ABŞ ordusunun bir neçə təyyarə və helikopter itirməsi ilə rüsvayçı bir məğlubiyyətlə nəticələndi.
Digər tərəfdən, ABŞ xarici siyasət tarixində bir ölkəyə qarşı müharibənin legitimliyi üçün zəruri olan üç komponent — daxili dəstək, müttəfiqlərin dəstəyi və beynəlxalq məsləhətləşmə — bu hadisədə reallaşmadı. Noyabr seçkilərində məğlub olmaq qorxusu, hətta Respublikaçılar Partiyası daxilində də ciddi fikir ayrılıqlarına səbəb oldu.
Eyni zamanda, İran Silahlı Qüvvələrinin separatçı və terrorçu qrupların ölkə ərazisinə sızmasının qarşısını almaqdakı qətiyyəti, daha bir böyük fitnəni beşiyindəcə boğdu. Şərəfli İran milləti hər zaman olduğu kimi, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq düşmənin daxili iğtişaş planlarının reallaşmasına icazə vermədi. Bu ümumxalq dəstəyi ordunu ruhlandırdı və düşmənə qarşı sarsıdıcı zərbələrin endirilməsinə rəvac verdi.
İndi, 40 günlük qeyri-bərabər döyüşlərdən və qəhrəmancasına müqavimətdən sonra İran rəsmiləri iki həftəlik atəşkəsə razılıq veriblər. Bununla da bu müharibənin qeyri-legitim mahiyyəti bütün dünyaya aşkar oldu. Atəşkəs elan olunmasına baxmayaraq, Sionist rejimin Livanı hədəf alması (hansı ki, bu, atəşkəsin əsas şərtlərindən biri idi) əldə olunmuş kövrək razılaşmanı təhlükə altına qoyur. İran sivilizasiyasını məhv etmək xülyası — Trampın əsas iddialarından biri — İran xalqı və Silahlı Qüvvələri tərəfindən düşmən üçün qorxulu bir kabusa çevrildi. Onlar dünyanın fövqəldövlətini İranın on maddəlik atəşkəs şərtlərini qəbul etməyə məcbur etdilər. İran İslam Respublikasının nümayəndə heyəti gələcək danışıqlarda milli ləyaqət və dövlət maraqlarını uca tutaraq iştirak edəcəkdir, Silahlı Qüvvələr və xalq isə hər hansı yeni bir təcavüzə dərhal və sarsıdıcı cavab vermək üçün ayıq-sayıq və tam hazır vəziyyətdədir.
Hazirladı: RÖVŞANƏ