Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…1949-cu ildə ölkədə “Ellər atası”nın anadan olmasının 70 illiyi ilə əlaqədar qızğın iş getdiyi ərəfədə Firidun həmişəki kimi kitabxanalarnın sirlə dolu qapılarını açmaq üçün “açar” axtarırdı. Bu sirlərdən biri də Stalinin Nəriman Nərimanova yazdığı məktub idi. Həmin məktubla o, Stalinin kitabını oxuyanda rastlaşmışdı. Firidun bir anlığa duruxur, fikrə gedir. Axı ona yaxşı məlum idi ki, həmin illər Nərimanovun adını çəkmək qadağan idi. Məktub tələbənin marağına səbəb olur. O, universitetin professor-müəllim heyətindən bu barədə soruşsa da, sualına nəinki cavab almır, hətta ona bu barədə düşünməyi belə, qadağan edirlər. Hər sualın cavabını axtarmağa can atan Firidun əlacsız qalıb Mərkəzi Komitənin katibi Mir Cəfər Bağırova müraciət etməli olur. Müraciətdə xahiş edir ki, mümkün olarsa, aşağıdakı məsələlər izah edilsin:
«1.Partiyamızın N.Nərimanova münasibəti necədir?
2.Nərimanovun buraxdığı səhvlər nədən ibarətdir?
ADU-nin tarix fakültəsinin II kurs tələbəsi Firidun Həsənov».
Tələbənin bu gözlənilməz hərəkəti universitetin bütün professor-müəllim heyətini təşvişə salır. Firidun M.C.Bağırovun qəbul otağına daxil olanda artıq köməkçi Novikova onu gözləyirdi: «Unutma ki, “xozeyin” səni səkkiz dəqiqə qəbul edəcək…”.
Lakin bu görüş bir saatdan çox uzanır. Məktub təşkilat şöbəsinin müdiri tərəfindən oxunduqdan sonra Bağırov üzünü Firiduna tutaraq:
-Ay oğul, bu sualla sən nə üçün yoldaş Stalinə yox, mənə müraciət etmisən?
Gənc tələbə bu cavabdan bir qədər özünü itirir. Düzü, o, Bağırovdan bu sualı gözləmirdi. Lakin tezliklə özünü ələ alıb deyir:
-Yoldaş Bağırov, evdə mənə belə tərbiyə veriblər ki, heç vaxt böyüyün başı üstündən iş görmə…
Bağırov bir qədər gülümsünür. Lakin söhbətə müdaxilə edən ideologiya üzrə katib canfəşanlıq edir və özünü çoxbilmiş kimi göstərmək qərarına gəlir:
-Bilmirsən ki, Nəriman Nərimanov Zaqfederasiyanın əleyhinə olmuşdur?
-Xeyr, belə olmamışdır! – deyə Firidun katibə özü də hiss etmədən sərt cavab verir: -Nəriman Nərimanov yox, Ruhulla Axundov və təminat və səhiyyə komissarı Möhsün İsrafilbəyov (Qədirli) onun əleyhinə cıxıblar.
-Sən hardan bilirsən?
-Yoldaş Lavrenti Beriyanın “Zaqafqaziya bolşevik hərəkatı tarixindən” kitabından oxumuşam…
Bu zaman Bağırov tələbənin sözlərini təsdiqləyir: «Sən haqlısan! Moskvada Nəriman Nərimanovun dəfn mərasimində Azərbaycan xalqı adından iştirak etmək Ruhulla Axundova təklif olunsa da, o, boyun qaçırmışdı. Mən ona həmişə yaxşı münasibət bəsləmişəm. Dəfn mərasimində də çıxış etmişəm».
Həmin dəfn mərasimdəki çıxışında M.C.Bağırov “alovlu” nitq söyləmişdir: “Yoldaş Nərimanovun roluna bizim İttifaqımız tərəfindən, xüsusilə də, Azərbaycan zəhmətkeşləri tərəfindən layiqli qiymət verilmişdir. Nəriman Nərimanov hər kəsdən fərqli olaraq həqiqi inqilabçı idi. O, həyatının 30 ilini ictimai-siyasi və ədəbi yaradıcılığa sərf etmişdi. Nərimanov türk qadınlarını ilk dəfə köləlikdən ayağa qaldıran, burjua ideoloqlarına layiqli cavab verən ən fəal azərbaycanlı ziyalılardan biri olmuşdur. Yoldaş Nəriman Nərimanovun uzunillik inqilabi fəaliyyətinin bəhrəsi yalnız Azərbaycan türk əməkçilərindən deyil, həm də keçmiş Rusiya imperiyasında, hazırda Sovet İttifaqında yaşayan 30 milyonluq müxtəlif türk-tatar (azərbaycanlı ––A.K.) tayfaları sakinlərindən ideyalı inqilabçılar hazırladı. Onun xatirəsi Azərbaycan zəhmətkeşlərinin qəlbində əsrlər boyu yaşayacaq, bədii yaradıcılığı, ideyaları, əməyi uzun illər əsarətdə yaşamış bütün Şərq xalqlarına nümunə olacaq. N.Nərimanov bizim aramızdan getsə də, onun ideyaları, 30 illik inqilabi hərəkatı və fəaliyyəti illər boyu inkişaf edəcək. Budur Nəriman Nərimanovun ən böyük xidməti”.
Aslan Kənan,
Tədqiqatçı
(Xüsusi olaraq «Təzadlar» üçün)