Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Avqust 2025 / 12:59

QAZİ VƏ QOCA- ASİF MƏRZİLİNİN HEKAYƏSİ

QAZİ VƏ QOCA

(Hekayə)

(Olmuş hadisənin motivləri əsasında)

…10 saylı avtobus, nəhayət, metronun “Xətai” stansiyasının qarşısında dayandı. Gözləməkdən hövsələsi daralmış sərnişinlər dərhal avtobusa doluşdu. Sürücü «Ya Allah!» deyib yola düzəldi, amma addım başı əyləci basdığından avtobus tıxaclı yolda yorulub əldən düşmüş adam kimi inildəyərək gedirdi.

***

…Avtobus qrafik üzrə gecikmişdi deyə, metronun «Sahil» stansiyası yaxınlığındakı dayanacağa çatanda artıq xeyli adam toplaşmışdı. Avtobus dayanan kimi hamı ön qapıdan içəri doluşdu. Ən sonda yaşlı kişi özünü içəri təpdi. O, xüsusi güzəştli vəsiqəsini göstərərək pul ödəmədən irəli keçdi, azacıq nəfəsini dərdi, sonra ayağını sürüyərək bir addım da irəli keçib sürücünün arxasında dayandı. Başını qaldırıb salona baxdı, gözünə boş oturacaq dəymədi. Ayaq üstə dayanmış sərnişinlərə tərəf baxdı. Bu o demək idi ki, yer verin əyləşim. Soyuq və küləkli havada əldən düşdüyü aydın hiss olunurdu. Yanaşı dayandığımdan dərhal qolundan tutdum, sonra sərnişinlərlə dolub-daşan avtobusun oturacaqlarında əyləşib telefonda qurdalanan sərnişinlərə göz gəzdirdim. Belə anladım ki, başı telefonlarına qarışmışlardan kimsə qocaya yer vermək fikrində deyil.

Sürücünün düz arxasındakı oturacaqda, pəncərə tərəfdə isə bir cavan oğlan gözümə dəydi. Telefonda qurdalanırdı. Hiss olunurdu ki, kiminləsə qulaqcıq vasitəsilə danışır. Solunda bir qadın əyləşmişdi. Ozünü birtəhər içəri salıb toxdayan qoca oğlana tərəf çevrildi və bir az da uca səslə: -Ay bala, ayaq üstə dayana bilmirəm, yer ver oturum,- deyərək ondan reaksiya gözlədi. Amma oğlandan səs çıxmadı, o heç nə olmamış kimi əlindəki dəftəri vərəqləyib öz-özünə danışmağında idi.

Oğlan başını qaldırıb gözucu ətrafı seyr etdi. Qocanın ona müraciət etdiyini görürdü, amma yenə də heç bir reaksiya vermədi, sanki heç nə eşitmirdi, görmürdü, bilmirdi.

Qoca bir də ona tərəf səsləndi, yer istədi, amma bu dəfə də oğlan susdu. Ətrafdakılar oğlanın bu hərəkətinə əsəbi reaksiya verməyə başladılar. Qocanın həqiqətən də sağlamlıq durumunda problemlərinin olduğu aydın görünürdü, əlləri əsirdi, tövşüyürdü. Avtobusun tıxaclı və döngəli yollarda tez-tez dayanıb yırğalanması sərnişinləri nehrə kimi çalxayırdı və onlar bir- birinə dəydikcə, qoca da bir təhər tarazlığını saxlamağa çalışırdı.

Avtobusda yeganə cavan sərnişin elə bu oğlan idi deyə, hamının gözü onda idi. Düzü, mən də bu vəziyyətə dözməyib oğlana tərəf çevrildim:

-Ay oğlan, xəstə adamdır, niyə yer vermirsən? Cavan oğlansan, həmyaşıdlarına nümunə ol, qoca kişiyə yer versən yaxşıdı…

Oğlan üzümə baxdı, susdu, mənim də müraciətimə heç bir reaksiya vermədi.

Yanımda dayanmış orta yaşlı bir qadın oğlanın imtina reaksiyasından lap qəzəbləndi, acıqlı şəkildə: -İndiki cavanlarda mədəniyyət qalmayıb də…, -deyərək onu sərt şəkildə qınadı.

Bu vaxt salonda bir səs-küy qopdu ki, gəl görəsən. Yaşlı bir qadın qəzəblə danışdı: -Baxın, bizim vaxtımızda  cavanlar qadın, kişi görəndə dərhal yer verərdi. İndiki cavanlar isə…

Bu vaxt başqa bir qadın ayağa duraraq qocaya yer göstərdi: -Dayı, gəl burda əyləş, qoy bunlar onun vicdanına yazılsın… Gəlin, gəlin burda əyləşin, – deyərək qocanın qolundan tutub özünə tərəf çəkdi. Amma qoca pərt olmuşdu, imtina etdi.

Oğlan baş verənləri yaxşı görürdü, amma nə sirdirsə, dillənmirdi, bu səs-küyün, ciddi iradların da, sanki ona qəti aidiyyəti yox idi, baxırdı, susurdu, əlindəki vərəqdə yazılanlara göz gəzdirib kiminləsə pıçıldaşırdı… Hərdən də ona nifrətlə baxan sərnişinlərə tərəf boylanıb başını bulayırdı. Amma hiss edirdim ki, nəsə demək istəyir. Və bunu ətrafa nəzər yetirən həyəcan dolu baxışlarından aydın görmək mümkün idi. Lakin o  susurdu…

***

Avtobus N.Nərimanovun heykəlinin yanındakı dayanacaqda saxladı, düşən, minən sərnişinlər yerbəyer oldular. Qocanı isə dəli bir hirs boğurdu, hələ də özünə gələ bilmirdi. Neçə adam ona yer göstərsə də o qəti şəkildə imtina etdi. Məncə,  qoca sonadək dirəniş göstərirdi ki, bəlkə oğlan səhvini başa düşə, gec də olsa üzr istəyərək ona yer verə. Duruşundan və zahirindən dünyagörmüş adam olduğu aydın sezilən qoca ona yer vermək istəyən başqa bir qadına tərəf: -İstəmirəm, bir təhər dözəcəyəm, amma onun başına oyun açdıracağam, o mənim kimi yaşlı, xəstə adama yer vermədi… O məndən üzr istəməlidir, -deyərək qəzəbini ətrafa səpələdi.

Digər bir qadın isə qızışdırıcı səslə: -Siz görmürsüz, o utanıb-qızarmır, hələ bir qulağında «nauşnik»lə musiqiyə qulaq asır, ona etdiyimiz iradlara rişxəndlə reaksiya verir, -deyərək oğlana tərəf qeyzləndi: -Eşitmirsən??? Ayıb deyil sənə, elə bil ki, öz babandır, müəllimindir… Sənə dərc keçməyiblər? Deyən olmayıb ki, yaşlı adamlara yer ver avtobusda, metroda???

Qadının qəzəbli səsinə hamı diqqət kəsilmişdi. Bəstəboy bir qadın isə, sanki bunu gözləyirmiş kimi oğlanın qarasına lap acıqlı danışdı:

– Utanmaz… Mən sənin yerinə utanıb yerə girdim, ömür boyu sən buna görə vicdan əzabı çəkəcəksən…

Oğlan yenə də susurdu. Amma nəsə bu baş verənlərlə oğlanın susqunluğunun içində bir müəmma yatırdı. Bəs o nə idi, cavabını tapa bilmirdim.

Yanımda dayanmış gənc xanım əlindəki mobil telefonu çıxarıb oğlanın şəklini çəkmək istədi. Sakitcə izah etdim ki, etməyin, sosial şəbəkələrə düşər, yersiz qalmaqal yaranar, baş ağrısı olar. Gənc xanım isə: -Yox, elə qoy onu bütün ölkə tanısın, – deyərək, inadından əl çəkmirdi…

***

…Artıq avtobusa yeni minənlər də oğlanın bu hərəkətindən xəbər tutmuşdular. Hətta bir qadın kiminləsə telefonda danışarkən həmsöhbətinə cavan oğlanın xəstə, yaşlı kişiyə yer verməməsini həvəslə danışırdı: «Aaaz, Sənəm, sizin Namiq yaşdadı, Həzrət Abbas haqqı, sap-sağlam, yanaqları qıpqırmızı oğlandır. İnanırsan, bu qədər adam üzünə söyüb-söyləndi, vecinə də olmadı… Əlim üzümdə qalıb, imkan olsa, inan bu sumkadakı yumurtaların hamısını onun təpəsinə çırparam, amma ürəyim soyumaz…».

Avtobusda isə hamının nifrət dolu nəzərləri oğlanda idi. Deyəsən, qoca kimi o da üzə düşmüşdü, əvvəldən durub yer vermədiyi üçün indi vəziyyətdən çıxa bilmirdi, özünü sındırmırdı.

***

Sürücü avtobusu SpaceTV-nin qarşısındakı dayanacaqda saxladı. Hirsindən dili-dodağı səyriyən qoca düşməyə hazırlaşdı. Mənə elə gəlirdi ki, oğlanın bu hərəkəti qocaya elə bir güc vermişdi ki, o bu qədər yolu ayaqüstə duruş gətirə bilmişdi. Amma qoca çox qəzəbliydi, hiss olunurdu ki, əlində imkan olsaydı, oğlanı sərt cəzalandırardı. O, sərnişinlərin gözü qarşısında özünü çox hörmətsiz, alçaldılmış kimi hiss edirdi.

Qoca sərnişinlərin köməyi ilə düşməyə çalışdı. Son anda bir də geri çevrilib oğlana tərəf: -Gör sənin başına nə oyun açdıracam. Sənin valideynlərini tapacam… Qoy bilsinlər ki…, -deyib aşağı düşdü.

Bu vaxt oğlan sürücüyə tərəf: -Dayı, unutmuşdum, mən burda düşməliyəm, xahiş edirəm gözləyin, – deyərək ayağa qalxdı. Yol boyu onu danlayan qadın sərnişinlərin acılı səsi eşidildi: “Hə, yəqin əməlindən peşmansan, tez düşüb aradan çıx…”.

Qoca oğlanın düşəcəyini eşidib avtobusun qapısı ağzında dayanıb onu gözlədi. Oğlan isə heç bir reaksiya vermədən qarşı tərəfdə dayanmış hərbi geyimli zabitdən kömək istədi: -Mümkünsə, kömək edin, düşmək istəyirəm…

Ətrafdakılar bir ağızdan: -Yooox… Siz ona kömək etməyin, o yaşlı adama qarşı hörmətsizlik etdi, – deyərək zabitə səsləndilər.

Bu tikanlı sözlər oğlanı bərk sarsıtmışdı. Əsəbindən rəngi ağarmışdı, amma bu məqamda da susmağa üstünlük verdi. Bu vaxt sürücüdən “Oğlan, ləngitmə bizi, tez düş, onsuz da gecikmişik…” xəbərdarlığı gəldi.

Oğlan ətrafı seyr etdi, qəzəbli baxışlar ona tuşlanmışdı. Hamı ona baxırdı. Bəlkə də gözləyirdilər ki, oğlan bəlkə son anda bir söz deyə, səhvini dilə gətirə.

Oğlan yenidən zabitə səsləndi: -Cənab mayor, xahiş edirəm, mənə kömək edin…

Sonra gödəkçəsinin düymələrini açdı. Bu vaxt gödəkçənin altındakı pencəyin yaxasından asılmış  orden və medallar bərq vurdu. Bu təltiflər müharibədəki xüsusi igidliyə görə verilir…

Zabit dərhal qaziyə köməyə tələsdi. Avtobusdakılar hələ də əsəbini gizlədə bilmirdi, iradlı pıçıltılar davam edirdi.

Oğlan əyilib oturacağın sağında gizlətdiyi qoltuq ağacını götürdü, yavaşca ayağa qalxdı. Bu vaxt avtobusdan dərin bir ah səsi qalxdı, salon sükuta qərq oldu. Hamı şokda idi. İlahi, nə baş verirdi! Oğlanın iki ayağı yox idi. Ayaqqabısında gizlədilmiş protezlərin metal hissəsi aydın görünürdü.

Sərnişinlərin hamısı ayaq üstə idi. Oğlan qoltuq ağacını əlinə alıb zabitin köməkliyi ilə avtobusun çıxış qapısına tərəf addımladı. Birdən başını qaldırdı. Qarşısında az əvvəl yer vermədiyi qəzəbli qocanın əvəzində baş verənlərdən təəssüflənərək pərt olmuş başqa bir qocanı gördü, çox təsirləndi.

Oğlan qazi idi, Şuşa döyüşlərində iki ayağını itirdiyini hamıdan gizlətmişdi.

Qoca yaz buludu kimi dolmuşdu. Titrək əlləri ilə oğlanın boynunu qucaqladı, hönkürüb ağladı. Sonra başını qaldırdı, nəsə demək istəyirdi. Oğlan başa düşdü ki, qoca ondan üzr istəməyə hazırlaşır, dərhal başını sinəsinə sıxdı, danışmağa qoymadı…

Bu mənzərədən təsirlənmiş sərnişinlərin hamısı sürücü ilə birlikdə yerdə idi, oğlanın düşməsini gözləyirdi…

Asif MƏRZİLİ

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!