Ölkənin bank sektorunda yetərincə problem və həllini gözləyən məsələıər var. Ötən gün Milli Bank rəhbərliyi rüblük hesabat yığıncağında bu məsələni geniş müzakirə edib. Bəs hansı nəticəyə gəlinib? Tanınmış iqtisadçı və vəkil Əkrəm Həsənov də bu müzakirələrdə iştirak edib. Onun aparılan müzakirələr barədə olduqca maraqlı qənaəti var. Tezadlar.az təqdim edir: “…Mərkəzi Bankın sədrinin 14 ekspertlə 3 saatdan çox davam edən ənənəvi rüblük görüşü oldu. Həmişəki kimi çox maraqlı, qızğın və səmimi müzakirələr oldu. Taleh Kazımovun yaratdığı bu formatın dövlət qurumları arasında analoqu yoxdur. Baş bankir nəinki bütün suallara dolğun cavab verir, tənqidə də kifayət qədər dözümlü münasibət bəsləyir. Digərlərinə ibrət olsun! Zatən bu keyfiyyətlər savad və dürüstlük göstəricisidir.
Görüşdə əsas müzakirə mövzusu inflyasiya göstəricisi ilə bağlı idi. Ekspertlər qiymət artımını daha az saylı malların qiyməti əsasında müəyyən edilməsinin tərəfdarıdır. Çünki Mərkəzi Bankın bugünkü metodologiyası həmçinin çoxsaylı tələbatı az olan malları (onların qiyməti adətən qalxmır) da əhatə edir, bu da yekunda rəsmi inflyasiya səviyyəsini aşağı göstərir. Taleh müəllim bu məsələni bir daha Statistika Komitəsi ilə müzakirə edəcəyini bildirdi.
Təbii ki, bankların kredit faizləri və komissiya haqları (bazar konyukturası dəyişməz olaraq qalır), habelə təmərküzləşmə və sağlam rəqabət (burada problemlər qalır və Mərkəzi Bankın işini davam etdirir), manatın məzənnəsi (devalvasiya təhlükəsi yoxdur) və bank sisteminin sabitliyi (problemli bank yoxdur) müzakirə olundu.
Məni maraqlandıran üç mövzu isə bunlar idi (qısaca yazıram):
1. Əmək haqqı və pensiya üzrə vətəndaşların bank seçimi imkanının təmin olunması. Bu mövzunu əvvəlki görüşlərdə də qaldırmışdım. Yay aylarında məsələ həllini tapacaq: hər kəs bankını özü seçəcək.
2. Lizinq haqqında qanun qəbul olundu, amma lombardlar haqqında yox, halbuki sonuncular banklar üçün daha çox problem yaradır. Bildirildi ki, lombardlar haqqında qanun layihəsi artıq təqdim olunub və daha çox istehlakçıların hüquqlarının müdafiəsinə yönəlib.
3. Xarici valyutanın izafi likvidliyi şəraitində sərt valyuta rejiminə nə ehtiyac var? Ehtiyac varsa belə, əksər hallarda sahibkarlar pulu xaricə köçürəndən sonra 2 il ərzində malı idxal edirlər, amma sənədləşdirmədə hansısa formal və texniki problemə görə onları cərimələyirlər. Yəni detallı araşdırma aparılmır. Bildirildi ki, Mərkəzi Bankın əməkdaşlarına tapşırlıb ki, bu məsələdə məhkəmə mərhələsində sahibkarların malı idxal etdiklərini nəzərə alaraq mövqe bildirsinlər.
Əlbəttə, maliyyə sektorunun problemi az deyil. Amma hər bir halda şıffaflıq və dialoq şəraitində onların çoxunu həll etmək olar. Odur ki, digər qurum rəhbərlərinə səslənirəm: ekspertlərdən qorxmayın, biz sizi ölkəmizin xoş günü naminə tənqid edirik. Buna görə də bizim yox olmağımızı arzulamayın, əməkdaşlıq edin, işinizə xeyri var ki, zərəri yoxdur. Əlbəttə, savadınız və dürüstlüyünüz lazımi səviyyədədirsə…”.
Lakin ekspert müzakirələrdə bankların kredit faizi ilə qəbul etdikləri əmanətlərin divident faizi arasındakı fərqin azaldılıb- azaldılmayacağına dair hansı nəticəyə gəlindiyinə aydınlıq gətirməyib… Bu isə Azərbaycanda həm sıravi vətəndaşları, həm də sahibkarları ciddi narahat edən məsələdir!
A.Məmmədli