Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 10:42

“Səməd Vurğun Yazıçılar İttifaqının sədri olanda həftələrlə ovda olardı…”-MƏMMƏD ARAZ XATİRƏLƏRDƏ-20-Cİ HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışlarda)

https://tezadlar.az/sabir-rustemxanli-ile-nusret-kesemenli-harda-ermeni-gorurdu-dava-salib-doyurduler-19-cu-hisse/

8-10 sentyabr – Azad Nəbiyevlə kafenin qarşısında təsadüfən görüşdüm. O, universitetdə folklor şöbəsinə rəhbərlik edir. Azad gileyləndi ki, Məmməd müəllim, “Məmməd Araz və folklor” mövzusunda dissertasiya verməyə savadlı bir adam tapa bilmirəm.

– Bir dəfə Tofiq Bayramla Şahbuza gedəndə bizi şərab zavoduna apardılar. O vaxt  zavodun direktoru Əsəd Quliyev idi. Kabinetə girdik. Başının üstündən Leninin böyüdülmüş şəklini asmışdı. Tofiq deyindi:

– Bu nə şəkildi, ə, vurmusan başının üstünə. Heç olmazsa bir möhkəm vuranın şəklini asaydın ordan.

… Çoxdankı söhbətdi, – dedi, – Məmməd:

– Yanımda oturub Azərbaycanı idarə edən adamları müzakirə edirdilər. Yerazdı, yoxsa yeraz motorlu naxçıvanlıdı. Belə söhbətdən acığım gəldi, axı xalqı nə qədər bölmək olar? Dedim ki, mən kanadalıyam, babalarım 5 min il əvvəl Azərbaycana köçüblər, heç azərbaycanlı olmaq da istəmirəm. Bu söhbət nə qədər olar? Bəsdirin…

Haralısan sualını nə vaxta kimi eşidəcəyik? Bu sual, bu əyri addım xalqın taleyində çox bəd rol oynayıb.

“Haralısan” sualını verənlər, heç şübhəsiz “öz məhəlləsindən” olan kütləri, savadsız iş bilməzləri, “başqa məhəllədən” olan istedadların yerində oturtmağa çalışıblar və məqsədlərinə nail də olublar.

“Məndən ötdü, qardaşıma dəydi” şeirimi bu məqsədlə yazmışam.

Çünki sənətin və sənətkarın boynuna burada çox yük düşür. Vətənə münasibətdə, vətəndaş borcunu yerinə yetirməkdə sənət və sənətkar insana yaxın qüvvə olur.

              Bununlamı  neçə dəfə

              Ata-oğul, qardaş hissi haçalandı,

              Bir şəhərin

              Beş qardaşın xanlığına parçalandı?!

              O zamanmı bitdi bizim dilimizin

              “Haralısan” damarı da…

11 sentyabr – Tehran televiziyası üçün Məmmədi çəkmək istədiklərini bildirdilər və gəldilər. Afaq, Əliəkbər Şərdust, operator Hikmət. Fasilədə Məmməd Şəhriyardan söhbət saldı. Və çəkilişə görə söhbət yarımçıq qaldı.

Axşam mənə dedi ki, sənə etdiyim bu söhbəti Əli müəllimin özü mənə danışıb. O, “Kommunist” qəzetinin redaktoru olanda başına belə bir əhvalat gəlibmiş.

– Mirzə İbrahimovun qudası Həsən Həsənov MK-da işləyirdi. O, mənə deyirdi ki, Ağdamın bölgə müxbirini işdən çıxar. Mən isə onun sözünə baxmırdım. Onda Həsən  Həsənov əlimdən  Bağırova şikayət etdi. Bağırov məni yanına çağırdı, getdim. Həsən  Həsənov da yanında idi. Bağırov soruşdu:

– Bizim MK-nın bu gözəl işçiləri səndən nə istəyir, Muzduroğlu?

– Nə bilim, deyir müxbiri çıxar, mənim qohumumu ora işə götür, mən də sözünə baxmıram.

Bağırov H. Həsənova sən dur get, – dedi. Sonra mənimlə söhbət etdi. Söhbətarası mənə çatdırdı ki, o müxbir eşitdiyimə görə rüşvət alır, bir-iki ay keçəndən sonra işdən çıxart.

  1. İbrahimov da mənə belə bir maraqlı əhvalat danışmışdı:

– Vəli Axundovla Moskvaya plenuma getmişdik. Vəli plenumda çıxış etdi və çıxışında Xruşşovu bərk təriflədi. Aşağı düşəndə məndən soruşdu:

– Çıxışım xoşuna gəldimi?

Dedim, Vəli, dövlət rəhbərlərini tərifləyəndə gərək bir az ehtiyatlı olasan. Dediyim sözdən Vəlinin xoşu gəlmədi. Bir az vaxtdan sonra Xruşşovu işdən çıxartdılar. Hiss edirdim ki, Vəli məni görəndə xəcalət çəkir.

12 sentyabr – Mənim bu günki sözlərim sənin efirinə gedəcəkmi? Zarafatla soruşdu Məmməd:

– Nöqtəsinə, vergülünə qədər.

– Mən nəşriyyatda şöbə müdiri işləyəndə Beqdeli Şəhriyara həsr olunmuş nəzirələri çapa gətirdi. Mən etiraz etdim. Bir də gördüm ki, məni İsrafil Nəzərov çağırdı. Beqdeli məni görən kimi, bu cənab məni çap olunmağa qoymur,  dedi.

İsrafil məndən soruşdu:

– Nə olub?

Cavab verdim:

– Hə, mən cənab deyirəm ki, əvvəl Şəhriyarı çap edək, sonra ona həsr olunmuş şeirləri.

– Düz sözdür, – təsdiqlədi  İsrafil müəllim.

Sonra Beqdeli ilə məsləhətləşib Şəhriyarın farscadan tərcümə olunmuş “Ayın əfsanəsi” kitabını çap etdik. Sonralar Beqdeli məndən üzr istədi ki, düz iş tutmadım. Beqdeli “Heydər babaya salam” poemasını da gətirdi, onu da çap etdik. İrana getməmişdən əvvəl mənimlə görüşmək üçün evimizə gəldi, mənə İrandakı ünvanını və telefonunu verdi. Mənim “Şəhriyar gəlmədi” şeirimi İranda çap etdirdi. Halbuki o burada hələ çap olunmamışdı. Bilirsən ki, Şəhriyar Vaqifin yubileyinə dəvət edilmiş, lakin gəlib çıxmamışdı. Bütün varlığı ilə Azərbaycana bağlı olan Şərqin böyük sənətkarı ustad Şəhriyarın gəlişini illərdən bəri gözləyirdik.

Vaqifin 250 illiyini qeyd etdiyimiz 1967-ci ilin son təntənə günündə “Şəhriyar gəlmədi” şeirim yazılıb:

Baxışlar asıldı təyyarələrdən,

Ümidlər yollara sərili qaldı,

Bu ağır xəbərdən, bu nəs xəbərdən

Güllər, güllüklər dərili qaldı.

Şəhriyar gəlmədi.

Hətta həmin şeiri kitabımdan da çıxartmışdılar.

– Hansı kitabından?

– Yadımda deyil, “Ömür karvanı”, yoxsa “İllərdən biri”. Beqdeli ilə belə dostlaşmışdıq.

Üz-üzə görüşməsək də qəlbimin hərarəti, ürək döyüntülərim – şerlərim Şəhriyarla məndən tez görüşüb.

Biz bu vaxtacan həm tariximizi, həm də ədəbiyyatımızı bir tərəfli öyrənmişik. Azərbaycan xalqı tanımalıdır, bilməlidir  ki, Şəhriyar da bu torpağın oğludur, özü də nəğməkar oğlu. Şəhriyarın buna haqqı var.

Şəhriyar sağlığında Azərbaycan ədəbiyyatı dərsliklərinə düşmədi. Bu, biz nəslin günahıdır. Üz-üzə görüşməsək də qəlbimin hərarəti, ürək döyüntülərim – şerlərim Şəhriyarla məndən tez görüşüb.  Heç olmasa ölümündən sonra qədrini bilək.

Bir az dərindən fikir versək, iki əsrə qədər imperiya cəlladları quş da keçə bilməyən sərhədlərlə nə qazandılar? Burada uduzan xalq, onun tarixi, mədəniyyəti oldu…

Axşam Afaq telefonla bildirdi: –  Gülxanım müəllimə, çəkilişimiz elə gözəl alınıb ki, müdirimiz mənə çox sağ ol dedi, xüsusən duet gözəl alınıb.

Çox təəssüf ki, indi həmin lent itib.

13 sentyabr – Bu gün Məmməd mənə vaxtilə çap olunmamış, ancaq şeirləri şifahi olaraq xalq arasında yayılmış şairlərdən bir neçəsinin adını çəkdi. Onlardan biri Qəmkeşdir. Yadında qalmış misralarından söylədi:

Burda dövran susub, zaman yatıbdı,

Şahdan yuxarıda çoban yatıbdı.

Bu iki misrada qəbiristanlığın təsvirini gör necə verib, torpaq üçün fərqi yoxdur, şah kimdir, çoban kim. Sağlığında şahdan yuxarıda otura bilməyən çoban o biri dünyada şahdan yuxarıda yer tutubdur. Hayıf ki, şeirləri yadımda deyil.

Teymur Bisavad adlı şairdən təkcə bir misra misal çəkdi:

Bu oğraşdan o oğraşa nə deyim?

İzahata ehtiyac yoxdur…

Məzahir Daşqın haqqında az da olsa məlumat verdi:

– Deyildiyinə görə almanlara əsir düşüb, əsirlikdən qaça bilib. Müsəlmanlarla birlikdə qəzet çıxarıbmış. Qəzet guya Sovet hökümətinin əleyhinə imiş. Ona görə də ona xalq düşməni damğasını vurublar. Azərbaycanın bütün aşıqları, xüsusən Gəncə, Qazax, Şəmkir, Göyçə aşıqları onun şeirlərindən oxumasalar, naşı aşıq sayılırdılar.

Tüstüsü göylərə çəkilən mənəm,

Yurdunda bostanlar əkilən mənəm.

– onun misralarıdır.

Məhəmməd Biriyadan da iki misra yada saldı:

Ya rəb, məni xar edəni, görüm xar olsun,

Sevdiyi, sevdiciyi özgələrə yar olsun…

Sonra əlavə etdi ki, Əli vardı, ha, kəlbəcərli şair Əli, yadına düşdümü? Bu gün onu gördüm, fikirli olduğuma görə onunla çox rəsmi görüşdüm. İndi xəcalət çəkirəm ki, niyə elə etdim.

15 sentyabr – Məmməd Süleyman Rüstəm haqqında həmişə yaxşı danışır:

– Çox səxavətli kişi olub. Yazıçılar İttifaqına daxil olmaq üçün mənə birinci Süleyman  Rüstəm, ikinci Əhməd Cəmil zəmanət veriblər. İttifaqa 1958-ci ildə qəbul olunmuşam. Mənə “Uğurlu yol”u Süleyman Rüstəm yazıb. Xətrimi çox istərdi. Dəfələrlə bağına qonaq aparıb. Süleyman Əhməd Cəmil haqqında zarafatla deyərdi:

– Əhməd Cəmil cibində iki ərizə gəzdirir; biri işə girmək, biri isə işdən çıxmaq üçün.

Mən nəşriyyatda şöbə müdiri işləyəndə Əhməd Cəmil də baş redaktor idi. Çox az işlədi. Fəridə Vəzirova M. S. Ordubadinin cildlərini toplayıb nəşriyyata təqdim etmişdi. Səkkiz cildlik idi. Mən şöbə müdiri kimi imza atmaya bilərdim, amma baş redaktor mütləq imza atmalı idi. Birinci cildi aparıb Əhməd Cəmilin qabağına qoydum. Soruşdu:

– Məmməd, bu nədir?

– Ordubadinin şeirləri toplanıb, Fəridə Vəzirova tərtib edib.

– Məmməd, bura o vaxt yaşayan şairlərin şeirləri də düşə bilər və ya şeirlər tam ola bilməz.

– Nə olar Əhməd müəllim, çap edərik, bizi tənqid edərlər, səhvimizi düzəldərik

Əhməd müəllim əlyazmalarını oxumaq üçün evə apardı. Evdə də oxuya bilməyib geri qaytardı ki, gələn-gedən çox olub. Beləliklə, çapa imza etmədi, az müddət keçəndən sonra işdən çıxdı, məsuliyyət altına girmək istəmədi.

Səməd Vurğun Yazıçılar İttifaqının sədri olanda Əhməd Cəmil məsul katib olub. Deyərdi ki, Səməd məsuliyyət nə olduğunu bilməzdi, həftələrlə ovda olardı. Onun yerinə məni danlardılar, ona görə işdən çıxdım…

Təqdim etdi: ASİF MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!