31 Avqust 2023 / 10:25

600 MANATLIQ MÜAVİNƏT KİMLƏRƏ ŞAMİL EDİLƏCƏK? – DEPUTAT AÇIQLADI

Müraciətdən sonra 10 gün ərzində vəsait hesablarına köçürüləcək.
***
Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb. Bəs həmin müavinəti necə və kimlər ala bilər? Bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir.
Veriləcək həmin müavinət barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov fikirlərinin bölüşüb.
O, diqqətə çatdırıb ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb.

Vüqar Bayramov izah edib ki, yalnız işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlara aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, 600 manat birdəfəlik müavinət ödənilir.
“Onlar, həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar. 600 manat birdəfəlik müavinət kimlərə şamil olunur?

Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər”, – deyə iqtisadçı xatırladıb.

O, bununla bağlı vətəndaşların necə müraciət edə biləcəklərini də açıqlayıb:

“Prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər”, -deyə V.Bayramov bildirib.

Deputat tələb edilən sənədlərin adlarını da qeyd edib: “Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni, müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa, ən geci 10 günə vəsait onun hesabına köçürüləcək”.
JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!