Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ATƏT-in Parlament Assambleyası Gürcüstanla bağlı tənqidi məzmun daşıyan qətnamə qəbul edib. Tezadlar.az xəbər verir ki, “Portu Bəyannaməsi və Qətnamələri” çərçivəsində qəbul olunan sənəd “Gürcüstanda demokratiyanın və ATƏT dəyərlərinin dəstəklənməsi haqqında qətnamə” adlanır. Qətnamədə Gürcüstanda 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkiləri, vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlər və Avropa İttifaqı ilə münasibətlərin pisləşməsi ilə bağlı ciddi narahatlıqlar əks olunub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidələrinə əsasən, 26 oktybr 2024-cü il seçkilərində ciddi pozuntular qeydə alınıb. Qətnamədə həmçinin administrativ resurslardan sui-istifadə və seçki prosesinə təsir imkanlarının geniş miqyasda istifadəsi seçkilərin azad və ədalətli keçirilməsinə xələl gətirdiyi vurğulanır. Assambleya Gürcüstanda son aylarda baş verən hadisələrlə bağlı aşağıdakı məqamları qeyd edir: Dinc etiraz aksiyalarına qarşı güc tətbiqinin yolverilməzliyi, Jurnalistlərə, fəallara və müxalifət nümayəndələrinə qarşı siyasi motivli təqiblərin artması, “Xarici agentlər”, “radio və televiziya” və “qrantlarla” bağlı yeni qanunların hökumətin hakimiyyətini gücləndirmək məqsədi daşıması, Avropa İttifaqına qarşı artan neqativ ritorika və Rusiya ilə Çinlə yaxınlaşmanın Gürcüstanın Avrointeqrasiya siyasətinə zidd olması. Qətnamədə ATƏT Parlament Assambleyası Gürcüstan hakimiyyətinə çağırış edir ki, Bütün tərəflərlə milli dialoqa başlasın. Toplaşma və ifadə azadlığı hüquqlarına hörmət etsin, zorakılıqdan çəkinisin, Avropa İttifaqı ilə inteqrasiya yoluna geri dönsün. Eyni zamanda, Assambleya Gürcüstan xalqının Avropa yönlü istəklərini dəstəklədiyini bəyan edir və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyir. Qətnamədə Rusiya Federasiyasına da çağırış yer alır – Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini “müstəqil dövlət” kimi tanıma qərarını ləğv etməyə, 2008-ci il atəşkəs razılaşmasını yerinə yetirməyə və bu bölgələrin hərbiləşdirilməsini dayandırmağa çağırılır.