Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Adanada 17 yaşlı lisey şagirdi Arzu Taştekin Çukurova Universitetinin laboratoriyasında bir il çalışıb. Gənc ixtiraçının hazırladığı qarışıq həm ətraf mühitə, həm də iqtisadiyyata töhfə verəcək. Adanadan dünyaya uzanan bu uğur hekayəsi dörd mükafat qazanıb, bəs bu qarışığın sirri nədir? Təfərrüatlar…
Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Liseyinin 11-ci sinif şagirdi Taştekin plastik tullantıların təkrar emalı ilə alternativ asfalt qarışığı istehsal etmək layihəsi hazırlayıb.
Türkiyə mətbuatı bildirir ki, Taştekin, kimya müəllimi Ayşə Ongun Yücənin rəhbərliyi ilə təxminən bir il boyunca Çukurova Universitetinin (ÇÜ) laboratoriyalarında çalışaraq plastik maddələrin asfalt təbəqəsinin davamlılığını 25 faizə qədər artıra biləcəyi üzərində düşünüb.
Gənc ixtiraçı 95% bituma 5% PET şüşələri, plastik torbalar və yuyucu vasitə qabları qarışığı əlavə edərək davamlılığı artırılmış asfalt istehsal edib. Taştekin öz layihəsi ilə keçən il Bütün İxtiraçılar, İnnovasiya və Tədqiqat Assosiasiyası tərəfindən təşkil edilən “1 İdeya 1 Aralıq dənizi” və “1 İdeya 1 Türkiyə” müsabiqələrində birinci yeri qazanıb, eyni zamanda həmin müsabiqənin beynəlxalq versiyası olan “1 İdeya 1 Dünya”da üçüncü yeri tutub.
Taştekin bu ixtirası ilə daha çox plastik tullantıları iqtisadiyyata qaytarmaq niyyətində olduğunu bildirib. O, asfaltın davamlılığını artırmağın zəruri olduğunu bildirib və bunu belə izah edib: “Yük maşını asfaltınüzərindən keçəndə onun davamlılığı azalır. Təxminən bir aydan sonra həmin asfaltın üzərində çuxurlar əmələ gəlməyə başlayır. 5% plastik istifadə etdikdə asfaltın davamlılığı artır və daha yaxşı yollar əldə edirik. Bunun üçün PET şüşələrindən, yuyucu toz qablarından və torbalardan istifadə etdik. Asfaltın keyfiyyətini və davamlılığını artırdım. Bununla həm ətraf mühiti qorudum, həm də ölkəyə iqtisadi töhfə verdim”.
Taştekin layihəsini daha da inkişaf etdirmək istədiyini bildirərək vurğulayıb ki, digər dostlarımıza da nümunə olmağı hədəfləyirik. Layihəni daha da inkişaf etdirməyi və bununla həm Türkiyədə, həm də dünyada bütün platformalara çatmağı planlayırıq.
Çukurova Universitetinin rektoru, professor Dr. Həmid Əmrah Beriş də Adananın elmi, mədəni, bədii və idman həyatına töhfə verməyə davam etdiklərini bildirib. Professor ixtira barədə belə deyib: “Tələbələr laboratoriyalarımızdan istifadə edərək istedadlarını və zəkalarını nümayiş etdirdilər. İrəli sürdükləri layihələr hamımızı heyran etdi”. Rektor əlavə edərək bildirib ki, bu layihələrin ölkə miqyasında yüksək qiymətləndirilməsi bizim üçün böyük nailiyyətdir. Bunlar çox yeni və yaradıcı ideyalardır. Bu ideyalar ölkəmizə iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə töhfə verəcək, xərcləri azaldacaq və beləliklə, ətraf mühitə daha az ziyan dəyəcək. Yeni asfalt örtüyü iqtisadi cəhətdən daha sürətli irəliləməyimizə imkan verəcək. Buna görə də bütün maraqlı tərəflərlə birlikdə çalışacağıq və inşallah, bu layihəni inkişaf etdirilməsi, gücləndirilməsi və kommersiyalaşdırılması baxımından əlimizdən gələni edəcəyik.
Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Liseyinin direktoru Məhmət Şahin Karakaş da, öz növbəsində, rektor Berişə və akademiklərə göstərdikləri qayğı və diqqətə görə öz təşəkkürünü bildirib.
Çevirəni: Zeynəb Əliqızı