Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Messi üçün 8 milyon, amma xalq üçün heç nə…

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) uzun illər müxtəlif vəzifələrdə çalışmış Adnan Əhmədzadəni həbs edib. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. İddialara görə, A.Əhmədzadə dövlətə qarşı xəyanətə səbəb olacaq şəkildə hərəkət edib, hətta vətənə xəyanət dərəcəsində ittihamlar səsləndirilir. A.Əhmədzadənin həbsi barədə məlumat ictimaiyyətdə geniş rezonans doğurub. Onun fəaliyyəti, dövlət vəsaitlərinin idarə olunması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Eyni zamanda, işin detalları hələlik açıqlanmadığı üçün cəmiyyətdə bir sıra suallar yaranıb və məsələnin araşdırılması gözlənilir.
***

Bəs kimdir bu Adnan Əhmədzadə? 1978-ci il yanvarın 24-də Bakıda anadan olub. O, Dövlət İdarəçilik Akademiyasını bitirib, Western University of Azerbaijan-da magistr dərəcəsi alıb. 1998-ci ildən SOCAR-da işləməyə başlayıb, sonrakı illərdə “Azərtrans” MMC-yə rəhbərlik edib, 2006–2019-cu illərdə isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələr tutub. 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildən isə SOCAR-ın vitse-prezident müavini olub. 2023-cü ildən özəl sektorda fəaliyyət göstərir, ABDA Invest Holding-in təsisçisi və sədridir. Eyni zamanda Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir. Ailəlidir, dörd övladı var.
***

İndi isə keçək əsas məsələtə. “Yıxılanı baltalamazlar”- deyiblər. Amma vallah, bu sözdə də bir yerə qədər həqiqət var. Dövlətə xəyanət edən, millətin alın tərini talayan adamı baltalamaq azdır, beləsini edam etmək lazımdır ki, bəlkə onda digərlərinə də xəbərdarlıq olsun: kim dövlətin malına, millətin haqqına əl uzadırsa, axırı belə olacaq. Bunlar elə bir zümrədir ki, cəzasız qaldıqca daha da qudururlar. Bir-ikisi ciddi şəkildə cəzalandırılsa, bəlkə o vaxt qalanlarına da dərs olar. Yoxsa hər kəs çıxıb dövləti talamaq üçün fürsət axtaracaq.
Arvadı isə sosial şəbəkələrdə məşhurdur, öz dəbdəbəli həyatını hər zaman insanların gözünə soxurdu. İndi də onları pozub, dini ayələr paylaşıb, guya qəlbində Allah, din sevgisi var. Bir sözlə, quyruğu qapı arasında qalan kimi, əstəğfürullah, Allahsızın yadına Allah düşür. Dünən dəbdəbə ilə poz verən, lovğalananlar, var-dövlətini gözümüzə soxan bu gün birdən-birə “din pərdəsi”nə bürünür. Nə deyim vallah, görünür arvadının dəbdəbəli həyat yaşaması üçün dövləti çapıb-talamağı qarşısına məqsəd qoyubmuş. Ən təəccüblüsü odur ki, neftimizə xlorit kimi təhlükəli maddə qataraq, Azərbaycan neftinin qiymətinə ciddi zərbə vuran bu dələduz, necə olub ki, aidiyyəti qurumların nəzərindən yayınıb? Bir sözlə, buna da fərasət lazımdır haa… Həmçinin səslənən başqa bir iddialara görə isə, bu işlərin arxasında xarici bağlılıqlar dayanır. Bəlkə də, bütün bu oyunların arxasında Rusiya dayanır. Rusiyadan gələn təsir və göstərişlərlə, Azərbaycan neftini beynəlxalq bazarda sıxışdırmaq məqsədi ilə edilib. Elə bil rusun birbaşa işverənidir bu. Dövlətin içində oturub, amma başqasının maraqlarına işləyir.

Maraqlı məqamlardan biri də budur ki, A.Əhmədzadə dünya şöhrətli futbolçu Messini ölkəyə gətirmək üçün düz 8 milyon dollar xərcləmişdi. Və bu işi görən də başqası yox, məhz Əhmədzadənin özüdür. Bir futbolçuya, özü də müvəqqəti şou xatirinə, 8 milyon dollar ayıran adam, görəsən, öz qazisindən, əlilindən, döyüşdə ayağını, qolunu qoyub gələnlərdən xəbəri varmı? Axı o pulla neçə-neçə qaziyə, neçə-neçə müharibə əlilinə, şəhid ailəsinə ev alıb vermək olardı. Bu xalqın alın tərindən çıxan sərvəti futbol tamaşasına xərcləyib, amma millətin öz qəhrəmanlarının dərdini, ehtiyacını görməzdən gəlib. Onu da qeyd edək ki, Messidən əvvəl daha bir dünya şöhrətli futbolçu Ronaldiniyonu da Bakıya gətirmişdi. Təbii ki, ona da bir neç milyon dollar xərcələyib… Bütün bunlar isə, cəmiyyətin qəzəbini daha da artıran amillərdir.

***
… Bütün bunlar millətin səbrini daşırır. Qazi evsiz-eşiksiz qalıb, şəhid balası kirayədə sürünür, amma bunlar milyonları havaya sovururlar. Ay camaat, bu boyda dövlətin sərvətini biz kimə tapşırmışıq axı? Xalqın malını belə talayanlara göz yummaq olmaz!
Elşad FƏRMANOĞLU