28 Avqust 2025 / 16:53

7 ayda həyat sığortası üzrə 531 milyon manat toplanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 531,223 milyon manat sığorta haqqı toplanılıb.

“Tezadlar” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 27,2 % artaraq 376,05 milyon manata çatıb.

Beləliklə, 7 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 65,2 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,25 % çoxdur.

Ötən 7 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,8 manat olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!