Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2025 / 16:13

Asif Mərzili Natiq Qasımovun 5 gün döyüş səngəri olmuş kilsəyə baş çəkib-FOTOLAR

«Təzadlar» qəzetinin və eyni adlı saytın rəhbəri Asif Mərzili Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun beş gün ermənilərlə döyüşdə özünə səngər seçmiş alban kilsəsinə baş çəkib. Bu barədə yazıçı-jurnalist «Təzadlar»a bunları dedi:

– Natiq Qasımovun ermənilərlə təkbaşına beş gün sərasər döyüşməsi barədə artıq nəinki şahidlər danışır, xatirələr söylənilir, eləcə də onun bu döyüş yolu ilə bağlı xarici mediada belə əfsanələr dolaşır… Qısa olaraq deyim ki, neçə ay əvvəl Natiq Qasımovun ailə üzvləri-anası, bacısı və qardaşı «Təzadlar»a geniş müsahibə vermişdi… Sonradan ailə və eləcə də Natiq Qasımovun dostları Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun barəsində yazdığım «Sonuncu əmr» romanı ilə tanış olaraq Natiq Qasımov haqqında da belə bir bədii əsərin yazılmasını arzu etmişlər, bu barədə ailədən müsahibə götürən Elçin Məmmədliyə bildirmişlər. Mən Natiq Qasımovun bacısı Kəmalə Heydərova ilə danışdım, bəzi məsləhətləşmələrimiz oldu… Nəhayət, Natiq Qasımov haqqında «Oqonyok» jurnalının xüsusi müxbiri Konstantin Simirnovun jurnalın 04-15 aprel 1992-ci il tarixli, 14-15-ci sayındı dərc olunmuş və Natiq Qasımovun Xocalıdan olan girovların buraxılması əvəzində ermənilərə könüllü təslim olmasından bəhs edən məqaləsinin orijinalını tapdım.

 

Jurnalda Natiqn Qasımovun kilsədən çıxarkən əlində Azərbaycanın üçrəngli bağrağını tutaraq ermənilərin müşaiyəti ilə getməsini əks etdirən fotoşəkil də vardır. Bu artıq 33 il əvvəl Natiqin əsir götürülməsi anında çəkilmiş real fotodur… Ümumiyyətlə, indiyədək Natiq Qasımov haqqında məlumata malik çoxsaylı şahidlərin fikirlərini də öyrənmişəm. Bunlar əsərin daha maraqlı olması və real faktlara söykənməsi üçün çox vacibdir. Çətinlik yaradan isə Natiq Qasımovla kilsədə son ana qədər birlikdə olmuş keçmiş döyüşçülərdən kimisə tapmaq idi. Artıq bir döyüşçünü tapmışam… Nəhayət, mənə lazım idi ki, Natiq Qasımovun ermənilərə qan uddurduğu həmin 5 günlük döyüşdə özünə səngər seçdiyi kilsədə olum, ətrafı seyr edim, kilsənin coğrafi şəraitini nəzərdən keçirim. Çünki əsərdə döyüş səhnələrinin təsviri zamanı bu çox vacibdir. Bu günlərdə ərazini yaxşı tanıyan bacım oğlu Ələddin Namazovla birlikdə kilsənin yerləşdiyi Xocalının Pirlər kəndinə getdim… Sağ olsunlar, orada bizi ANAMA əməkdaşları olan Rövşən və Sevinc xanım qarşıladı… Məlum oddu ki, onlar bu ərazi erməni işğalından azad edildikdən sonra kilsəyə ilk baş çəkənlərdəndir. Mənə çoxsaylı fotoşəkillər də verdilər, olduqca maraqlı məlumatlar çatdırdılar. Məlum olur ki, sən demə, ermənilər bu qədim Alban kilsəsindən silah anbarı və Ağdamın, Xocalının kəndlərini atəş altında saxlamaq üçün strateji bir hündür yer kimi istifadə ediblər…

-Kilsəyə baş çəkə bildinizmi?

-Məsələ ondadır ki, əsas məqsədim kilsəni və ətrafını, coğrafiyasını canlı olaraq görmək idi. Lakin Pirlər kəndində həmsöhbətim olan Rövşən bəy və Sevinc xanım, digər şəxslər bildirdilər ki, yayın bu dövründə kilsənin ətrafı və kilsəyə qalxan cığırlar ilan sürüləri ilə doludur. Üstəlik, kilsə olduqca sərt hündürlükdə olan dağın başında yerləşir, dolama cığırlarla ora qalxmaq indi həm ilan sürülərinə görə təhlükəlidir, həm də havaların isti keçməsi əlavə çətinliklər yaradır. Amma mən kənardan kilsənin yerləşdiyi dağı və cığırları müşahidə etdim, artıq təsəvvürüm yetərincədir. Belə qərara gəldik ki, havaların sərin vaxtı yenidən kəndə gedərək kilsəni təkrarən görüm… Rövşən bəy müvafiq uyğun vaxtda mənə məlumat verəcək…

-Sonda bir sual: dediniz ki, Natiq Qasımovun haqqında əfsanələr dolaşır… Bunlar nələrdir?

-Mən eşidib bilgiləndiyim məlumatları təhlil edəndə Natiq Qasımovun qəhrəmanlığını və kilsədəki son döyüş anlarını Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin alman faşistlərinə qarşı İtaliyadakı döyüş həyatına bənzədirəm. Natiq Qasımov da erməni faşistlərinə qarşı döyüşüb və Azərbaycanın Milli Qəhrəmandır… Onun haqqında daha çox əfsanələr eşidirəm və bu barədə əsərdəki bədii təsvirlərdə, obrazlarda istifadə edəcəyəm…

Söhbətləşdi: ELŞAD

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!