27 Fevral 2026 / 20:20

AMEA, Milli “xəstəliklər”, Baş idarələr” və sair haqqında bir neçə kəlmə…

…Bü gün az qala bütün sosial şəbəkələrdə və əksər media bazalarında AMEA haqqında ya yazılar dərc olunmuş, ya da oradakı iclas zamanı mürgüləyən, yatan və yaxud dərin düşüncələrə dalmış elm adamlarının fotoları paylanmışdır. Mənim söhbətimin hədəfi başqadır. “AMEA” bir söz birləşməsi kimi nəyi ifadə edir?
İfadənin açması belədir: “Azərbaycan Milli Elmlər Akademiyası”. Haqlı olaraq dəfələrlə iradlar bildirilmişdir: necə yəni “Milli Elmlər?..” Bu qurumda bəyəm “qeyri-milli” elmlər tədqiq edilmir?
Məsələ burasındasır ki, əslində söhbət heç də “milli elmlərdən” getmir. Burada vurğu “milli elmlərin” deyil, “Milli Akademiyanın” üzərinə düşməlidir. Amma və lakin…
Bəs niyə belə alınıb? Çünki Milli Akademiyamızın adı qeyri dillərdən kalka-yamsılama yolu, hərfi tərcümə ilə ifadə olunub.
 Məsələn, rus dilində həmin ifadə normal səslənir: “Национальная Академия Наук Азербайджана”. Gördüyünüz kimi, bir daha vurğulayıram, söhbət “milli elmdən” yox, “milli akademiyadan” gedir.
Bəs nə etməli? Rusca olan “birləşmənin” tərcüməsi ən yaxşı halda belə alına bilər: “Elmlər üzrə Azərbaycan Milli Akademiyası”. Bu isə, məlum məsələdir ki, yumşaq desəm, çox naqolay səslənir.
Amma çıxış yolu var. Necə?
Sovetlər dönəmində bu qurumun adı belə idi: “Azərbaycan Elmlər Akademiyası”. Bilənlər bilir ki, həmin dövrdə SSRİ-dəki Elmlər Akademiyalarının hamısı fundamental elmlər əsasında formalaşmışdı. Amma bu gün bizim “Milli Akademiyamızda” həmin elmlər qalmayıb, onlar Elm və Təhsil Nazirliyinin “balansına” keçib. İndi bizim “AMEA” kimi tanıdığımız qurumda əsasən “humanitar elmlər” qalıb. Elə bu səbəbdən də onun adı və statusu “Azərbaycan Humanitar Elmlər Akademiyası” kimi müəyyən olunmalıdır.
Yeri gəlmişkən, bu gün Rusiya elminin dünya elmindəki “çəkisi” (Scopus bazasının məlumatına əsasən) 2,5 faiz təşkil edirsə, onda bizim elmimizin vəziyyətini təsəvvür etmək elə də çətin olmaz. Lakin bu, o anlama gəlmir ki, Azərbaycanda dəyərli elm adamları yoxdur. Xeyr, elə deyil. Misal üçün onu deyim ki, Almaniya, Türkiyə, Rusiya və ABŞ kimi ölkələrdə minlərlə mütəxəssisimiz fəaliyyət göstərir.
 Ötən ilin məlumatına görə, təkcə Almaniyada 200-dən çox azərbaycanlı həkim işləyir, 200-ə yaxın şəxs isə həmin sahə üzrə orada təcrübə keçir. Deməli, elmi kadrların kəmiyyət və keyfiyyətindən gileylənməyə əsas yoxdur. Sadəcə olaraq, elmin təşkili və idarəolunmasında islahatlar həyata keçirilməlidir.
Söhbətə “AMEA”-dan başlamışdıq. Bizdə “Milli Onkolojiya Mərkəzi” də mövcuddur. Haqlı iradlar səslənir: “Bəyəm onkologiyanın da millisi olur?” Yəni bizim “milli xəstəliyimiz” də var? Xeyr, elə deyil. Bu qurumun adı da “Milli Elmlərimiz” kimi “kalka” üslubunda tərcümə olunub.
 Əslində belə olmalıdır: “Onkoloji Milli Mərkəz”.
Və yaxud bizdə “Baş” təyini ilə başlayan yüzlərlə idarə adı var. Məsələn, “Baş Polis İdarəsi”, “Baş Narkotiklərlə Mübarizə İdarəsi” və sair. Bunlar da kökündən səhv anlayış və statuslardır. Necə yəni “Baş Narkotiklərlə Mübarizə”? Axı burada “Baş” təyini “narkotiklərə” yox, idarəyə aiddir. Amma məntiqlə belə çıxır ki, bu idarə yalnız “baş narkotiklərlə” mübarizə üçün təsis olunub. Gülməlidir.
Olmaz kı, qurumların adlarını dilimizin məntiqinə və qanunlarına uyğun olaraq yazaq. Məsələn bu cür: “Polis Baş İdarəsi”
Və yaxud “Narkotiklə Mübarizə Baş İdarəsi”.
İradlar çoxdur. Mən bir sıra mətləblər üzərində qısca gəzişmələr etdim.
Firuz Mustafa,
yazıçı
P.S.Kimin əlavə və iradı varsa buyurub bildirə bilər.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!