Adil Əliyev Araz Musayevin ittihamlarına axır ki cavab verdi…
…Mayın 30-da sui-qəsdə məruz qalan Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin bıcaqlanmasında Kinboksinq Federasiyasının rəhbərliyini, yəni Adil Əliyevi günahkar bilməsi barədə açıqlamasına toxunmuşduq. Sitat: “Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular”.
Araz Musayev onu da demişdi ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi. Musayevin sözlərinə görə, ona beşbarmaqla üzündən, bıçaqla isə başından və bədənindən iki zərbə vurublar. Sitat: “Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim…”.
***
Ötən gün isə Araz Musayevin yenidən “Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb”, -kimi açıqlamasına Adil Əliyev mediada belə cavab verib: “…Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır”.
İstintaq isə davam edir…
A.Məmmədli
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın