2 Avqust 2025 / 16:43

“Kəramət kimisinin təhqiramiz fikirlərini ictimailəşdirən demokrat.az saytı cəzalandırılmalıdır ki…”

Xəbər verdiyimiz kimi, Xalq artisti, Professor, muğam ifaçılığımızın ustad sənətkarı Arif Babayev ötən gün dünyasını dəyişdi… Prezident İlham Əliyev, Azərbaycanın I vitse- Prezidenti Mehriban xanım Əliyeva və ölkənin görkəmli mədəniyyət xadimləri Arif Babayev haqqında ən xoş ürək sözlərini söylədilər, ona vida dualarını etdilər…
XXX
Azərbaycan prezidentinin Sərəncamı ilə mətbuata ayrılan yardımlardan bəhrələnən demokrat.az saytı bu həssas məqamda nəinki elektron media subyekti olaraq Arif Babayevin vəfatına xüsusi sayğı göstərdi, əksinə, Prezidentin, 1-ci Vitse- Prezidentin bu görkəmli sənətkar barədə nekroloquna, sosial platformalardakı paylaşımlarına hörmətsizlik edərək fərqi yol tutmuş oldu. Dövlətdən yardım alan bu sayt ötən gün ağlı yerində olmayan, hərdən gündəmə gəlmək üçün ağlına gələni sosial şəbəkələrdə danışan Kəramət adlı birisinin hələ torpağa tapşırılmamış bir görkəmli sənətkarın barəsində dediyi sərsəm fikirlərini öz səhifəsində ictimailəşdirməkdən belə çəkinmədi, məsuliyyətini, peşə etikasını nəzərə almadı. Sitat: “Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Gənc yazar Kəramət Böyükçöl Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilində 40 min söz var: “Hərdən  özümüzü şişirtməyi  xoşlayırıq. Bu qədər sözün qarşılığında 15 mini belə işlək deyil. 15 min sözlə yazmaq, düşünmək hara, ingilis dilində 1 milyon 200 min sözlə yazı yazmaq hara. Ona görə də cəmiyyətimizdə yalnız ana dilində danışılsa, yazılsa da yenə də dediyim problemlər qalır. Problem  ola-ola, ana dilində bir çox insan danışmır. Bəzən fikrini ifadə etməkdə çətinlik çəkirsən. Ona görə ki, dilimizdə həmin söz yoxdur, dilimiz ölüb. Düşünün ki, immuniteti zəif olan bir dilə başqa dilləri də qarışdırıblar. Dilimiz yaşlı insanın COVID-19- a yoluxmasına bənzəyir. Elə Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir. İkisi də ölüb. Meyxanaçı Mehman Əhmədli meyxana deyə bilmədiyi kimi, Arif Babayev də muğam ifa edə bilmirdi. Sanki bu gün muğamın çiyinlərindən ağır bir yük götürüldü”.

“Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili bu xoşagəlməz açıqlamaların müəllifi və bu fikirləri yayan demokrat.az saytı barədə bunları dedi: “…Kəraməti ilk dəfə dostumuz Qulu Məhərrəmli mənimlə tanış edib, BDU- nun həyətində onun Alışanovla bağlı məhkəmə prosesini müzakirə edəndə Kəramət bizi görüb yaxınlaşdı, oturub bir çaynik çay da içdi, bu vaxt Qulu müəllim dedi ki, bu gəncin adı Kəramətdir, yaxşı yazıları olur, çox tərbiyəli oğlandır… Sonralar onun bu təqdimata nə dərəcə uyğun gəldiyini gördüm, amma təəssüflənməli oldum… Adam qanmaz ola bilər, fərqli də düşünə bilər, ağlına gələni də deyə bilər… Amma bu ağla gələnləri yaymaq, özü də, özünü ciddi media subyekti kimi təqdim etməklə hələ bir dövlətin büdcəsindən yardım alaraq elə Dövlət rəhbərinin Arif Babayev haqqında dediyi yüksək fikirlərinin üstündən Kəramət kimi sərsəmin fikirlərini təqdim etmək, başa düşmürəm, bu nə deməkdir! Adını “Demokrat” qoymaq ağzına gələn sözləri, yol keçənlərin… fikirlərini cəmiyyətə necə gəldi çatdırmaq deməkdirmi? Bu, ən azı Prezidentin ustad sənətkar Arif Babayev haqqında söylədiklərinə hörmətsizlikdir, sayğısızlıqdır… Hesab edirəm, aidiyyəti qurumlar bu saytı cəzalandırmalıdır, rəhbərliyinə başa salınmalıdır ki, demokratiya ağla və ağıza gələni necə gəldi yaymaq demək demək deyil…”.

Fb istifadəçisi Etibar Əliyev saytın ictimailəşdirdiyi bu təhqiramiz fikirlərə belə yer ayırıb:  “Bu sözlər adını çəkməyə həvəsim olmayan aşağıdakı adam tərəfindən Arif Babayevin cənazəsi torpağa tapşırıldığı saatlarda deyilib. Buna kim ixtiyar verib ki, xalqın sevimli sənətkarı haqqında onun vəfat etdiyi gün belə alçaq ifadələr işlədir? Belə çıxır ki, bu gün Arif Babayevin vəfatı münasibətilə ilə nekroloq imzalayan, paylaşım edən, əklillər göndərən Prezident və vitse-prezident də bunun qədər bilmirlər? Düşünürəm ki, hüquq-mühafizə orqanları nəhayət, bu adamın qazını almalıdırlar. Ona birdəfəlik tənqidlə təhqirin fərqini özü bildiyi dildə başa salmaq lazımdır!”.
Araşdırmaçı jurnalist Yasəmən Məmmədli isə fb səhifəsində fikirlərini belə tamamlayıb: “İnsanlar niyə bu qədər qəddarlaşıb, ürəkləri daşa dönüb?! Kiminsə subyektiv fikri milyonlar üçün etalon deyil. Lakin söhbət sıradan bir şəxs haqqında getmir. Arif Babayev – özü də yenicə haqq dünyasına qovuşmuş şəxsiyyət haqqında bu cür acımasızca, düşünmədən, onu sevənlərin heysiyyətinə toxunaraq danışmaq yolverilməzdir! Çox təəssüf edirəm. Müsahibəni verən şəxslə yanaşı, yayımlayanlar da qınanılmalıdır. Bir neçə il əvvəl mərhum Xalq artisti Ramiz Məlik hansısa sayta müsahibə verəndə başqa bir xalq artisti haqqında xoşagəlməz sözlər demişdi. Həmin sayt müsahibəni verdi… Həmin qocaman Xalq artistinin həmin cümlələrini də əlavə etməyi unutmadı… Nəticədə böyük bir biabırçılıq oldu… Geniş yazmaq istəmirəm: kimsə müsahibə verəndə- kiminsə barəsində söz deyəndə təkcə ” bomba partlatmağı”, saytın reklamını düşünmək olmaz… İctimai fikri, qarşı tərəfi, hətta müsahibə verəni də düşünmək lazımdır! Bəzən dilə lazım olmayan sözlər də gətirilir…”.

Bəli, adam sarsax ola bilər, hansısa hadisədən “mozqotryoseniya” ala da bilər, yaxud gündəmə gəlmək üçün valideynlərinə belə qara yaxa bilər, amma Azərbaycanın dövlət başçısının. Azərbaycan cəmiyyətinin dərin hörmət bəslədiyi bir şəxsiyyətə qarşı bu cür hədyanlar danışmaq, danışmaq cəhənnəmə, onu daha geniş auditoriyada bəh- bəhlə yaymaq, elə Kəramət ağılda olmaq kimidir…

Elçin MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!