16 İyul 2025 / 09:40

Avropa İttifaqı rəsmi Tbilisiyə 31 avqusta qədər möhlət verdi

Ötən gün Kallas Gürcüstan hökumətinə ünvanlanan məktubun məzmununu açıqlayıb. Onun sözlərinə görə, sənəd Gürcüstan üçün bir sıra tövsiyələri əhatə edir və bu tövsiyələrin yerinə yetirilməsi üçün son tarix kimi 2025-ci il avqustun sonu göstərilib. Kallas bildirib ki, məktubda Gürcüstan hökumətinin ölkə vətəndaşlarının fundamental hüquqlarını – toplaşmaq və ifadə azadlığı, şəxsi həyata hörmət, ictimai işlərdə iştirak hüququ və ayrı-seçkiliyin qadağan olunması kimi hüquqları – təmin etməsi və qoruması tələb olunur. Bu yalnız bir bənddir və ümumilikdə 9 bənzər tələb irəli sürülüb. Tezadlar.az xatırladır ki, Ali nümayəndə əlavə edib ki, sözügedən tələblər Gürcüstana dair hazırlanan vizasız rejimin dayandırılması hesabatında da öz əksini tapıb. O, Gürcüstanın 2017-ci ildən bəri vizasız səyahət rejimindən faydalandığını və bunun Aİ tərəfindən verilmiş ciddi bir üstünlük olduğunu qeyd edib: “Əgər bu tövsiyələr avqustun sonuna qədər yerinə yetirilməzsə, Avropa İttifaqının cavabı olacaq. Bu, Gürcüstan hökumətinin Avropa yolunu ciddi qəbul etmədiyini və namizəd statusuna laqeyd yanaşdığını ictimaiyyətin də görməsi üçün vacibdir,” – deyə Kallas bildirib. O, həmçinin Gürcüstanda 8 müxalifət liderindən 7-sinin həbs olunmasının məktubun əsas bəndlərindən biri olduğunu vurğulayıb. Kallas əlavə edib ki, Aİ indiyə qədər Gürcüstan xalqına zərər verməmək üçün vizasız rejimi ləğv etməyi düşünməyib, lakin eyni zamanda, bu məsələnin Aİ-nin etibarlılığı üçün də önəmli olduğunu bildirib. Onun sözlərinə görə, əgər bir ölkə təqdim olunan üstünlükləri layiqincə dəyərləndirmirsə və öhdəlikləri yerinə yetirmirsə, bu, nəticəsiz qalmayacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!