Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məlum olduğu kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Prezident İlham Əliyev martın 19-da bununla bağlı Fərman imzalayıb.
Bəs dəyişiklikdən sonra icbari tibbi sığorta sahəsində idarəetmə necə təşkil olunacaq? Ləğv edilən agentliyin sədrinin həm də TƏBİB-in Müşahidə Şurasının rəhbəri olduğunu nəzərə alsaq, bu məsələ necə tənzimlənəcək? Hansı səlahiyyətlər TƏBİB-ə veriləcək?
Tezadlar.az xəbər verir ki, Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.
Yeni yaradılan agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirəcək, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.
Əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəliklər, reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə yeni yaradılan agentliyə keçir.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə rəhbərlik isə 5 üzvdən (sədr və onun 4 müavini) ibarət İdarə Heyəti tərəfindən həyata keçiriləcək.
Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB-ə) verilib.
Xatırladaq ki, 2018-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində yaradılan TƏBİB 2023-cü ildən müstəqil dövlət qurumu kimi fəaliyyət göstərir. TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. İndiyə kimi TƏBİB-in Müşahidə Şurasının sədri İTSDA rəhbəri Zaur Əliyev idi. Hazırda onun bu səlahiyyətini kimin icra edəcəyi məlum deyil.