Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Fərman avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
– Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;
– Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;
Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisi 2026-cı il yanvarın 1-dən, nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq isə 2027-ci il yanvarın 1-dən fonda mədaxil olunacaq”.
Fərmanla Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
***
Bəs görəsən, yeni fondun yaradılması və digər dəyişikliklər paytaxtın nəqliyyat sistemində hansı dəyişikliklərə səbəb olacaq?
Ekspert Şahin Qasımov saytların birinə belə deyib: “Hesab edirəm ki, bütün bu dəyişikliklər şəhərdə tıxacın azalması və ekoloji vəziyyətin yaxşılaşması istiqamətində effektiv olacaq”.
Məsələ ondadır ki, Bakının indiyədək olan tikinti xaosu ödənişli yolların çəkilişinə imkan vermir. Hər yer göydələnlərlə doludur, paytaxtda bu binalara məskunlaşma nəticəsində mərkəzdə əhalinin və avtomobillərin süni sıxlığı-çoxluğu vardır. Deməli, əsas tıxac meydanı olan mərkəzi hissədə ödənişli yol çəkilişi üçün sahə qalmayıb. Belə yollar üçün mövcud yollar genişləndirilməli, ayrıca zolaq salınmalıdır. Bəlkə aidiyyəti qurumlar yenə də AYNA kimi mövcud yolları daraldaraq, yəni yenə də sürücü və sərnişinlərin payından kəsib ödənişli yol salmaq istəyirlər, deyə bilmərik. Onsuz da hazırda Bakıda əsas yollarımız ödənişlidir də. Evdən çıxan sürücü ya parklamaya pul verir, ya da DYP-nin cərimələrinə məhkumdur, tıxacda isə hər gün əlavə yanacaq yandırmaqla ziyana düşür və s.
TƏKLİFİMİZ: aidiyyəti qurumlar ödənişli yollar üçün, məsələn, iki yol seçə bilər: BUS yolları və velosiped yolları.
A.Məmmədli