7 Oktyabr 2025 / 14:23

Ağdam sakininin SAXTA VÖEN üzərindən 6437, 88 manat vergi borcu yaranıb

Tezadlar.az-a Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 76, mənzil 19 ünvanında müvəqqəti yaşayan Ağdam rayonunun Quzanlı qəsəbə sakini Abdullayev Murad Nizami oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanladığı müraciətinin surəti daxil olub.

Müraciətdə deyilir:

Hörmətli cənab Prezident!

İnanıram ki, aşağıda bəhs edəcəyim hadisəyə, başıma gətirilən müsibətə biganə qalmayacaqsınız və məsələni nəzarətə götürməklə, aidiyyəti üzrə tapşırıqlar verəcəksiniz və yaranmış problemin həlli istiqamətində əlinizdən gələn köməkliyi əsirgəməyəcəksiniz.

Bildirirəm ki, təxminən 2021-ci ilin ortalarında Bakının Nizami rayonunda yerləşən çay evlərinin birində  tanış olduğum Zamir adli şəxs mənimlə dostluq münasibəti yaratmışdır. Bundan sonra o, məni  Nərimanov rayonunda yeni tikintisi gedən yaşayış binalarının birində  suvaqçı  kimi işə düzəldəcəyini bildirmiş və bundan bir neçə gün sonra həmin işdə çalışmağın mümkünlüyünü adıma VÖEN açılacağı təqdirdə baş tutacağını dedi. Hansı tikinti şirkəti barədə məlumat verməsə də, aylıq əmək haqqı 800-1000 manat arası olacağını söylədi. Qeyd etmək istəyirəm ki, Dövlət Vergi Xidmətində məni qeydiyyatdan keçirdikdən sonra, o, müxtəlif bəhanələrlə verdiyi sözə əməl etmədi və telefon zənglərimə cavab vermədi. Daha sonra bu barədə onu tanıyan insanlarla əlaqə yaratmağa çalışdıqda, məlum oldu ki, o, eyni əməli digər şəxslərə də qarşı  törədib. Hadisənin baş verdiyi müddətdən bir  həftə sonra onu tanıyan insanların tövsiyəsi ilə Vergi Xidmətinə gedərək, adıma rəsmiləşdirilmiş VÖEN  üzrə  fəaliyyətin dayandırmasını xahiş etdikdə, məlum olmuşdur ki, son bir həftə ərzində üzərimə  6437, 88 manat ( altı min dörd yüz otuz yeddi manat, səksən səkkiz qəpik) vergi borcu öhdəliyi qoyulub.

Belə ki, Cəfərov Zamir Nadir oğlu inamımdan və etibarımdan sui-istifadə edərək, adıma VÖEN açdıraraq qanunsuzluq etməsi nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqka İş Üzrə Baş İdarəsinin iddia tələbi əsasında Gəncə Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 28.03.2024-cü il tarixli QƏTNAMƏ ilə 100  manat dövlət rüsumu tutularaq tərəfimdən dövlət büdcəsinə ödənilməklə, ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılmasına dair QƏRAR qəbul edilmişdir. Bir məqama xüsusi diqqət ayrılmasını xahiş edərək bildirmək istəyirəm ki, fəhlə kimi gecəni gündüzə qatıb min bir əziyyətlərə qatlaşaraq iki azyaşlı qız övladımın maddi ehtiyaclarını təmin etməyin və həyat yoldaşımın əlillik dərəcəsinə qədər keçirdiyi ağır cərrahiyyə əməliyyatı nəticəsində əməkqabiliyyətsiz  olduğu bir vaxtda bu əsassız öhdəliyin ağırlığı fonunda sosial qayğılarla mübarizə aparmağın nə qədər çətin olduğunu hər kəs qəbul edər yəqin.

Hörmətli cənab Prezident!

Sizdən xahiş edirəm ki, baş verən qanunsuzluqlara hüquqi qiymətin verilməsi – Cəfərov Zamir Nadir oğlunun dələduzluq əməlləri nəticəsində üzərimə qoyulan 6437,88 azn vergi borcunun hadisəni törədən şəxsin üzərinə qoyulması üçün Azərbaycan Respublikasının Baş  Prokuroru Kamran Əliyevə və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə mənə köməklik göstərilməsi istiqamətində öz müvafiq tapşırıqlarınızı verəsiniz.

İnanıram ki, sizə etdiyim bu rəsmi müraciətdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi Kənan Quliyev də baş verənlərə biganə qalmayacaq və cəmiyyətdə cəzasızlıq  mühitinin yaranmaması naminə istintaq tərəfindən ədalətli qərar qəbul olunacaq, qeyd edilən 6437,88 manat borc məbləğinin Cəfərov Zamir Nadir oğlunun üzərinə qoyulmasına dair ədalətli qərar qəbul olunacaq.

Hörmətli cənab Prezident! Sizə əvvəlcədən bütün ailə üzvlərimiz adından dərin minnətdarlığımı bildirirəm”.

Müraciətdə irəli sürülən iddialarla bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!