Bayağı müğənnilərə efir qadağası qoyulması cəmiyyətdə alqış doğurur. Çünki insanlar uzun illərdir estetik yorğunluq yaşayır. Amma məsələni emosiyasız qiymətləndirmək lazımdır.
“Bayağılıq” hüquqi kateqoriya deyil, zövq anlayışıdır. Dövlət zövq üzərindən qadağa tətbiq etməyə başlayanda bu artıq mədəniyyət siyasəti yox, nəzarət mexanizmi olur.
Dünya praktikasında nə baş verir?
ABŞ-da “trash culture” anlayışı var. Reality şoular, provokativ musiqi, aşağı estetik səviyyəli məhsullar bazarda açıq şəkildə mövcuddur. Dövlət qadağa qoymur. Bazar özü filtr rolunu oynayır. Keyfiyyətli də var, bayağı da, seçimi auditoriya edir.
Almaniya və Fransada ictimai yayım kanalları yüksək mədəni standart qoruyur. Amma bu, inzibati yasaqlarla deyil, redaksiya siyasəti və maliyyələşmə mexanizmi ilə edilir.
Türkiyədə RTÜK zaman-zaman “əxlaqa zidd” məzmunu cərimələyir, amma sistemli “estetik təmizləmə siyahısı” tətbiq edilmir. Çünki bunun siyasi nəticələri ağır ola bilər.
Rusiyada isə son illər bir sıra ifaçılara qadağalar qoyuldu. Motiv əsasən siyasi idi. Nəticə? Alternativ rəqəmsal platformalar daha da gücləndi.
İranda musiqiyə qadağa var – nəticə yeraltı səhnə və internet axınıdır.
Çində pop mədəniyyətə dövlət müdaxiləsi oldu – nəticə alternativ platformalara qaçışdır.
Sovet modeli “rəsmi incəsənət” yaratdı, amma underground (yeraltı) daha cazibəli oldu.
Yəni tarixi nəticə dəyişmir:
Qadağa bayağılığı məhv etmir, onu kölgəyə keçirir.
Əgər problem keyfiyyətdirsə, həll yolu budur:
– İctimai yayım standartlarını yüksəltmək
– Musiqi və mədəni təhsilə yatırım
– Keyfiyyətli kontenti təşviq etmək
– Rəqabəti gücləndirmək
Ən həssas məsələ isə budur:
Bu gün “bayağı”ya qadağa qoyan mexanizm sabah “tənqidçi”yə də qadağa qoya bilər.
Mədəniyyət zorla saflaşmır.
Keyfiyyət alternativlə qalib gəlir, inzibati yasaqlarla yox.
Elbəyi HƏSƏNLİ,
Surix